Əbülfət MƏDƏTOĞLU - TƏNHALIQ  KİTABI

Gündəm 12:29 / 16.10.2026 Baxış sayı: 815

 

(Şeirlər)

 

 

Tənha adamın duası

 

Sən, bəndənin əlin paya -

Açdırma nolar, İlahi!

Gün qismətin saya-saya -

Çaşdırma nolar, ilahi!

 

Arayarkən ümid izin

Sürünməkdən qaldır dizin!

Qədərincə güldür üzün -

Daşdırma nolar, İlahi!

 

Sənə bəlli ülfətimin

Sözdü gücü bil, fəthimin!

İpini çək xiffətimin -

Boş durma nolar, İlahi!

 

Baxıram bu dərd qoşuna,

Gəlmir gözümün xoşuna…

Əbülfəti çox boşuna -

Coşdurma, nolar, İlahi!

 

 

Qurban gecəsinin şeiri

 

İndi

qəribə səslənə bilər...

Çünki

bunu deməmişdim,

amma

düşünmüşdüm ki,

sevdirə bilmədim sənə -

bu həyatda

nələr aiddirsə mənə…

Yəni,

nə sözümü,

nə özümü...

Hətta,

nə də

güzgüdə

bir-birini görən

gözümü!..

Bağışla,

Qurban gecəsinə -

sevmədiyin üzümü

səksəndirəndə gözünü!

 

 

Bildiriş

 

Mən hələ də ümidliyəm

Sabahına, bu gecənin...

Dinəcəyin gözləyirəm -

Yanımdan susub keçənin...

 

Dənizlərdə dalğa itir,

Daş üstündə ağac bitir...

İzidi qırılmış sətir -

Dünyadan incik köçənin...

 

Adı çinim olacaqdı,

Günü günüm olacaqdı,

Dini dinim olacaqdı,

Bil, Əbülfəti seçənin!

 

 

Görüş xatirələri...

 

(Bir Qadına...)

 

Xatırlayıb o tarixi, o anı -

Qollarım da doğum günün qeyd etdi.

Aralayıb tellərini cütlədim -

Hər biri də şeirim üçün beytdi!

 

Dualarım bəzək oldu adına

Bürünmüşdüm xoşbəxtliyin dadına…

İbadəti edirdim bir qadına,

Ürəyim də onun üçün şəhiddi!

 

Dəfələrlə xəyallardan asıldım

Həsrətinə tez təklənib basıldım.

Hiss etmədin, mən ömrünə yazıldım -

Bu gerçəyə mələklər də şahiddi!

 

 

Bayram gecəsinin şeiri

 

(Bir Qadına və Bir Dosta)

 

Ürəyimi vərəq-vərəq oxudum

Nöqtə-vergül düzümünə baxaraq.

Fikirləri buta-buta toxudum

İlmələrin arasına taxaraq.

 

Suallara özüm oldum asılqan

Cavabları tapanacan dirəşdim...

Bir yox, bəlkə milyon dəfə azından -

Yerlə, göylə qarşılaşdım, birləşdim.

 

Candan artıq can bildiyim canım da

Qapısını açmadı mən tərəfə...

Çox istədim onu görüm yanımda -

Çatammadım amma ki, bu şərəfə…

 

Hər misramı varlığından pay aldım

İzləyərək vaxtın necə keçdiyin…

Bu dualar gecəsində tək qaldım -

Allah bilir kimi, niyə seçdiyin!..

 

 

Dəyməyin

 

Üz-üzəyik şux dayanıb, tər baxır

Yer titrədən, göy əsdirən nər baxır...

Elə bil ki, ərən oğlu ər baxır -

Ümidimin tumarına dəyməyin!

 

Ürəyimə qanad olan bax bu hal

Qoymur ensin buludlardan xam xəyal.

Diqqət çəkir bu qaş, bu göz, bu məlal -

Gözlərimin xumarına dəyməyin!

 

Mən özümü ovuduram yuxuynan

Zamanımın ağlar keçən çoxuynan…

Saçlarından mənə hopan qoxuynan -

Ürəyimin qübarına dəyməyin!

 

Qəm könlümdə gecə-gündüz süvardı

Kirpikləri bəbəklərim suvardı...

Mənim sevgim kübardan da kübardı -

Kübarların kübarına dəyməyin!

 

 

Bir az yaşamağa ehtiyacım var...

 

Kədər bol, ağrı bol, qəm başdan aşır

Bu bolluq dəm verir, dəm başdan aşır.

Varım-varidatım cəm, başdan aşır -

Bir az yaşamağa ehtiyacım var…

 

Dünənim, bugünüm üst-üstə dağdı

Gül açan, bar verən baxçadı, bağdı.

Canım hərəkətdə, üzüm də ağdı -

Bir az yaşamağa ehtiyacım var!

 

Əməlim ortada, sözüm yazıda

Göstərdim ədanı, çəkdim nazı da!

Xərclədim həmişə çoxu, azı da -

Bir az yaşamağa ehtiyacım var...

 

Ürək sığmayanda sinə - qəfəsə,

Coşub dəlilərtək, gəlib həvəsə...

Bir çətir altında nəfəs-nəfəsə -

Bir az yaşamağa ehtiyacım var...

 

Yurd salıb bir gizli fərəh içimdə

Fərəhə sarılsın gərək içim də!

Mən dua edirəm fərəh üçün də -

Bir az yaşamağa ehtiyacım var...

 

 

Dilək

 

İncik düşüb ürək dildən, sirrini -

Yaxına da, uzağa da ötürüb...

Tanıdıbdı hər bir kəsə Pirini -

Bu sevginin günahını götürüb...

 

Sözü olub hər dodağın, hər dilin

Gələ bilmir neçə gündü özünə...

Unudubdu görəcəyi tədbirin -

Görünmür o, sevdiyinin gözünə.

 

Əli qalıb yaxasında buludun -

İstəyir ki, silkələyə boşala...

Ürək üzmür Yaradandan umudun -

Allah, onun zərini sən qoşala!

 

 

Qarışıq fikirlər

 

Mən özümü ha gəzirəm, tapılmır

Düşünürəm, bəlkə sənlə qalıbdı...

Ələdiyim, yoğurduğum yapılmır -

Bu təndiri, kim bu günə salıbdı?

 

Min cür fikir bir borcumu bağlamır

Hönkürtümü kim eşidir, ağlamır...

Ağrı məni qoynunda tər saxlamır -

Hay-hayımı, bəh-bəhimi alıbdı.

 

Zaman deşib qəm qaynadan tavamı

Kimlə edim indi durub davamı?!.

Həmin barmaq o mizrabla havamı -

Bildiyitək sarı simdə çalıbdı…

 

Tapdığım və itirdiyim bu ömür

Yana-yana həm şam olub, həm kömür!

Ay Əbülfət, bircə ada dil dönür -

O da susur... xəyallara dalıbdı!

 

 

Xəyalla söhbət

 

Diqqətimi toplamışam bir yerə

Gözləyirəm, açılacaq sabahı...

Pir demişəm, sən durduğun pir yerə -

Varmı bunun cəza üçün günahı?!.

 

Eyni səmtə xəyalımın axını -

Üz tutmaqla, qoymur solsun ümidim...

Sən, ay mənim ürəyimin yaxını,

Şəkil göndər, ürəyimi kiridim!

 

Vərdiş olub öz-özümlə danışmaq

Vaxt da ötür, gün də çıxır əlimdən...

Sayma bunu işlərinə qarışmaq -

Asma məni "gülüm" deyən dilimdən!

 

Görüş yerin seçib, elə de ki, sən

Bu şəhərin adamları duymasın!

Gözlərimlə gözlərindən öpüm mən -

Ürəyimsə sevinməkdən doymasın...

 

 

Dəniz sevgisi

 

Bir ayağı sahildədi dənizin

Su yoluna çeviribdi ləpələr...

Gediş-gəliş soldurur hey bənizin -

Əridikcə səssiz dalğa təpələr.

 

Ütülənir üzündəki qırışlar

Tez-tələsik hər görüşdən dönəndə...

Bu talehlə zaman-zaman barışar -

Həmişəlik - bu gün, sabah, dünən də.

 

Gizli deyil kükrəməsi, coşması -

Bu, həsrətə bəlkə açıq üsyandı?

Dalğaları qayalara çırpması -

Sevgi üçün canına susayandı...

 

Mən biləni sahildədi ürəyi,

Ona görə küsə bilmir bu dəniz...

Qovuşmaqdı bütün arzu-diləyi -

Duaçıdı, susa bilmir bu dəniz...

 

 

Qalır

 

Hər kəsə üz tutmaq olmur,

Üzün bəzən yerdə qalır...

Bütöv görüb-tanıdığın -

Xırdalanıb, girdə qalır...

 

İçimdə dipdiri tək səs

Umur göydən, yerdən dəstək!

Bütün maraq, bütün istək -

Çözülməyən sirrdə qalır...

 

Yaddaşımı qəm daşlayır

Kirpiyimi nəm yaşlayır...

Bax, hər şey birdən başlayır -

Hər şey də ki, bir də qalır!

 

Barışmırsa dolu boşla

İşlər getmir xoşhaxoşla...

Əbülfət, tay yazıb qoşma -

Gözdə tüktək, tir də qalır!

 

 

Bu ömür ağacı

 

Hər gün artır düyünləri, zədəsi

Basqıları, göz dağları, hədəsi...

Yaxınlaşır qırılmağın vədəsi -

Bu ömür ağacının...

 

Gah yağışlar, gah da onu sel əyir

Gah küləklər, gah da onu yel əyir...

Gah baltalar, gah da onu əl əyir -

Bu ömür ağacını...

 

Çiçəkləmək istəyiylə kükrəyir

Tumurcuqda nəzər dəyir, büdrəyir...

Bəzən aşkar, bəzən içdə titrəyir -

Bu ömür ağacı...

 

Zaman özü suyun, odun azaldır

Həm havasın, həm də yodun azaldır...

Qarışdırır... yaşam "xodun" azaldır -

Bu ömür ağacının!

 

 

Bir cığır

 

Bilirsən ki, məndən sənə bir cığır -

İz aparır, iz gətirir üstümə...

Bu çığıra iki ürək bir çıxır -

Ağır-ağır, inamlı, həm şəst ilə...

 

Gecəsinin, gündüzünün fərqi yox

Gözübağlı gedib-gəlir çox vaxtı...

Bu cığıra iz salandan ürəyim -

İndi daha güvənlidi, toxtaqdı...

 

Aradabir kölgə salan duman, çən

O cığırda ot göyərtmək istəyir...

Unutmağı bacarmırıq sənlə mən -

Kimsə buna nahaq ümid bəsləyir...

 

İki qəlbin bir cığırda tamlanan

Çırpıntısı Sevgi adlı ruhudu...

Kim nə desə heç zaman inanmaram -

Bu məhəbbət yozulmayan yuxudu…

 

 

Bağda sübh çağı

 

Bir-birini səsləriylə oyadır

Bağımızın alabəzək quşları...

Elə bil ki, ənənədir, qaydadır -

Ya da budur ən önəmli işləri.

 

Hər səs özü bir nəğmədi, mahnıdı -

Diqqət çəkir, qəlb oxşayır anında...

Hiss edirsən neçə fərqli dünya var -

Bu quşların yumruq boyda canında!..

 

Bu nəğmələr İlahidən gəlmədi

Gah xatirə, gah da ümid ələyir…

Biləmmirəm bu səslərdə sirr nədir -

Bağ-baxçanı xəyallara bələyir!

 

Dan yerinin musiqili çələngi

Ağacların budağından yayılır.

Ruh oxşayır təbiətin bu rəngi -

Bağım isə canlı efir sayılır…

 

 

Bir gözləyən var

 

Külək əsmir, çən də yoxdur, amma ki,

Bir təklik var, tənhalıq var, xiffət var...

Gerçəkliyi hamı bilir, danma ki,

Bu dünyada hər biçimdə sifət var!

 

Yol tikanlı, vaxt dar macal, kirpik nəm

Sevinc küskün, mütləq hakim olan qəm…

Biz heç nəyi etməsək də hələ cəm -

Bəri başdan umduğumuz ülfət var!

 

Şərt olmayıb dərdin azı-çoxu da,

İnciməyib çəkdirənin ruhu da!

Yadına sal - heç olmasa yuxuda -

Yolunu gözləyən bir Əbülfət var!

 

 

Sənin dalınca

 

Özünü sıxıb getdi

Nəyi var, yığıb getdi...

İnciktək çıxıb getdi -

Ürək, sənin dalınca...

 

Özüylədi öz əli

Dünyanın ən gözəli...

Gedir, olub məzəli -

Ürək, sənin dalınca.

 

İçində işıq gülür

Bunu son ümid bilir!

Gözləməsən də, gəlir -

Ürək sənin dalınca!

 

 

Yazmayanda

 

Bu gün heç nə yazmıram

Baxmıram qələm, kağıza...

Onlar da bu susqunluğu -

Salmasın dilə-ağıza!

 

Demə ki, sözüm qurtarıb,

Demə, söz heyif olmasın!

Məni söz çəkib aparıb -

Deməyim eyib olmasın...

 

Çıxıb getmişəm özümdən

Qayıtmaq həvəsim susur.

Nə vaxt ki, düşdüm gözümdən -

Onda söz də məndən küsür...

 

 

Ahıllıq

(Aldığım bir işarəyə minnətdarlıqla)

 

Çox özünü yandırırsan, yaxırsan

Bu dünyaya vurğunluqla baxırsan...

Yaşlaşmısan, hətta bir az ahılsan -

Mükafatmı, xəcalətmi ahıllıq?

 

Bu günlərim o günlərin tərsimi

Pis bilmədim ömür boyu dərsimi!

Mizrabında ürəyimin hər simi -

Səslənirsə, səadətdi ahıllıq...

 

Sevgi ilə süslənəndə dağ-daş da

Gülür üzə görən kimi göz-qaş da.

Bir ürək ki, sevə bilir bu yaşda -

Ona demə, xəcalətdi ahıllıq!

 

Sınaqlardan çıxıb gələn inadım,

Bir Allaha, bir sənədi xitabım!

Cilidlənən "Xatirələr" kitabım,

Yazanı da Əbülfətdi, ahıllıq!..

 

 

Özümdən küsəndə

 

Danışdırma, onsuz da

Mən susacam - küsmüşəm...

Ay ümid, ətəyindən -

Tay əlimi kəsmişəm!

 

Dincliyimi əridib,

Yuxumu üyütmüşəm...

Mən səbrimi kiridib -

Tək səni böyütmüşəm.

 

Ötən hər günün, ayın

Anlarını ələdim...

Sevgimi qorumaqçün -

Ürəyimlə bələdim!..

 

...Nə sevgim diqqət çəkdi,

Nə də güzgü-darağım...

Yalnız üç nöqtələrlə

Qaralandı varağım...

 

 

Zəng etmədi

 

Mən arayıb tapanacan düz sözü

Bir fikirə özül etdim yüz sözü.

Vədə verdi baxışıyla qız özü -

Amma ki, zəng etmədi...

 

Nə saydısa, nə bildisə sirr qaldı,

Yaddaşından nə sildisə, sirr qaldı.

Məndə isə ürək boyda fır qaldı -

Amma ki, zəng etmədi...

 

Nə çəkdiyim tək Allahın bildiyi...

Yara yeri - lək, Allahın bildiyi!

Gözlədiyim zəng Allahın bildiyi

Amma ki, zəng etmədi…

 

 

Mənim öz dünyamdı

 

Yenə öz dünyamda, öz aləmimdə

Yumaq fikirləri tirmələyirəm...

Gözümün önündən keçən günlərin -

Uzun ətəyini çirmələyirəm...

 

Əlimdə bir saçın isti tumarı,

Qolumda qolunun izi dincəlir...

Duyub düşündükcə bütün bunları -

Aşkarca ruhum da bir az incəlir...

 

Üzümə hopduqca səsin işığı

Qəlbin döyüntüsü aşdı sərhəddi.

Mənə elə gəlir həmin məqamda -

Durduğum nöqtədə yeri tərpətdi.

 

Mənim öz dünyamdı könül ortağım

Mənim aləmim də həmin Bir Qadın!

Açın qapısını ürək otağın -

Siz də özünüzə aləm yaradın!..

 

 

Saxlamır

 

Deyəsən səbrimin dişi kütləşib,

Nə qədər sıxıram, sözü saxlamır!

Bu ara elə bil külü bütləşib -

Bu ocaq qaralır, közü saxlamır.                 

 

Dolaşan hisslərim etdikcə taran

Dağlarım olubdu dumansız aran.

Gözüm üstündədi! - söyləyən hər an,

Nədənsə üstümdə gözü saxlamır!

 

Gəl məni bu qədər gərəksiz sayma,

Çəkdiyim acını hər kəsə yayma!

Mən ki yalvarışla açmışam, amma -

Əlimi ətəkdə özü saxlamır!

 

Varım ortadadı, yoxumsa "n"cə

Heç vədə ürəyi qoymadım dincə.

Elə sevgidəndi, Əbülfət məncə -

Dilinin altında "döz" ü saxlamır!

 

 

Qarşına çıxdım ki...

 

Qarşılaşdıq, gözləmirdin deyəsən

Şimşək çaxdı, yoxsa o an ildırım?

Bilirsənsə, bəlkə yolun deyəsən -

Necə edim, gözlərini güldürüm?

 

Gətirirəm xəyalıma ağ günü

Qan coşduran, təravətli sağ günü!

Qoy eləyib bir-birinə tağ, günü -

Kirpiyindən mən o nəmi sildirim!

 

Öz-özümü toparlayıb yığmışam

Həyəcandan ürəyimi sıxmışam...

Mən qarşına ona görə çıxmışam -

Açıb, sənə sevdiyimi bildirim!

 

 

İndiki ovqatın şeiri

 

Elə bil ki, qopub düşüb budaqdan -

Təslim edib özünü ta küləyə...

Heyi də yox tərpənməyə yataqdan,

Sözü də yox söyləməyə ürəyə...

 

Heç istəmir zaman ötə, gün keçə,

Axarıyla gəlib olur gün, gecə...

Ev də gecə, yol da gecə, tin gecə -

Susub baxır o fırlanan kürəyə.

 

Düşünür ki, əvvəli o, axır o

İynəsini yaxasına taxır o…

Göz ucuyla, etinasız baxır o -

Dar ağacı adlanan bu dirəyə…

 

Ya yazılmış, ya da olsun ağ varaq -

Oyatmır ki, artıq məndə heç maraq!..

Ay Əbülfət, söz də olsa bir yaraq -

Bəllidi, lap sonda düşən hərəyə...

 

 

Utanıram

 

Bəzən adam darıxmaqdan yorulur,

Bezir hətta uydurduğu nağıldan...

Yerə baxır... göyə baxır... inciyir,

Küsür vallah, özündəki ağıldan...

 

Nə yatmağa həvəs olur, könlündə

Nə də gəzmək istəyinə bir maraq...

Gün, elə bil həmin o an ömründə -

Heç nə ilə yazılmayan bir varaq...

 

Xəyalları sapa düzmək vərdişi

Həvəssizlik ucbatından budanır.

Dəyişibdi zəmanənin gərdişi -

Allah, adam darıxmaqdan utanır!

 

 

Unutdun

 

Ay ürəyim, sən özündən çıxanda -

Gedəcəyin yeridəmi unutdun?!

Ayrılığın əllərini sıxanda -

Gələcəyi geridəmi unutdun?

 

Ümidimdi dodağından asdığım

Dərddi, kökün kənkan kimi qazdığım.

Sənin üçün birnəfəsə yazdığım -

O "Etiraf" şeirindəmi unutdun?

 

İkimizi birləşdirib bir edən,

And yerimiz, ocağımız, Pir edən,

Ağlayanda hıçqırtıyla kiridən -

Sevgi adlı sehridəmi unutdun?!

 

Biz hər yerdə dəyər verib qisməti

Uca tutub, şərəf bildik isməti!

Əbülfətdə olan bircə müsbəti -

Halal-hümmət mehridəmi unutdun?

 

 

Özümə qadağa

 

Mən səndən küsməyi qadağan etdim

Bütün varlığıma, hətta ruhuma...

Dedim yatmayacam, hansı gecəni -

İşdi gəlməyərsə o qız yuxuma!

 

Dözüb dayanacam səhərə qədər

Asılıb qalacam Aydan, ulduzdan...

Nə qədər küləkli olsa da şəhər -

Məni ayrı sala bilməz o qızdan!

 

Bəlkə bu, ömrümün ən sərt qərarı,

Bəlkə də ən həzin istək olacaq...

Allah bildiyindən bütün bu halı -

Bəlkə də o mənə dəstək olacaq!

 

Səndən küsmək hissin sildim qəlbimdən

Yerində "Gülən qız" şəklini çəkdim!

Ürəyi çıxartdım mən qəlibindən -

Yəqin ki, xoşuna gələr bu əhdim...

 

 

Allah

 

Çəkdirdiyin bəsdi mənə,

Bol əlinə qurban olum!

Nə doğradın, kəsdi mənə -

Bal, əlinə qurban olum!

 

Güldürürsən, gülürsənsə,

Hər hayıma gəlirsənsə,

Nəyi artıq bilirsənsə,

Al, əlinə qurban olum!

 

Yaranışdan şəriksizsən

Yaradırsan şəriksiz, sən!

Uzaq tutan şəriklikdən -

Qal, əlinə qurban olum!

 

 

O qız indi nə iş görür, ilahi?

 

Mən oturub düşünürəm, görəsən -

O qız indi nə iş görür, ilahi!

Bəlkə Sən də bir az fikir verəsən -

O qız indi nə iş görür, ilahi?!.

 

Vərəq gəzir, yoxsa qələm - yazmağa,

Yer axtarır yuxusunu yozmağa...

Səbəb çoxdu əhvalını pozmağa -

O qız indi nə iş görür, İlahi?!.

 

Şəkilləri bəlkə cırıb yandırır,

Ya hansısa hədiyyəni sındırır,

Yoxsa özün nəyəsə inandırır,

O qız indi nə iş görür, İlahi?!.

 

Otağında güzgülənir bəlkə o,

Yatağında mürgüləyir bəlkə o,

Küsdüyünü görk eləyir bəlkə o,

O qız indi nə iş görür, İlahi?!.

 

Xatirələr səssiz tutub söhbətə...

Aramızda Sənlə olan hörmətə -

Xatir, söylə doğrusun Əbülfətə -

O qız indi nə iş görür, İlahi?!

 

 

Sənlə birgə biz qocaltdıq illəri

 

Sığalladıq saçın, telin həsrətin

Bir üzü qız, biri gəlin həsrətin.

Buraxmadıq bir an əlin həsrətin -

Sənlə birgə biz qocaltdıq illəri...

 

Çəkilən ah yerdən göyə körpüdü,

Bu görünən kölgəsidi, görküdü...

Ürəyimə hava çatmır - bürküdü -

Sənlə birgə biz qocaltdıq illəri...

 

Dağ dumandan çiynimizə şal saldı,

Kəhərimiz hamar yolda nal saldı...

Təklik bizim qəlbimizə xal saldı -

Sənlə birgə biz qocaltdıq illəri...

 

Baxa-baxa susub qaldı gün, günə

Qoymadıq ki, qulluq etsin bir dinə!

Daşıyaraq çox döngəyə, çox tinə -

Sənlə birgə biz qocaltdıq illəri...

 

Bizə belə tale seçib, bəxt seçib

Öz-özünü qınamaqdan ta, keçib!

Ya arxada boynun büküb, ya keçib,

Sənlə birgə biz qocaltdıq illəri...

Sevgimizlə biz ucaltdıq, illəri!..

 

 

Bircə sən

 

Tilsimlidi ürəyimin qapısı,

"Sim-sim"ini bilən isə, bircə sən!

Bir yanadı gözəllərin hamısı -

Mənim üçün yaranışdan bircəsən!

 

Gözüm gözə, görən kimi bənd olub,

Adın, sözün damağımda qənd olub!

Sənin yerin nə şəhər, nə kənd olub -

Ürəyimdi, varsan orda bircə sən!

 

Sənsizliyim yoxdu, olsa anım il

"Sənsizliyi" yaddaşından tamam sil!

Əyil bir az, qulağına deyim, bil -

Sən məhəbbət ilahəsi - bircəsən!

 

Bu gecəmin şahididi ulduz, Ay

Gizlətmirəm mən sirrimi, açdım tay!

Sən Tanrıdan Əbülfətə düşən pay -

Ona görə bir dənəsən - bircəsən!

 

 

Düşünmürdüm

 

Düşünmürdüm həyatın -

Sərt üzləri olacaq...

Gecələrdə əriyən -

Gündüzləri olacaq...

 

Qızaracaq ömrümün -

Yanaqları kürədə.

Üyünəcək illərim -

Vaxt adlı kirkirədə.

 

İstəklərim gah daşa,

Gah da başa dəyəcək...

Qəddimi bar gətirən -

Budaqlarım əyəcək...

 

Düşünmürdüm, nə vaxtsa

Özümdən də küsəcəm...

Əlimi yox, taleyin -

Ətəyini kəsəcəm!

 

 

Mənim üzümə

 

Ay göründü, çevrəsində ulduzlar

Gülümsədi, gecə mənim üzümə.

Ürəyimdə bir ad, bir də bir qız var -

Ay gülməsin necə mənim üzümə?!.

 

Hisslər indi sudan duru, ilahi

Göz od dolu, kirpik quru, İlahi!

O üzdəki sevinc nuru, İlahi -

Kaş bir anlıq köçə mənim üzümə!

 

Naxışlayıb hər anıma kədəri,

Sən yazmısan mən yaşayan qədəri...

Olmayacaq Əbülfətdən betəri -

Olsa tutar keçə, mənim üzümə!

 

 

Ana

24.04.2024

 

Rəqəmlərin düzümü

Güldürmədi üzümü...

Yetim gördüm özümü -

Bu tarixdə!..

 

 

***

Mən ağrıyan ürəyimi bükməyə,

Bəbəyimin ağırlığın tökməyə...

Əynimdəki təkliyimi sökməyə -

Özünü gəzirəm, ana...

 

Saymaq üçün saçlarının ağını,

Ovutmaqçün ürəyinin dağını...

Bizim üçün əritdiyin çağını -

Gözünü gəzirəm, ana!

 

Bilirəm ki, qəribsəyib qucağın,

Böyüsə də bığ-saqqallı uşağın...

Evimizdə sən yandıran ocağın -

Közünü gəzirəm, ana...

 

İki ildə mən də yüz il qocaldım,

Amma sənsiz yaşamağı bacardım…

Yenə qayıdıbdı köhnə başağrım -

Dizini gəzirəm, ana!

 

Qaçqın taleyinin acısın içən -

Olmadı rahat bir gündüzün, gecən!

Baxıram hər yerə, ağlımdan keçən -

İzini gəzirəm, ana!

 

Solğun şəkilinə, nimdaş örpəyə -

Ümidli qalmışam indi gör nəyə!..

Oğul ürəyiylə səni öpməyə -

Üzünü gəzirəm, ana!

 

Sığınmağa, həminki o ülfəti,

Boğmaq üçün ruhumdakı xiffəti,

Kiritməkçün ağlayan Əbülfəti -

Sözünü gəzirəm, ana!

 

 

Vaxtıdı

 

Səs eləmə, qoy dincəlsin, gecənin -

Ulduz sayan, Ay görünən vaxtıdı...

Dildən gizlin, ürəyindən keçənin -

Etirafa tam bürünən vaxtıdı...

 

Ortalığa yaylıq sərib bir sükut

Ova çıxıb elə bil ki, şir sükut!

Biz susduqca dönüb olur sirr, sükut

İndi ona söz verilən vaxtıdı!

 

İçimdə eşq şirə salıb - ballanıb

Ruhum ancaq xəyallarla aldanıb...

Həsrətimin budaqları sallanıb -

Əbülfət, ta bar dərilən vaxtıdı!

 

 

Rahat oluram

 

Həmişə belə susqunam,

Özümlə rahat oluram...

İmkan vermir ki, udqunam -

Gözümlə rahat oluram...

 

Nə vaxt ki, havam korranır,

Gözlərim sanki torranır...

Ocağım səssiz qorranır -

Közümlə rahat oluram...

 

Duz yükü deyil ki, şələm,

Yaşamağa dəyər hələ!

Sirr vermir kağıza qələm -

Dözümlə rahat oluram…

 

Fərəh səpir sanki, bu dan

Ruhdu məni kövrək tutan!

Ay könlümə ümid fidan -

Sözünlə rahat oluram!

 

 

İkimizin dünyası

 

Xatırlatmaq istəmirəm heç nəyi -

Yaddaş kartı məndə də var, səndə də...

Biz ki, indi başlamadıq sevməyi -

O başlanğıc səndə də var, məndə də...

 

Qarşılaşan baxışların şimşəyi…

Həmin anda hiss elədi kim, nəyi?!.

Biz unutduq danışmağı, dinməyi -

Sükut qılınc səndə də var, məndə də...

 

Atılanda ürəklərin tilovu

Əldən çıxdı duyğuların cilovu...

İçimizi qarsıdı eşq alovu -

Yanıq yeri məndə də var, səndə də!..

 

Əllərimiz bir-biriylə tutuşdu

Göz sevgisi ürək üçün uduşdu!

İki qəlbə bir çınqıdan od düşdü -

Bax o közdən səndə də var, məndə də...

 

Boy sırası diqqət çəkən illərin

Dərəmmədik sevdiyimiz güllərin...

Arxamızca pıçıldaşan dillərin -

Yarasından məndə də var, səndə də!

 

 

Özümə irad şeiri

 

Bacarmadım mən gülməyi hamıtək

Təbəssümlə yola verdim gülməyi…

Cücərəndə ürəyimdə bir istək -

Yasaq oldu onu dilin bilməyi!

 

Mən aşsam da gecə-gündüz dağ, dərə

Nə etdimsə, onu etdim bir kərə!..

Güvənmədim nə taleyə, nə zərə -

Təbiidi verdiyinin gəlməyi!

 

Əbülfət sus, amanın da gələcək

Saman kimi zamanın da gələcək!

Bil ki, vaxtın tamamında gələcək -

Hay-küy edib gözdən salma ölməyi!

 

 

Qaranquş

 

("Bağ-baxça" şeirlərimdən)

 

Dinlədiyim səslərin -

İçində səsin təkdi...

O səs mənim ruhuma

İlıq bir sığal çəkdi -

Qaranquş!

 

Budaqlar arasından

Süzülüb gələn səda...

Görməmişəm sevgidə -

Nə belə naz, nə əda -

Qaranquş!

 

Dinlədikcə duyuram

Candan qopur bu nida...

Fikrə noqtə qoyuram -

Səs “xoş gəldin!”, səs vida… -

Qaranquş!

 

Bu, bir payız nəğməsi,

Bu, bir bahar sovqatı...

Səsin mənə yaşatdı -

Bax, belə bir ovqatı -

Qaranquş!..

 

 

Yəqin ki…

 

Yorğun gözlərimin dibində sel var

Səssiz uçuracaq bəndi-bərəni...

Mənim yaddaşımda bir "Sarıtel" var -

Sonda olacaqdır "Yanıq Kərəmi"…

 

Sirli sayılsa da simlərin dili

Ruhum mizrab ilə əlbir olubdu...

Artdıqca həsrətin can üzən zili -

Ürəyim kədərə xəlbir olubdu…

 

Duyulur bükülən qəddim, qamətim

Buna üzülən də, sevinən də var...

Qüssə göz yaşımdı, fərəh səadətim -

Yəqin ki, onlar da bir gün anlaşar…

 

 

Xəzər sədaqəti

 

Gülümsəyir dan yeriylə bərabər,

Elə bil ki, heç yatmayıb bu Xəzər...

Sahilinə gələnlərə qol açıb -

Gülə-gülə qarşılayır bu səhər.

 

Ləpələrin pıçıltısı bir muğam,

Qağayılar qatır bir az hərarət...

Qəlb oxşayır, ruh ovudur, İlahi -

Xəzərdəki bu möcüzə məharət!

 

Gözlərimi mən sərirəm üstünə

Xəyalımı suya çəkir həvəslə.

Tuş gəlirəm bir xatirə dəstinə -

Bu sahildə aldığım hər nəfəslə...


Mən dənizə oxuduğum duanı

Sevdiyimə məktub kimi yazmışdım.

Yadımdadı, unutmuram o anı -

Suyuna da and içib, əl basmışdım.

 

Bu gün yenə dua etdim, səsimin -

Titrəyişi ləpələri kövrəltdi...

Danmıram ki, Xəzər-Bakı sevgisi -

Mənə eşqə sədaqəti öyrətdi!

 

 

Mənim yuxularım

 

Bir fikir atının cilovu boşdu

Çapıram, qovuram... hələ ki, xoşdu...

Bilmirəm heç hardan yadıma düşdü -

Mənim yuxularım niyə yozulmur?..

 

Hərdən yol ölçürəm, daş daşıyıram

Quru doğrayıram, yaş daşıyıram...

Sənə qəlb, özümə baş daşıyıram -

Mənim yuxularım niyə yozulmur?

 

Üstümə it hürür, ilan da çalır

Pul kisəm kiminsə cibində qalır...

Prezident adımı fərmana salır -

Mənim yuxularım niyə yozulmur?..

 

Ocaq qalayıram, divar hörürəm

Hansısa səfərdən geri dönürəm...

Yuxuda özümü ölmüş görürəm -

Mənim yuxularım niyə yozulmur?..

 

Tuturam əlindən - ruhtək gəzirəm

Suyu dizdən olan çayda üzürəm...

Sinəmin üstünə şəkil düzürəm -

Mənim yuxularım niyə yozulmur?..

 

Hər səhər belədir bitmir ki, bu hal

Sual təkrarlanır, bitmir ki, sual...

Oturub qalıram mat-məəttəl, lal -

Mənim yuxularım niyə yozulmur?..

 

Kişniş ləklərimdə kahı görürəm,

Sevinc dolabımda ahı görürəm…

Hər gecə yuxumda şahı görürəm -

Mənim yuxularım niyə yozulmur?..

 

 

Xoşbəxtliyimi

 

Günəş gözümdəydi, Ay ürəyimdə,

Tanrımın verdiyi pay ürəyimdə!

Bahar təravətli yay ürəyimdə -

Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

 

Bağım barlı idi, baxçam da güllü,

Nəğməli, şeirli boxçam da güllü...

Günlər çinləmişdim taxçamda - güllü -

Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

 

Yüyənsiz buraxdım zaman atını,

Səssiz dərinləşən fikir çatını...

Oxuya bilmədim tam həyatını -

Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

 

Hər dəfə axırı irəli çəkdim,

Bir əli yandırdım, bir əli çəkdim...

Axı mən əlimi şirəli çəkdim -

Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

 

Külüm sovrulubdu, közüm tapılmır,

Deməyə bir kəlmə sözüm tapılmır...

Vallah, ha çözürəm, çözüm tapılmır -

Mən necə qaçırtdım xoşbəxtliyimi?!

 

 

Bu ömrün nağılın danış

 

Başımı qoymuşam dizinin üstə

Bu an dizlərindi ən yumşaq balış...

Bir az yorulmuşam, bir az da xəstə -

Sən mənə bu ömrün nağılın danış!

 

Dönüm həmin günə, həmin zamana

Çevrəmdə nə varsa hamısı tanış...

Gözlərim bir anda gəlsin imana -

Sən mənə bu ömrün nağılın danış!

 

Çözülsün düyünü fikrin, xəyalın

Yenə gülümsəsin həmin o baxış!..

Verim cavabını hər cür sualın -

Sən mənə bu ömrün nağılın danış!

 

Düşüb səkilərə qoşa izimiz -

Hər nə olubdusa anmağa çalış!

Nələrdən keçmədik axı, gülüm, biz -

Sən mənə bu ömrün nağılın danış!

 

Fərəhli anlarım fidandı, tək-tək -

Onu süsləməyə tay sən də alış!

Dizinin üstündə dincəlir ürək -

Ona sevgimizin nağılın danış!

 

 

Bu gecə...

 

Əlim əlinə çatıbdı,

Bilmirəm, olub bu, necə?!.

Şəklin gözümdə yatıbdı -

Özün, sinəmdə bu gecə.

 

Allahın hikməti dərin,

Yazanı var xeyir-şərin...

Fırladıb illərin pərin -

Közün sinəmdə bu gecə...

 

Əbülfət başdan belədi -

O, ancaq sevgi dilədi!

Cənnətin ətrin çilədi -

Üzün, sinəmdə bu gecə…

 

 

Bilmirəm

 

Mən dərdi bütöv çəkirəm,

İkiyə bölə bilmirəm...

Dözümə bülöv çəkirəm -

Hay-küylə ölə bilmirəm.

 

Əynimdə sadə bir geyim,

Bahalıdı necə deyim?

Ümid verdinmi ki, yeyim -

Dadını hələ bilmirəm...

 

Gözümdən hər gün göz dərdin,

Dilimdən təzə söz dərdin...

Ünvan, nə də yol göstərdin -

Onunçün gələ bilmirəm...

 

Fərəh aşılayan çiçək,

Fidan boyuna nur biçək!

Sevgini Zəmzəmtək içək -

Olarmı, bilə bilmirəm?

 

 

Gəl...

 

(Bir Qadına)

 

Ürəyimi alov kimi yel ovdu

Bəbəyimi damcı-damcı sel ovdu...

Yanaqlarım göz yaşıma selovdu -

Gözlərimi gəl, bu seldən al mənim!

Gəl, bir anlıq gəl yanımda qal mənim!

 

Rəngi olsun mavi, qara, tünd, ya göy

Üz-üzədi, bilirsən ki, yerlə göy!

Gəlməyəndə, sən qapımı zənglə döy -

Qoy xəyalım olsun bir an bal, mənim...

Gəl, bir anlıq gəl yanımda qal mənim!

 

Puçurlayan ümidimin fidanı

Yaddaşıma möhürlədin nidanı!

Sən ruhuma sevgi adlı qidanı -

Dadızdıran, ürəyimlə qal mənim,

Gözlərimi gəl, bu seldən al mənim!

 

 

Şəklin çəkdirək

 

Qoyma getsin bu günləri boşa, tut,

Bağımızda boy-boyadı qoşa tut!

Sən gözünü gözlərimlə qoşa tut -

Biz onların birgə şəklin çəkdirək!

 

Dərələrə haray salan sel düşsün

Yadımıza nə oba, nə el düşsün!

Qoy çiynimə saçından bir tel düşsün -

Biz onların birgə şəklin çəkdirək!

 

Qoşalaşan xəyallarda dodaq bal,

Sirr verməkdən uzaq duran dilsə lal...

Bir şəhəri qarışdırar bu cür hal -

Gəl, bu halın birgə şəklin çəkdirək!

 

Səs etsə də arxada boş çanaqlar,

Əhvalımı pozan deyil qınaqlar...

Bir-birinə sığınanda yanaqlar -

Biz onların birgə şəklin çəkdirək!..

 

 

Gözlərinin şəkli

 

Bir gözəlin baxışından alışıb,

Səhərəcən ulduz saydım, yatmadım…

Adın deyib, öz-özümə danışıb -

Xəyal qurdum, istəyimə çatmadım...

 

Heç bilmədim necə aldı ağlımı,

Biləndə də istəməyə utandım.

Qarışdırdı əvvəlimlə axrımı -

Bircə anda açıq-aşkar budandım...

 

Tutdu məni saçlarının selbəsi

Gah üzümü, gah boynumu daladı...

Bəs elədi mənə bircə kəlməsi -

Dodaqlarım saçlarını qaladı!

 

Günəş idi bu baxışlar, ömrümdə

Görməmişdim yuxuda da mən hətta...

Bir şəklini göstər, onu görüm də -

Xoşbəxt olum baxışından həyatda!

 

 

Gözlərim...

 

(Bir Qadına...)

 

Mənim gözlərimin xoşbəxt günüdü -

Görüb gözlərini, güldü gözlərim...

Bir anda dibinin buzu əridi -

Gördü önündəki güldü, gözlərim!

 

Dağıldı buludlar, çəkildi çən də

Bir gənclik sevgisi kükrədi məndə!

Günəşin özünü görəndə səndə -

Kirpiklər bir-birin sildi, gözlərim!

 

Bu sevgi Allahdan elə bir pay ki…

Onu Leyli kimi aləmə yay ki,

Gözümə baxaraq telini say ki,

Deyən olmasın ki, lildi gözlərim...

 

Hər gün həsrət çəkib, hər an sıxılan

Araza boylanıb, Kürə sığınan...

Hətta ruhuna da yollar tıxanan -

Əbülfət, demədi Nildi gözlərim!

 

 

Ürəyim

 

Çox ağrıya, çox acıya öyrətdim,

Yerli-yersiz, haqlı-haqsız göynətdim...

Aradabir səni gendən seyr etdim -

Gülə-gülə, üzüyola ürəyim!

 

Eşitmədim hər istəyin, hər hayın

Gözlərində dəfn elədim harayın...

İşğal etdim bu qayğılar sarayın -

Bilə-bilə, üzüyola ürəyim!..

 

Bu həyatın çox kitabın oxudum

Həm var, həm də yox kitabın oxudum...

Sonda gözü tox, kitabın oxudum -

Gələ-gələ üzü yola, ürəyim!

 

Bir etiraf anı vardı dinimdə

O da mənim, mən də onun günündə...

Diz çökübdü indi ruhum önündə -

Ölə-ölə, üzüyola ürəyim...

Gülə-gülə, üzü yola ürəyim!

 

 

Gecikdim...

 

(Etiraf şeirlərimdən)

 

Mən gecikdim -

həmişəki kimi...

Sən gözlədin -

həmişəki kimi...

Mən

gecikməyimdən utandım,

sən

gözlədiyini üzümə də vurmadın -

həmişəki kimi!

Doğrusu

nə qədər cəhd edirəm,

gecikməyə bilmirəm...

Sanki, elə

belə də olmalıdı -

sən gözləməlisən,

mən də gecikməliyəm…

Yox, bu qədər də olmaz -

sən düzünü,

gərəyini etməlisən!..

Mən də özümü

bir daha

sınaqdan keçirməliyəm…

Danışdıq -

sabah görüşək

həminki yerdə,

həminki saatda...

Heç olmasa bir də

nə sən gözlə,

nə də mən gecikim!

Uğurlu olsun

bu seçim!

Amma...

şübhəm var özümə -

qorxuram ki, bu turdan da

keçməyək!

Yaxşısı budur ki,

gəl, məni

olduğum yerdən götür -

görüşə gecikməyək…

 

 

Səni qısqandım

 

Gözüm dirənib bir heçə

Bərabərdi, ya heç-heçə!

Xəbərin olsun, bu gecə -

Səni qısqandım!..

 

Ay səni görəndə çıxdı,

Ulduz da utanıb axdı...

Bütün gözlər sənə baxdı -

Səni qısqandım!..

 

Mən için-için aşındım,

Neçə fikirdən daşındım...

Quru doğranan yaşındım -

Səni qısqandım!

 

Danışmadım, sanki laldım

Öz əlimlə yola saldım.

Elə baxa-baxa qaldım…

Səni qısqandım!

 

Gecənin zəhmi ağırdı

Üstümə sual yağırdı.

Yaxınlar səni çağırdı -

Səni qısqandım!..

 

Sən Allah, gülmə sözümə,

Doymadan baxan gözümə...

Hətta, mən özüm özümə -

Səni qısqanıram!

 

 

Keçdiyim yol

 

Anlaşaraq bərəsiylə, bəndiylə

Mən bu yolu xəyalımda çox keçdim...

Yararlanıb zəmanənin fəndiylə -

Bir qarın ac, bir qarın da tox keçdim...

 

Qaçılmazdı büdrəmək, ya yıxılmaq -

Bildiyimdən dayanmadım, durmadım...

Haqlı-haqsız, açıq-aşkar sıxılmaq -

Olayların heç vaxt üzə vurmadım!

 

Ümidlərin tumurcuğun, çiçəyin

Mən bir köynək yaxınımda gördükcə,

Ağrıların unudurdum ürəyin -

Səhərləri bir-birinə hördükcə.

 

Görünsəm də bir az fərqli, havalı -

Demə gözüm yeri, göyü seçmirdi!

Kimlərinsə dil əzbəri - bu halı -

Heç ağlımın ucundan da keçmirdi!

 

...Mən bu yolu ilk addımdan bu günə

Alın tərim və sevgimlə göyərtdim!

Ümidlərim də düşəndə düyünə -

Mən bu yola - sevgi nədir? - öyrətdim…

 

 

Oxuyur

 

Bir torağay kiriməyib bu səhər -

Aradabir nəfəs dərib, oxuyur...

Öz nəğməsi özünə də xoş gəlib -

Ona görə həvəslənib oxuyur!..

 

Çiçək üstə gülümsəyən şehə bax,

Xoşallanıb bu nəğmədən baxça, bağ!

Torağayın avazı xoş, günü ağ -

Coşqusundan o, səslənib oxuyur!..

 

İlk andaca hiss etdirir bu avaz -

Eşitdiyim nəfəs isti, səs bəyaz...

Ürəyimə məqam deyir, sən də yaz -

Eşq güləndə - onda hər kəs oxuyur!

 

 

Qınandım...

 

Ağlım yenə sənlə olan vaxtdadı…

İndi isə göz yaşı da saxtadı.

Məni bir az yuxularım saxladı -

Yozub... inandım!

 

Önə çəkdim hər məqamı, hər dəmi

Muncuq kimi sıraladım tər dəmi!

Uduzmağın günahları zərdəmi? -

Pozub, inandım...

 

Ürəyimə yaddı şöhrət, yaddı kin,

Təki mənim gözlərimlə danış, din!

Tanımıram eşqdən özgə başqa din -

Yazıb... inandım.

 

Kəsmir vallah, belə yerdə ağıl, söz...

Bu səhradan su çıxması - nağıl, söz!

Əbülfətə verməyəcəm axır söz -

Yazıb... qınandım...

 

 

Bu köçə…

 

Yenə dolmuş bulud kimi var-gəlli -

Düşüncələr içindəsən bu gecə...

Oldu bəlkə bu anına təsəlli -

Sayqı ilə əl elə sən, bu köçə!

 

Üstündəki üz yerini sinənin -

Xatırlayıb aç qapısın dünənin.

Bəlkə oldu qayıdanın, dönənin -

Ümid ilə əl eləsən bu köçə!

 

Tilsim olub qayğıların çözümü,

Şairliyə yozma gerçək sözümü!

Gedən gördüm mən o köçdə özümü -

Əl elə sən, əl elə sən bu köçə!

 

Dolaşıbdı gör nə vaxtdı dil sözdə

Dillə birgə dolaşıbdı bil, söz də!

Bir an kimi gəlib keçdi il sözdə -

Əl yelləmə ta belə sən, bu köçə...

 

 

Bu talehlə oynamağa dəyməz heç…

 

Gecəsi də, gündüzü də əzabdı

Yaşatdığı baş ağrısı, əsəbdi...

İçindəki kükrəməyən qəzəbdi -

Bu talehlə oynamağa dəyməz heç!..

 

Əl ürəyi sıxıb tutan bir maşa

Həmlələri hiss edirsən birbaşa.

Yük olanda bir ürəyə, bir başa -

Bu talehlə oynamağa dəyməz heç!

 

Ləpələrin qırışını saymıram,

Çəkdiyimin tüstüsün də yaymıram...

Bilirəm ki, mən nə qədər hay vuram -

Bu talehlə oynamağa dəyməz heç…

 

Uzaqlara göz zilləyib ha baxım,

Gülümsəmir əvvəlkitək sabahım…

Razılaşar mənimlə ta Allahım -

Bu talehlə oynamağa dəyməz heç...

 

 

Yaşayın

 

Mən sizlərdən aralıyam bir köynək -

Aralığı gülə-gülə yaşayın!

Bu da belə bir qədərdi, ta neynək -

Bu qədəri bilə-bilə yaşayın!

 

Faniliyi unutmadan süslənin,

Ətirlənin, tumarlanın, düzlənin!

Ürəklərin nübarını üzmənin -

Təhərini gilə-gilə yaşayın!

 

Bulud kimi silkələnib boşalan,

Qanadlanıb ruhunuza qoşulan,

Hər nədisə könlünüzə xoş olan -

Siz onları gələ-gələ yaşayın!

 

Mən ki, başdan nalsız çapdım atımı -

Heç olmadı sözlərimin yatımı.

Yadınıza yük etməyin adımı -

Lap bu gündən silə-silə yaşayın!

 

Əbülfətəm - qəlbi kövrək bir ozan

Olammadım din unudan, yol azan.

Allah hakim, ürək şahid, ruh yazan -

Demərəm ki, elə-belə yaşayın!..

 

 

Təbiətə nə deyim...

 

Yağış döyür çiçəkləri budaqda

Sızıldayır çiçəklərlə budaq da.

Yerin göylə qovuşduğu bu vaxtda -

Təbiətə nə deyim?..

 

Gözlərimin qarşısında anbaan

Solur bütün gözəlliklər, bax, inan!

Bu qəsd ilə ürəyimi ağrıdan -

Təbiətə nə deyim?!.

 

Buludlardan ələk-ələk süzülən

Süzüldükcə muncuq kimi düzülən...

Gördüyünüz anlar üçün, siz bilən -

Təbiətə nə deyim?!

 

İndi yer yox nə bəh-bəhə, nə aha

Hər şey bəlli sığındığım sirgaha!

Yerin üzün yuyur bəlkə bir daha,

Təbiətə nə deyim?..

 

 

Dəyərlisən mənimçün

 

Qollarımı dünya boyda açmışam

Sən bu qədər dəyərlisən mənimçün!

Torpaq, hava, günəş… deyim bil, hətta -

Sən su qədər dəyərlisən mənimçün...

Sən bu qədər dəyərlisən mənimçün!

 

Xəyalımda, düşüncəmdə, sözümdə

Ucaltmısan kainatı gözümdə!

Sən olmusan alışdığım közüm də -

Bil, bu qədər dəyərlisən mənimçün...

Sən su qədər dəyərlisən mənimçün!

 

Gülümsəyir bax, üzümə Ay göydən

Mənim üçün sən olmusan pay, göydən!

Yoxdu özgə umacağım tay, göydən -

Sən bu qədər dəyərlisən mənimçün…

Sən su qədər dəyərlisən mənimçün!

 

Ruhum üçün Tur dağısan, Zəmzəmsən,

Dəcəlliyim, şıltaqlığım, qəmzəmsən!

Yerim, göyüm vallah, özüm həm sənsən -

Sən, bu qədər dəyərlisən mənimçün…

Sən, su qədər dəyərlisən mənimçün!

 

 

Yəqin ki...

 

Bir kədər gününün qəm saatında

Bütün ağrıların cəm saatında...

Dünyanın dərdlərdən dəm saatında -

Doğulmuşam yəqin ki...

 

Boylanıb həmişə izimdən işıq

Qalxmayıb yuxarı dizimdən, işıq...

Köçəndə gözümdən, üzümdən işıq -

Doğulmuşam... yəqin ki...

 

Hıçqırtı içində səsim əsəndə

Uğurum büdrəyib, nəsim əsəndə...

Əlimi ümiddən fələk kəsəndə -

Doğulmuşam... yəqin ki...

 

İndi çevirirəm anı tərsinə,

Çıxır təkliyimin canı tərsinə!

Axır taleyimin qanı tərsinə -

Boğulmuşam... yəqin ki...

 

 

Yerə

 

Düşünürəm, daşınıram və bir də,

Qayıdıram ilk nöqtəyə, ilk yerə...

İmkan vermir, yoxdu məndə səbir də -

Dəhmərləyir, töküləni bük yerə!

 

Çiyinlərim yük altından qabardı

Ovcum kimi, ürəyim də qabardı!

Mən dərdiyim ya ağrıdı, ya bardı -

Qoyma düşsün bir dənə də tük yerə!

 

Hiss edirəm, doluxmusan sən yenə

Qoyma bir də gözlərinə çən yenə!

Daşısam da başım üstə mən, yenə -

Deyirlər ki, yük olmuşam, yük, yerə!

 

Göy üzünü küsdürübdü ahlarım,

Bir-birinə calaqlanan gahlarım!

Ay Əbülfət, bitməyən günahlarım -

Him edir ki, gözlərini dik yerə...

 

 

Heç ağlımdan keçmədi

 

Mənim üçün bir yuxuydu bu istək,

İlğımı da heç ağlımdan keçmədi...

Yer üzündə heç yoxuydu bu istək -

Olmağı da heç ağlımdan keçmədi...

 

O, ağ paltar, nə də ki, mən ağ atlı

Üzümüzü ancaq həsrət ağartdı...

Bizi günə təsadüflər çıxartdı -

Qalmağı da heç ağlımdan keçmədi...

 

Çərpələngdi uçurtduğum əlvida,

Göz gəl yazır, qələm tutan əl, nida!

Sarı simdə ruhum üçün bir qida -

Çalmağı da heç ağlımdan keçmədi!

 

Ha üzsə də buludluğum bu canı,

Qurban dedim pay tutduğum bu canı!

İllərdir ki, unutduğum bu canı -

Almağı da heç ağlımdan keçmədi!

 

Duman çətin, dağ başında şal qala

Dan yerində göz oxşayan al, qala!

Əbülfəti bu duruma, bu hala -

Salmağı da heç ağlımdan keçmədi...

 

 

Kaş ki, ola...

 

Son nöqtədən ilk nöqtəyə yol ola,

Qayıdasan ağır-ağır, səbirlə...

Üz tutmağa nə sağ, nə də sol ola -

Yeriyəsən çiynindəki qəbirlə...

 

Qəlbindəki yaraşığı, yarı da

Ömründəki varlığı da, varı da...

Heç birini buraxmadan yarıda -

Qayıdasan ümid ilə, tədbirlə...

 

Xilas bilib bu, geriyə dönümü

Qoymayasan kül olmağa kömürü…

Yaşamağa ən fərəhli ömürü -

Başlayasan nə sıfırla, nə birlə...

 

 

Səsim...

 

Susdum daha, danışmıram

Don içimdə, ay lal səsim!

Görməmişəm sən biçimdə -

Mən özgə bir kal, ay səsim!

 

Məna yatır hər bir himdə,

Bu məharət de, var kimdə?

Öz havanı sarı simdə -

Köklə bir də çal, ay səsim!

 

Yurd seçibdi dağı duman

Ömrün qürub çağı duman...

Ümidin son bağı duman -

Qal salamat, qal, ay səsim!

 

Mən sevgiyə etdim biət

Adın çəkib, tutdum niyyət...

Sənlə seçildi Əbülfət -

Götürmədin qalay, səsim!

 

 

Hələ ki, gücüm var

 

Bu səhər açıldı bir az birtəhər

Üzüm isinmədi təbəssümünlə...

Gözümdən sıçradı bulanlıq qəhər -

Nə olar, bir azca təbəssüm elə!

 

Qaytar xəyalında zamanı geri,

Dünəni bir anlıq sən ovcunda tut!

Görünsün gözünə vüsalın yeri,

Ortada at çapan həsrəti unut!

 

Xatırla ümidli, ərkli keçmişi,

Təbəssüm çiləyən dodaqları da...

Səni varlığına qiblə seçmişi,

Ona yaşatdığın o dağları da...

 

... Bu səhər gözümdə bir az birtəhər,

Elə birtəhərəm , sözdə özüm də...

Məni üşütməyə cəhd edən qəhər,

İsinmək gücüm var külsüz közümdə!

 

 

Eşq göyərtdim

 

Neçə fikri bir misraya yüklədim,

Mən təkliyi özüm çəkib təklədim...

Ürəyimi sevgi üçün ləklədim -

Eşq göyərtdim, tumurcuğu bilinir...

 

Günlərimi gün altına sər, yeri

Gülümsəsin alnımdakı tər yeri!

Cənnət edib sən olduğun hər yeri -

Eşq göyərtdim, tumurcuğu bilinir...

 

Bəhər umur hər bir halda, göy yerdən

Şeh ətiri əksik olmur göy yerdən!

Olmasam da Allah kimi göyərdən -

Eşq göyərtdim, tumurcuğu bilinir...

 

Həm Məcnunam, həm Əbülfət - tən bəndə

Heç bilmədim, necə düşdüm mən bəndə!

Etiraf et, mənim kimi, sən bəndə -

Eşq göyərtdin, tumurcuğu bilinir?..

 

 

Unutmamışam

Bu gün atamla ayrılığımın 8 ili tamam oldu...

 

Yarı yanmış kösövün

Tüstüləndiyi bu an...

Gözlərimin önündən

Ötüb keçir çən, duman...

 

Ağır yerişini də,

Qoca gülüşünü də,

Sadə əl işini də

Unutmamışam, inan!

 

Ölüm seçdiyin gündə,

Səssiz köçdüyün gündə...

Dinlə, bir hovur, dinlə -

Mənimçün donub zaman...

 

Söykəndiyim dağ - yuxu

Gördüklərim ağ yuxu!

Oyanmışam bax, yuxu -

Göynədir məni yaman...

 

 

Nostalji xatirə...

 

Bir tonqal çatmışam bax, çevrəsində

Oynayır nəvələr bildikləritək.

Qayıda dünənim, kaş övladlarım -

Gülə, nəvələrim güldükləritək!

 

Nalı parıldayır zaman atının

Bir az ah qamçılı aman atının...

Gözünü qaraldıb saman atının -

Tay nə başın burax, nə cilovun çək!

 

Tonqal çevrəsindən boylan dünənə

Tüstü gözə vursun, isti sinənə...

Fürsət bir kəhərdi, bilib minənə -

Qaçırtdın Əbülfət, sonda qaldın tək!

 

 

Ürəyimə borcluyam

 

Gör necə çırpınır, necə döyünür

Sanki qəfəsini dəlib çıxacaq...

Uzaqdan bir doğma kölgə görünür -

İlahi, o nə vaxt gəlib çıxacaq?!.

 

Gözü yol sancaqlar, fikri xatirə

Keçər ələyindən titrəyən səsim.

Gəlsə ruhumu da bələr ətirə -

İsinər üşüyən, donan nəfəsim...

 

Gülümsər damaqda anların dadı,

Dodaq titrəyəndə, göz süzüləndə.

Açılar Allahın sevgi qanadı -

Ayaqlar altından yer üzüləndə…

 

...Yaşayıb bu xəyal şirinliyini

İbadət edirəm Sən ürəyimə!

Duyduqca sevginin dərinliyini -

Hər gün borclanıram mən ürəyimə…

 

 

Xatirələr haya çatmır bu günlər

 

Xatirələr haya çatmır bu günlər,

Qırıq-qırıq sözlər düşür yadıma...

Gözlərimdə daha açmır o güllər,

Qaralan od-közlər düşür yadıma...

 

Qara bulud sanki kəsib önünü

Mən tərəfə nəsə düşmür o işıq...

Bir tənhalıq didikləyir könlümü -

Fikirlər də adda-budda, dolaşıq.

 

Olmuşların ipucu da itibdi,

Vərəqləmək çevrilibdi zülümə...

Həsrət məni elə şilküt edibdi -

Etibarım qalmayıbdı ölümə...

 

Bir güvənlik hiss edirəm hardasa -

Söylədiyim vəsiyyətdə, açığı...

Adım kimin yaddaşında qalarsa,

Buna görə tutmaz mənə acığı…

 

 

Qədr gecəsinin xatırlatması

 

Gecədən səhərə körpü olacaq,

Hətta dil yoracaq uzun söhbət et!

Bu gecə nə desən yadda qalacaq -

Başla, asta-asta özün söhbət et!

 

Danış həmin günün həmin anından

Təsadüf bizimçün sevgi göyərtdi...

Bu qədər il ötdü - keçdi yanından -

Bizəsə bu həyat dözüm öyrətdi...

 

Danış ki, şəhərə, nə kəndə sığdıq,

Bəzən də sıxıldıq hansısa sözdən...

Bir borc ödəməyən yüz fikir yığdıq -

Soyuq təbəssümdən, bulanlıq gözdən!

 

Danış ömrümüzün yol xəritəsin,

Yaddaşa yazdığın məktubu oxu!

Qaldır bir sevginin sən son pərdəsin -

Onsuz da bu gecə perikib yuxu…

 

Danış ilmə-ilmə çözülsün həyat,

Bizim mövzumuz yox, üstən keçəsi...

Yaşadır bir eşqi bizdəki inad -

Dualar edilir Qədr gecəsi!

 

 

Mən bilmədim

 

Şam kimi əriyib axşam-səhərlə,

O qədər yükləndim qəmlə, qəhərlə...

Gözümdə saralan ümid - bəhərlə -

Mən bilə bilmədim bu ömür nədir?!.  Anlaya bilmədim

 

Üyünən daş quma çevrilən kimi

Xəyallar daşqına çevrilən kimi…

Mənfi də, müsbət də dövr edən kimi -

Mən bilə bilmədim bu ömür nədir?!

 

Qəlbimdə, ağlımda sözü çox yordum,

Qoymadım od sönsün, közü çox yordum...

Hər yerdə özüməm, “öz”ü çox yordum -

Mən bilə bilmədim bu ömür nədir...

 

Daha çalxalanmır nehrə günlərim

Maraq da göstərmir mehrə günlərim...

Baxır yad baxışla köhnə günlərim -

Mən bilə bilmədim bu ömür nədir…

 

 

Doğmaların məzarı önündə

 

Yolun

tən ortasında

büdrədi...

Dayandı

susdu

baxdı -

nə edəcəyini

bilmədi...

Amma, həmin an

xatırladı -

arxada

ağrılar, əzablar

hiss etdi…

Öndə -

ona - gəl! - deyən

ilıq bir səs var...

Üzülən ömür ipi -

divardan düşən daş...

Kirpiklərin ucunda

vur-tut,

cəmi iki gilə yaş...

Onun da biri

dünənə "əlvida...",

biri isə...

boylanır -

"Axirətə xoş gəldin!"

deyən səsə,

qardaş!..

 

 

Məntiq mənzərəsi

 

Yorulmuş at, ya da dəvə

Fərq eləmir büdrəyəndə...

İnsan özün bircə dəfə -

Tapır - ürək kükrəyəndə!

 

Duman seyrək, ya da qatı

Çökür, qalxır öz-özünə...

Kükrəyəndə, bu həyatı -

İnsan yad sayır gözünə.

 

Sıxır ruhu, sıxır canı

Bəzən adi səs-səmir də.

Aça bilmir donan qanı -

Yandırsa lap daş, dəmir də!

 

Gerçək ölçü öz arşınım,

İnadında susmaq günah...

Bu dünyanı, qaraşınım,

Sevgidən yaradıb Allah...

 

 

Ümid ölən yerdi şəhər 

 

Heç yatmayıb elə bil ki, bu şəhər,

Üz-gözündən bir yorğunluq tökülür...

Yuxusuztək açıldıqca bu səhər -

Dan yeri də incik-incik sökülür...

 

Nə quşların səsi gəlir, eh... nə də

Dad-tam qaldı damaqdakı köhnədə!

Son ümid də kiflənəndən təknədə -

Əl utanır, diz titrəyib bükülür.

 

Aman vermir nəfəs dərə qəhər də,

Ünyetməzdi "halal" südlü zəhər də!

Sevgi kimi, indi bar da, bəhər də -

Açıq-aşkar üzü göyə çəkilir!

 

Son gümandı ağlımdakı dağ, dərə

Xatırlayıb, batıb-çıxdım qan-tərə...

Ümid ölən yerdi şəhər, min kərə -

Altı, üstü necə gəldi tikilir...

 

 

İşıqlı şeir

 

Dodaqlarım quruyanda, adını

Pıçıldayıb, qoparırdım qaysağın...

Duya-duya bu sevginin dadını -

Yaşayırdım bahar çağın, yay çağın!

 

Gözlənilməz qış, şaxtalı bir payız

Həm çiçəyi, həm yarpağı üşütdü...

Qədər oldu bircə anda amansız -

Bizi nə yer, nə göydəki eşitdi...

 

Dağ titrətdi hönkürtüsü ürəyin,

Bəbəyimdən daşan seli silmədim...

Elə yerdən xəncərləndi kürəyim -

Nədənini bu günəcən bilmədim...

 

Xatirələr yağış olub ələndi -

Yaşamaqdan küskün nəfəs dərəndə...

Ömrüm yalnız şəkillərə bələndi -

Yaddaşımı mən işığa sərəndə...

 

...Yozumu var vurulan hər ilmənin

Bu gerçəyi danmaq gücüm itibdi...

Zamanıdı sən də bunu bilmənin -

Sol yanında bir Əbülfət bitibdi!

 

 

Cənnətdəki ilk gecən

 

(Nicatın ruhuna sayqılarla...)

 

Bitdi bir can ağrısı

Torpaq ağrı sarıdı...

Bu sarğının içində -

Məncə ağrı, sarıdı...

 

Dil titrədi... susdu göz

Kül üşüdü, küsdü köz...

İndi lap min yerə çöz -yoz

Qəmin bağrı sarıdı...

 

Həyat sual, ya vida

"Xoş gəldin"ə ta… vida!

Nöqtədi cavabı da -

Kimi çağırasıdı?!.

 

 

İdi...

 

Dağ başında duman gördüm bir topa

Nə çökürdü, nə qalxırdı - xal idi...

Ətəkləri süzülürdü arabir -

Elə bil ki, şandan daman bal idi.

 

Yaxın idi aramızda göz yolu,

Baxışırdıq, hərəmizin öz yolu.

Ortalıqda cücərirdi söz yolu -

Bu mənzərə tribunasız zal idi.

 

Sükutdadı içimdəki ün, haray

Həvəs yoxdu, etməyə bu gün haray...

Mən bir bəndə, yer üzü də bir saray,

Göy üzüsə bir azacıq çal idi!

 

Xoş gəlməyə bilər sizə bu halım

Tək onadır verəcəyim sualım...

Söylə görüm, ay dodağı dualım -

Çiynindəki biz bürünən şal idi?!.

 

Xatirələr içində can üzüldü,

Çəkdirdiyin boyat dərddi yüz ildi!

Vüsal yolun qovuşanlar düz bildi,

Əbülfətsə indikitək kal idi.

 

 

Hey...

 

Baxışlarım cığır salır uzağa,

Xəyallarım qanadını çalır hey...

Öyrəşsəm də bu soyuğa, sazağa -

Arzularım baxa-baxa qalır hey!

 

Eşidilmir, ürəyimin səsi lal

Yetişməyir, ümidlərim qalır kal.

Dodağına neçə dəfə çəkdim bal -

O, adımı yenə dildən salır hey!

 

Ha çəksəm də ağrı-acı, ya xiffət

Bir yolluyam, bir adlıyam, bir sifət!

Harda olur olsun, yenə Əbülfət -

Dərslərini əməlindən alır hey…

 

 

Öpüşən dəniz...

 

(Sahil şeirlərindən...)

 

Gör necə dimdikləyir

Qağayılar dənizi!

Nə əhvalı pozulmur,

Nə də qaçır bənizi…

 

Dimdik sayı dəst olur,

Açıq-aşkar qəsd olur.

Öpüşlərdən məst olur -

Bu dənizin dən üzü…

 

Bu şıltaqlıq, yoxsa ərk -

Düşünürəm edim dərk.

Əlimizdən tutub bərk -

Oxşa, dəniz, sən bizi!

 

 

Artıq alışmışam

 

Mən belə gördüm, tanıdım

Dünyanın sirin-sifətin...

Odur ki, daha etmirəm -

Gördüklərimin xiffətin!

 

Papağım bir az əyilib,

Gün döymür daha alnımı...

Özüm bir küncə çəkilib -

Fitlə oynadım "Yallı"mı...

 

Alov görüb "Heyratı"da

İlk anımda donub qaldım...

Bu dünyaya heyrəti də -

Sonra lal bir suya saldım...

 

Damarını günlərimin

Namərd kəslər naşı kəsdi...

Göyərtdiyim güllərimin -

Üstündən hey xəzri əsdi...

 

İndi tər bir ah çəkirəm -

Düşünmədən, daşınmadan...

Dumantək səssiz çökürəm -

Tay qorxmuram aşınmadan!

 

 

O günəcən...

 

Hönkürtü var bu dənizin canında -

Məqam gəzir dalğalansın, kükrəsin.

Həmin anda ola bilsəm yanında -

Qaldıraram ayağa Yer kürəsin!

 

Xof yaradır göz qorxudan sükutu

Yada düşür bir ürəyin süqutu...

Mən özüməm bu gerçəyin sübutu -

Paylayıram ömür adlı fitrəsin...

 

 

Dizə qədər suya girmiş sal daşın,

Catıldığın seyr elədim, sol qaşın.

Nəzərə al bu şairin sən yaşın,

Qoyma, dəniz dodaqları titrəsin!

 

Qibləm deyib mən sevdim bir qadını

Zaman sordu illərimin dadını...

O günəcən sevəcəm ki, adını -

Söyləyəndə, dil ağzımda büdrəsin...

 

 

Çəkir

 

Yenə fikrim düyün düşüb sap kimi

Bu arada gözüm yaman yol çəkir...

Dolub-daşır qazan kimi, qab kimi -

Çömçə tutan, qəm payımı bol çəkir...

 

Dağdan enir, yoxsa qalxır bu cığır

Düşündüyüm nöqtələrdən su çıxır...

Dayandığım yerdə məni meh yıxır -

Qədərimə qədər yazan qol çəkir…

 

Dərd üstümə elə bil ki, lök gəlir...

Qoşalaşıb onla birgə "çök!" gəlir!

Karandaşım gül adına köklənir -

Sonda isə sərt tikanlı kol çəkir!

 

Çox da ümid təzələnib, tərlənib

Bu Əbülfət Məcnunluqla şərlənib...

Kirpikləri ulduzlanıb, zərlənib -

Bəbəyində damlalar da göl çəkir.

 

 

Xocalı toyu

 

Üzündə

soyuq təbəssüm,

gözünün dibində -

kədər...

Yaddaşında -

bir-birinin

qanına bulaşmış

xatirələr

çözülür,

yarıqaranlıq -

birtəhər...

Və mən

bir daha anlayıram ki,

sakinlərinin

hüznündə olduğu kimi,

toyunda da

ortada

havalı gəzir

Xocalı adlı şəhər...

 

 

Bu dünyanın...

 

(Sahil şeirlərindən...)

 

Bir az qəmli ovqatı var, bir az da

Söz sovqatı bu dumanın, çiskinin...

Təsəllitək söyləyiblər: “Az olur,

Ömrü, ötən qara günün, pis günün”.

 

Sızıltısın hiss edirəm, duyuram

Kirpiyimi öz şehində yuyuram...

Elə bilmə tənhalıqdan doyuram -

Yaşadıqca hər acısın, nisgilin!

 

Hər anımın, hər ayımın, ilimin

Bir sözü var qımıldanan dilimin.

Qəhrəmanı sən olan bax, bu filmin -

Son kadrında, üzün güldür miskinin!..

 

Ürəyimdə ağrılar baş-başadır,

Həyat mənim kölgəmə də daş atır!

Təbəssümün ümid verib yaşadır -

Bu dünyanın can borclu mən küskünün!

 

 

Fələk

 

Bir udum hava,

bir qurtum su,

bir loxma çörək...

Belə götürəndə,

əslində

heç nədi bu…

Amma

məni səndən

asılı edib fələk!

İstər axşam olsun,

istər səhər...

İstər kənd olsun,

istər şəhər...

İki əllə

başımı saxlaya bilirəm,

birtəhər!..

Amma

sənin boğazıma

tıxadığın qəhər

vurulan dəyənək -

Fələk!

Sözüm

nə acıdı, nə şirin.

Sıra ilə düzürəm

bilib məqamın,

yerin -

hər birin...

Çəkinmirəm,

üzümə tutmuram

ələk

sinəmdə tərləyəndə

ürək.

Sən də imkan ver

nəfəs dərim,

zalım fələk!

 

 

Bu sabah xoşbəxtəm

 

Bu da bir sabahdı, güldü ömrümə

Gətirdi səni də özüylə birgə...

Sən imza atmısan mənim könlümə -

Onu darıxmağa qoyma, tez dur, gəl!

 

Qığılcım parlasın baxışlarımdan,

Ovqatım durulsun yaz havasıtək.

Ömrünə etdiyim dualarımdan -

Bir çələng alınsın - saz havasıtək!

 

Sözlə cilalayım mən bu axarı

Heç kimin haqqına xələl vurmadan.

Qaldırım ruhumu yerdən yuxarı -

Gözündən bir gilə uzaq durmadan.

 

Açılan sabahla xoşhal olur bəxt

Demək bu günüm də yarıyacaqdır!

Özünü ən xoşbəxt sayır Əbülfət -

Saçını gözlərim darayacaqdır!

 

 

Gülümsə

 

Bulud yarıb, üzümə

Gülümsə, dan yeritək!

O gülüşlə gözümə -

Dan yeri şəklini çək!

 

Ruhumun qırışları

Bir az özünü çırpsın...

Təbəssümündən meyxoş -

Olub, gözünü qırpsın!

 

Ürəyim döyüntüsün

Çevirsin pıçıltıya...

Dodaqların büzülsün

Bu isti hıçqırtıya…

 

Sarılsın bir-birinə

Ləpələnən baxışlar...

Sevmək ki, yaşla deyil -

Sahil bizi bağışlar!

 

 

Sahillə səhər söhbəti

 

Zənci rəngindədi -

Qaralıbdı əsəbdən...

Sahil boyu

Nə dalğa var,

Nə ləpə...

Bilmir də ki, başına

Haranın külün səpə -

Qurtara bu əzabdan -

Dəniz...

Qağayılar da

Qara don geyib,

Bircə

Dimdikləri

Qızarır...

Bir də

Artan

Qarğaların səsindən…

Budur duyulan -

Boyu qısalır

Utandığından

Əvəzimizə

Dənizin…

 

 

Dan yerinin pıçıltısı

 

Gör necə gülümsəyir,

Dan yeri sevən qıztək!

Ulduzlar təbəssümdə -

Əriyirlər, bax, tək-tək!

 

Şəfəqləri üfüqün

Saçına səpələnir...

Çiçəklənən ümidi -

Dəniztək ləpələnir...

 

Seyr edilən mənzərə

Xəyalları dindirir...

Yanaqda öpüş yeri -

Bir dodaq isindirir.

 

Bu dan yeri özünə

Necə anlar köçürüb...

Sevgimizi də əlbət -

Köynəyindən keçirib!

 

 

Tənhalığım

 

Sən heç nəzər də çəkmirsən,

Duada da keçmir adın...

Xilaskarın var? - çökmürsən -

Bu  da qiblən olan Qadın,

Tənhalığım!

 

Bir az üzünə işıq səp -

İçin qoy bütöv görünsün!

Saçın daranıb bir az çəp,

Aç onu, təzdən hörülsün -

Tənhalığım!

 

Qaldır başını, günə bax -

Köhnə axşam, təzə sabah!

Ömür nimdaş, xatirə şax,

Eşqdən başqa hər şey günah -

Tənhalığım!..

 

 

Bəlkə də...

 

Bu gecə kökləndiyim

şeir havası deyil -

tənhalıqdı

qaranlıqdı

sükutdu…

Bir küncdə söykəndiyim

vüsal səfası deyil,

göz yaşıdı

xatirədi

umuddu…

Bir ömür öyrəndiyim

həsrət cəfası deyil -

közərməkdi

gözləməkdi

buluddu...

Bu gecə kövrəldiyim

ürək vəfası deyil -

ad olmaqdı

atılmaqdı

“unut!”du…

Bu gecə kökləndiyim

bəlkə də şeir havasıdı...

bəlkə də

hava özü şeirdi

öz dünyamın içində...

 

 

Ürəyim

 

Çiliklənir, su üstəki kölgətək

Ləpələrin axınında, ürəyim.

Dönüb olur sədəf boyda bölgətək -

Ürəyinin yaxınında ürəyim.

 

Damarında acı olan şirində,

Bir ümidi daşa dəyir, birin də -

Cücərdiyin hiss eləyir dərində

Hər sözünün axırında ürəyim.

 

Zaman səssiz günlərimi ələyir,

İçimdəki tənhalığım mələyir...

Büküb səni varlığına bələyir -

Bu həsrətin daxılında, ürəyim!

 

Söykəyidi ilk anımdan göz gözün

Alovunda yana-yana köz közün!

Əbülfət ki, gizlətməyir öz-özün -

Açıb tökür paxırını, ürəyim!

 

 

Alma

 

Nağılları gerçək elə, İlahi

Bircə dəfə göydən düşsün qoy, alma!

Ümidimin əlindən tut, ucalsın -

Ayağından kəsib ondan, boy alma!

 

Yaşadığım, sən verdiyin ömür-gün

Gah alovdu, eh… gah da ki, kömür gün...

Ağrıları mən canıma sümürdüm -

Eşqdən başqa nəyim varsa soy, alma!

 

Haqq da sənsən, haqqı haqq edən də sən

İstəyəndə gələn, həm gedən də Sən!

Dərgahına bir gün mən yetəndə, Sən -

Məndən onu, mənə tutub toy, alma!

 

 

Ruhumun etirafı

 

Tanıyıram tətikdəki barmağı

Nişançıdı, toxundusa dəyəcək!

Nağıl deyil onun sərrast vurmağı -

Ürəyimin başın yerə əyəcək.

 

Zaman-zaman xışlanıbdı duruşum,

Qoymayıbdı heç açılsın qırışım!

Öz-özümlə gecə-gündüz vuruşum -

Sonda mənə bilirəm nə deyəcək!

 

Dur nişan al, gərib sinə Əbülfət,

Çətin gələ təzə dinə Əbülfət!

Lap sürünsə, onda yenə Əbülfət -

Ürəyinin qapısını döyəcək!..

 

 

Allahım

 

Tellərinin sayı qədər duam var

Bir-bir onu sayıb, seçir Allahım.

Ürəyimdə - ürəyində yuvam var -

Bunu bilir, üstən keçir Allahım…

 

Bu ikilik çox yuvaqlıq deyil, ha,

Bünövrədən yoxdu belə meyil ha!

Ürək sənə gecə-gündüz deyir ha -

Bizə eşqi bizsiz biçir Allahım!

 

Hər anıma hakim olan tək dua,

İki qəlbi sən birlikdə çək suya!

Ruhumuzda, cismimizdə ək, dua -

Bu vüsalı bizə içir, Allahım!

 

 

Tanışdımı, bu gördüyün üz, sənə?!

 

Hiss edirəm sızıldayır yol, cığır

Xiffətindən ləpirləri yol sıxır.

Ürəyimdən bircə səmtə yol çıxır -

O da tutub açıq-aşkar üz sənə,

Tanışdımı, bu gördüyün üz, sənə?!

 

Yaddaşıma xal salıbdı hər addım,

Addımları ürəyimlə mən atdım...

Nə yaşadım, nə hiss etdim, nə daddım -

Dəyişilməz ötsə hətta yüz sənə,

Tanışdımı, bu gördüyün üz, sənə?!

 

Bir-birinə üzgün baxır duman – dağ,

İkisi də bir-birini uman, bax!..

Qımıldanır, sağdı hələ guman, sağ -

Bu dumanın dəryasında üzsənə!

Tanışdımı, bu gördüyün üz, sənə?!

 

Öz-özümə ha versəm də təsəlli,

Həyat yükdü - suallı, həm məsəlli...

Görkəm həmən, üstəlik də səs bəlli -

Əbülfətdi, diz çökübdü, diz, sənə!

Tanışdımı, bu gördüyün üz, sənə?!

 

 

Tutmaram


Məni anlasan xoş olar,

Dərdi yuxarda tutmaram...

Əlimi qarda ovaraq -

Sonra buxarda tutmaram...

 

İncitmədən heç bir kəsi

Yazdım ruha ürək səsi.

Tər olmaqçün eşq həvəsi -

Hər gün ovxarda tutmaram!

 

Sənlə xoşdu acı, şirin

Tək istəmirəm heç birin!

Qazancım eşq olan pirin -

Adın çıxarda tutmaram!

 

Sığındığım yar - Yaradan,

Qaranlığı yar, Yaradan!

Ağrısam da yar, yaradan -

Axar-baxarda tutmaram!

 

 

Sahil düşüncələri

 

Əyildin dənizə tərəf -

Saçların dənizdə çimir...

Bu təmasın ləzzətini -

Dənizdən başqa kim bilir?

 

Qağayılar hay-küy salır,

Balıqlar kükrəyir bir də...

Durub baxıram dənizə -

Saçını öpdüyü yerdə...

 

İçimdə incik bir duyğu,

Gözümdə həmin mənzərə...

Dənizi çox sevdik, bəlkə -

Onunçün gəldik nəzərə?

 

Ləpələr vərəqlər kimi

Çevrilir sahildən bir-bir...

Bircə bizim görüntünü -

Tapıb sahilə gətirmir…

 

 

Var

 

Elə üşüyür əlim -

Sanki ovcumda buz var.

Tək bir ad bilir dilim -

Səslədiyi bir qız var...

 

Yuxunu danıb gözüm

Gözündə yanıb gözüm.

Sonda, inanıb gözüm -

Göydə tək bir ulduz var!

 

Bəllidi qəmin himi,

Köklənib ruhun simi...

Dünyada mənim kimi -

Allah, neçə yalqız var?..

 

 

Getmisən...

 

Son günlər həyatımda baş verən köçlə bağlı xeyli narahatlıq keçirsəm də, illərin o biri üzündə - bir az gözdən uzaq qalmış ilk şeirlərimin yuvası olan qovluqları da təzə yurda daşıdım... Və həmin qovluqlardan birini açdım... qarşıma bu şeir çıxdı... istədim sizə təqdim edim.

 

Bu dünyanı bir sifətli bilirdin,

Yüz sifətdir bax, qor olub, getmisən...

Dodağından bal damırdı, silirdin -

İndi isə bax, şor olub getmisən!..

 

Tumurcuğun çiçək halın görmədən,

Barmaqların qız saçını hörmədən...

Qəlb qocaldan səhər adlı "türmədən" -

Xəşəmlənmiş yarpaq olub getmisən...

 

Yaşamağa, yaşatmağa gələnlər -

Çox görürəm yarınaraq gülənlər!

Bir də onda biləcək ki, bilənlər -

Bircə xışma torpaq olub getmisən...

 

Sellə dolub baxışların dinəndə,

Həmənkisən sən bu gün də, dünən də!

Həsrət elə turp əkib ki, sinəndə -

Ay Əbülfət, qorxaq olub getmisən!

 

15 avqust 1977-ci il

Bakı, qəbul imtahanı vaxtı

 

 

Bulvarın qış mənzərəsi

 

Bu sahildə

adamlar susurlar...

Təkcə qağayılar danışır,

bir də ləpələr...

Onlardan qopub

ətrafa səpələnən

qəlpələr...

Amma...

onlar da

tələsirlər,

bir-birlərinin

sözlərini kəsirlər...

Bu sahildə

susan adamların

gözünün lap dibindən,

dənizin -

göz çatmayan,

səs batmayan

dərinliyinə

və görünməyən

uzaqlığına uzanan

işıq isə -

ya həsrət,

ya da görüş yoludur...

Susmur

o yol boyu

xəyallar, xatirələr...

Axı

partlayacaq qədər

doludur -

özünü boşaldır,

bunu da

təkcə Sən görürsən,

necə danışır ürəklər,

İlahi!

 

 

Canın ağrısı

 

Uzanıb yanı üstə

Bitmir canın ağrısı...

Dolanır canı üstə -

İtmir canın ağrısı.

 

Ortaya istək atıb,

Çatıb, istəyə çatıb!

Xoş-xumar olub, yatıb -

Getmir canın ağrısı!

 

Həm duyumlu, həm incə

Özünü qoyub dincə.

Köməyimə bax, bircə -

Yetmir canın ağrısı!

 

 

Ovqat şeiri

 

Gecənin

Ay gizlənən vaxtıdı...

Səhərin

Dan sökülən...

Küçənin

Güzgülənən vaxtıdı,

Şəhərin

Yarpaq tökülən...

Yolların -

Duman dərən vaxtıdı...

Qolların -

Üstünə hörük sərən.

Dağların -

Çiçək sərən vaxtıdı,

Bağların -

Bar üçün körüklənən.

Ürəyin -

İndi üzgün vaxtıdı,

Ruhun isə

Həyatdan küskün...

Bəndənin

Halını görə-görə,

Allahım,

Sən uzaq durub susdun...

Özümü -

Kiməsə kölgə etmirəm,

Sözümü

Hansısa sözə yamaq...

Asilik də etmirəm

Elə belədə qalaq -

Dərgahında!

 

 

Şəhərin dənizlə öpüşən yeri

 

Şəhərin

dənizlə öpüşən yerində

"Azneft" dairəsində...

Böyük

Məmməd Arazın

dünyalar sığışan

hücrəsində

bir küncdə

yer tapıldı

mənə də...

...Şəhərin bu nöqtəsində

Məmməd Araz ruhunun

istisində

bilmirəm nədənsə

hələ də

bir "Şikəstə" keçir

könlümdən,

Şikəstə!..

Mən aşiq gözümdə nəm

Səsimdə, sözümdə nəm...

Hamı eyni ovqatda -

Mən isə özümnənəm...

Şəhərin dənizlə öpüşən yerində -

yəni, sizə nişan verdiyim

ən kövrək

xatirələr mərkəzində -

bir tumurcuq büzüşüb -

ürəyimdə -

özü də lap dərində...

 

 

Yağışdan sonrakı mənzərə

 

Dağ titrəyir, dərə isə hönkürür

Gah şimşəyə, gah da selə baxıram...

Göyün, yerin ilmələri sökülür -

Mən bu anda İlahiyə yaxınam!

 

Həm xofludu, həm də diqqət çəkəndi -

Bu mənzərə təkrarsızdı, canlıdı!

Gurultusu, nə də səbri tükəndi -

Yer-göy sanki, bir-biriylə qanlıdı!

 

Təbiətin bu halının yozumu

Göy qurşağı görünəndə oxunur.

Düşünürəm, bəlkə belə vaxtlarda -

Yerlə göy də bir-birinə toxunur!

 

 

Güzgüdəki adama

 

Üzümə gülümsəmir

heç nə

və ümumiyyətlə heç kim...

Bu halımla mən

hamı üçün gərəksiz,

qaraqabaq

və bir az da yad...

Odur ki,

belə bir görüntü

və təqdimat

sual yaradır:

  • Nə verdim sənə,

nə aldım mən səndən –

Həyat?!

Üstəlik,

məntiq də var axı -

Əbülfət

bu dünyada hər kəs üçün

neçə milyardıncı ad!..

Bu ömür isə

ya "çax-çax" səsidi,

ya da kəfkirli saat...

Çalış,

 o səslərin arasında

hərdən

özünə də qulaq as!

Heç olmasa, bir gün

Təəssüflənməmək üçün…

 

 

Boz mənzərə

 

Səhərə qədər

eyni mövzunu

eyni nöqtədən

götürüb -

dayanmadan

durmadan

hətta ürəyimin və ruhumun

üzünə də

vurmadan -

birnəfəsə daşıdım...

Axşama qədər isə

tərsinə,

yəni eyni mövzunu,

eyni nöqtəyə

daşıdıqca -

axıb üzüaşağı -

tər sinə şumlayırdı!

Hər iki məqamda -

istər səhərə qədər,

istər axşama kimi

tək bir fikir

üyüdürdü içimi...

Görəsən niyə

susqunluq

mənim tənhalığımı -

mumiyalayırdı...

 

 

Bu da bir təmənna

 

Bu gecə yuxu payından -

Bir çimdik mənə əta et!

Ox çıxıb çoxdan yayından -

Demirəm təzə xəta et!

 

Gözümü gözündə görüb,

Sözümü sözünə hörüb...

Özümü közündə görüb -

Bir az naz, bir az əda et!

 

Ömrə açılan səhəri,

Xəyal dolaşan şəhəri...

Sevmək üçün birtəhəri -

Sən Əbülfəti fəda et!

 

 

Pəncərəmdəki yazı

 

Pəncərənin

tərləmiş şüşəsində

barmağımın ucuyla

şəkil çəkmək...

Ya da ad yazmaq və

sonra da

yazdığını

tez-tələsik silmək...

Nə rəssamlıq

həvəsim olub,

nə də

ona oxşar

başqa bir istək...

Pəncərənin önündə

dayanıb

baxanda

sanıram ki,

baş verib bütün olanlar -

elə bu yaxında...

Sən yeddinci qatda

içərsini görmədiyim

otaqda,

mən həyətdə...

Dayanıb

şəklini gözlərimə çəkirəm,

köçürürəm...

Təbəssümün hiss etdirir -

bilirsən nələr keçirirəm...

ürəyimdən!

...Pəncərə önündə

buz bağlamış şüşəni

dırnağımla cızıram -

Şəkil çəkmirəm...

İndi adını

son ümid kimi

yazıram

gizlətmədən heç kimdən…

 

 

Gülür

 

Bir diləyə köklənmişəm -

Ürəyimin gözü gülür...

Xəyal qurub kövrəlmişəm -

Baxıb gendən özü, gülür!

 

Bir dam altda günü, anı

Öldürürəm, donur qanı.

Heç demir ki, sübut hanı -

Ocaq, yoxsa közü gülür?

 

Ağlım şirin bir fənddədi,

Ruhum isə o kənddədi...

Hiss etdim ki, dil bənddədi -

Dodaqdasa sözü gülür.

 

Mən havalı dərviş kimi

Gözləmədən "dur gəl!" himi

Çalanda köklənmiş simi -

Gördüm onun üzü gülür.

 

 

Hər gün

 

Mənə ilıq nəfəsin -

Toxundurur qəm hər gün...

Mən də bu nəvazişdən -

Dəm oluram, dəm, hər gün.

 

Ruhumun cibində də,

Sözümün tipində də,

Gözümün dibində də

Nəm oluram, nəm, hər gün!

 

Kül artdıqca közümdən

Keçir daha dözümdən...

Əriyib öz-özümdən

Kəm oluram, kəm, hər gün!

 

Boşdu daha bu durum,

Qəmə xəlvət göz vurum!

Kiçildikcə tutumum -

Qəm oluram, qəm, hər gün…

 

 

Tənhalıq kitabıyam  

 

Heyif bir gün də itdi -

Yaşayacağım aydan...

Fələk səssizcə sildi -

Özünə bəlli saydan!

 

Bir tumurcuq da düşdü

Ümidin qanadından... 

İtən gün döndərmədi -

Səni öz inadından!

 

Bir dalğınlıq içində

Özümə kilidləndim...

Tənhalıq kitabıyam -

Sükutla cilidləndim…

 

 

Dua edək

 

Bu ömürün quzeyi

Günbatan vədəsində...

Bir ümidin taleyi - 

Bir telin hədəsində -

Gəl otur, dua edək!

 

Bir yolun dolaması

Bir uçrumun qaşında...

Bir qurdun ulaması -

Təkliyidi daşın da -

Gəl otur, dua edək!

 

Bir ləçəyin qopması,

Bir çiçəyin yarası...

Qəmin gözə hopması

Göz yaşının qorası -

Gəl otur, dua edək!

 

Birin birdə Birinə

Əl açaq, Tanrım deyək!

Əlləri bir-birinə,

Ürəyi də sevgiyə -

Əbədi yuva edək,

Gəl, birgə dua edək…

 

 

Şaxtalı gecənin tənhalığı

 

Şaxta hökm eləyir, gücün göstərir

Üşüyür torpaq da, üşüyür daş da.

Kim ki, havalanıb özün göstərir -

Ağarır kirpik də, ağarır qaş da.

 

Nəfəs də isitmir barmaqlarımı

Qaçıbdı soyuqdan qanı dodağın...

Tənhalıq titrədir varaqlarımı -

Donub pəncərəsi bizim otağın.

 

Sanki buz bağlayıb yaşam həvəsim -

Ruhum isinməyə bir bənd söz dərir...

Bircə ürəyimdi hiss edən özün -

Sən orda çatdığın ocaq közərir…

 

 

Düşüncələr

 

Od da küldü, kül də od -

Biri əvvəl, biri son…

Bu sirr deyil, bu bir kod -

Bir əldə beş, cütdə on!

 

Dua sözdü, söz dua

Diləyən qəlb, ifa dil...

Qoymur olsun söz dua -

Kin yeyən qəlb, qaba dil...

 

Acı, şirin, ya tərsi

Dad anlamı çətirdi!

Budur həyatın dərsi -

Biri sıfra gətirdi!

 

 

Şəhidlər xiyabanında sükut

 

Süzülür bu gecə kirpiklərimin -

Ucunu yandıran çınqı damlalar...

Ruhlar yerə enib şəhidlərimin -

Fəxri qarovulun susub tamamlar!

 

Qərənfil ətirli bu xiyabanda -

Hər bir kəs baş əyir qəmli, qürurlu...

Millət kükrəyərkən özün duyanda -

Şəhid zirvəsinə qalxıb duruldu!

 

Məzarlar bələyən tər ləçəklərin

Üzünə müqəddəs bir dilək gülüb...

Bu gün arasında o çiçəklərin -

Yəqin ziyarətə Tanrı da gəlib!

 

 

Yozumu pozulan yuxum

 

Sən mənim son yuxumu

Yüz dəfə yozdurmusan...

Səbrin çatmayıb, sonda -

Yozumu pozdurmusan!

 

Şıltaqlıq deyildi, bu

Üsyan idi yuxuma...

Deyirdin xəyalını -

Yuxu kimi oxuma!

 

Mənsə həmin yuxumu

Əzbər deyirdim suya.

O su mənim ruhumu -

Cilalayırdı guya!..

 

 

Gül görək...

 

Bir səsə kökləndim mən

İçim söz-söz oxundu...

Yenə də təkləndim mən -

Qəlbimə köz toxundu...

 

Ha istədim unudum,

Sıxdı özün buludum...

İndi necə qurudum -

Kirpiklərim oxundu.

 

Qurbanlığın can, ürək

Xatırlatmaq nə gərək!

Göz dolusu gül görək -

Axı nəyin yoxundu?

 

 

İçindən

 

Geyinib nimdaş paltomu

Çıxacam özümün içimdən...

Bir ad götürəcəm özümlə -

Seçib, sözümün içindən!

 

Olanlar dünəndə qalıb,

Ağlımı xatirə alıb...

Şəkilin yolunu salıb -

Gülüm, gözümün içindən!

 

Dişimi bir də sıxacam,

Nə varsa hamsın yığacam!

De görüm, necə çıxacam -

Mən bu çözümün içindən?!.

 

 

Baxışlarınla

 

Ruhumu göynədirsən,

Susub, baxışlarınla…

Dözməyi öyrədirsən -

Küsüb, baxışlarınla.

 

Canımı can sanırsan

Canımda canlanırsan!

Hərdən də can alırsan -

Süzüb, baxışlarınla!

 

Sözün özün və tərsin

Dodağım nübar dərsin!

Sıraya Məcnun dərsin -

Düzüb, baxışlarınla!

 

 

Sadəcə...

 

Məni susdurmaq üçün

Gülləni heyif etmə!

Məni küsdürmək üçün -

Çəkilib uzaq getmə -

Yanımda susub, dayan!

 

Məni söndürmək üçün

Üstümə su ələmə!

Tükətməyə qəlb gücün -

Həsrətinə bələmə -

Yanımda susub, dayan!

 

Məni bu gerçəkliyin -

Ərit qoynunda şamtək!

Allahımın verdiyin,

Zərrəsin qəlbinə çək -

Yanımda susub, dayan!

 

 

Bir sevginin...

 

Bir sevginin yurd yeridi ürəyim 

İşığı da, ocağı da közərir...

Pəncərədən mənə baxan mələyim -

Sevgimizin qibləsini göstərir!

 

Budaqları puçurlamış xəyalım

Xatirələr nübarını daddırır...

Açıq-aşkar diqqət çəkən bu halım -

Kövrək ruhun hıçqırtısın çatdırır.

 

Kirpikləri ulduzlanıb gözümün,

Barmaqlarım ulduz dərir dinmədən…

Sən adın  da  bir dünyam var özümün - 

Dolaşıram o dünyamda sinmədən!

 

...Bir sevginin yurd yerində pərvanə

Əhdimi mən eləmişəm son andım!

Mən bu yolda çevriləndən sarvana -

Bir Allaha, bir də sənə inandım…

 

 

Arzu

 

Yeni ilin girişi -

təbii ki,

yanvarın ilk gecəsi

ömrün köhnə qədəri,

amma yeni küçəsi...

Qar olmasa da

havada şaxta var...

Bir çevrənin içində

"get-gəl" edirəm.

Saata baxmıram -

dəqiq bilirəm ki,

hələ vaxta var...

Bir də ki,

hara tələsirəm,

hara gecikirəm?!.

Axı bəllidir ki,

o gəlməyəcək

və onu gözlədiyimi də

bilməyəcək...

Çünki o -

gənc yaşımdakı

təbəssümlü xəyaldı...

Mən isə

həmən yaşda qalan -

xatirə...

Yanvarın ilk gecəsində,

doğum günümdə -

məni bəlkə

yuxusuna götürə -

Yeni ildən hədiyyə…

 

 

Gecə

 

Şaxtası diş göynədən,

Dilçəkdə söz donduran...

Bir mehin dalğasında,

Üzə qırov qonduran -

Gecə!

 

Bürüncək xatirələr

Ürəyin son ümidi...

Çətin ki, gətirələr

Lap ayrılıq kimidi -

Gecə!

 

Hönkürtü səssiz, acı

Xəyal didərgin, qaçqın...

Mənim ruhumun tacı

Gəlib niqabın açsın -

Gecə!

 

...Barmaqların tutumu

Əli güvənsiz edir...

Son deyilən budumu,

Kimsə kimsəsiz gedir -

Gecə!

 

 

Akademiyanın bağından reportaj

 

Dan üzü

yarıyuxulu

gözünün birini ovxalayır,

sonra da ikisini birdən...

Ağır yük qaldıranlar kimi

yataqda silkələnib

bir anda

qaldırır yerdən -

gecənin yuxusunu

şəhər adamı...

Əvvəl tək-tək

yəni damla-damla

görünür,

sonra artır,

yəni sellənir.

Hardasa,

lap elə akademiyanın bağında

saat 6-8 aralığında

bu qaynaşma

həm gölməçə olur,

həm də göl!

Bax bu ünvanda

xeyli müddətdir

bəlkə də artıq vərdiş,

və yaxud da adətdi -

hər kəsə

"Sabahın xeyir!" deyir -

sayqı və sevgi ilə

bir az kənd,

bir az da şəhər adamı -

Kəramət Böyükçöl!

 

 

Çiliklənir

 

Elə titrəyir ki, dilim-dodağım -

Demək istədiyim söz çiliklənir...

Sanki yağ tökülür odun üstünə -

Baxıb görürəm ki, köz çiliklənir!

 

Ruhumun səsini mən duya-duya

Gözümü zilləyib baxıram suya...

Məni diksindirmək istəyib, guya -

Ləpə qımıldanır - "göz" çiliklənir!..

 

Ümid budaqları kəsilir hər gün

Tənhalıq sıxdıqca əzilir hər gün.

Ürəyim o qədər nazilir hər gün -

Hətta şüşədən də tez çiliklənir…

 

 

İçimdə küsdüm

 

Bilirəm günahlarım

Hardan hara qədərdi...

Mənim yaşadıqlarım -

Alın yazım - qədərdi!

 

Dilini öyrəndiyim,

Dizinə söykəndiyim

Xəlvətdə kövrəldiyim -

Sığındığım kədərdi!..

 

Yanımdan ötüb keçən,

Kimdi tay məni seçən...

Mən ki, sənsiz bir heçəm -

Qalan nə var, hədərdi!

 

Sən tələsdin, mən susdum,

Hətta içimdə küsdüm!

Bil ki, Əbülfət dostum -

Məcnundan da betərdi!

 

 

Bir yaşamın pıçıltısı

 

Üşüyürəm, elə bil -

Döşənib buz üstümə...

Qatlananda dodaq, dil -

Çatdı  o qız üstümə!

 

Olmayıb hələm-hələm

Məndən yan keçə ələm!..

Canım yaraya bələm -

Səpildi duz üstümə.

 

Lakini, həm amması

Var sözümün əmması.

Olub ümid damlası -

Sən səssiz sız üstümə!

 

Demə sevmək bir anmış

Ürək odda ta yanmış!

Bilə-bilə, ya yanlış -

Salarsan iz üstümə!

 

 

Küləkli şeir

 

Novxanıda

cini oyanmış külək

at çapır dörd tərəfə -

yerə, göyə əl atır...

vecinə deyil heç kim,

heç nə...

Düşünmür

bu kimin evidi,

ya kimin bağıdı?

Sındırır,

uçurdur, dağıdır!..

Elə bil

dünyanın axırıdı!

Durub düşünürəm

bir anlıq -

Şair,

bu işin bir üzü aydınlıqdı,

biri qaranlıq...

Çalış duruş gətir,

bu yaşında!

Hər üzlü küləyin -

namərd körpüsündən

əyilə-əyilə

keçmə!

Yoxsa...

Yaşadıqların

bir heç nə!.

 

 

Düşübdü

 

(Bağ şeirlərindən)

 

Dolu elə budayıb ki, ləcəklər

Xəlbirlənib üzü üstə düşübdü.

Boy göstərən körpə şüylər, pöhrələr -

Budanıbdı - dizi üstə düşübdü...

 

Sel suları bənd-bərəni dağıdıb,

Qarşısına nə çıxıbsa axıdıb...

Buludların yelinləri sağılıb -

Kimlər isə qorxub, xəstə düşübdü...

 

Zamanında sən etsən də nə niyyət

Cəzasını qəfil verir təbiət!..

Bircə anda çalxalandı kəmiyyət -

Zil gedənlər enib pəsə düşübdü!

 

 

Əhatə dairəndə

 

Çəkilib bir kənarda oturanda

O qədər də maraqlı olmur adam...

Mən səni düşünəndə görürəm ki,

Bu qədər yaxınam, o qədər yadam -

Əhatə dairəndə...

 

Gördüyüm iş yazdığım sözlər kimi

Bütün sıralarda sonun sonunda...

Mən tarın əlavə edilmiş simi -

Səsi xoş gəlmir kiməsə onun da -

Əhatə dairəndə...

 

Varlığım yoxluğumu kölgələyir,

Yoxluğum da varlığımı, açıqca...

Üz-gözümə nəfəs yox, kölgə dəyir -

Bunu da hiss etdirirəm, acıqca -

Əhatə dairəndə...

 

Dörd divara, bir tavana, bir yerə

Bağlamışam diqqətimi, gözümü...

Mən sevirəm gecə-gündüz bir belə,

Amma görə bilmirəm ki, özümü -

Əhatə dairəndə!

 

 

Ümidli şeir

 

Ürəyimi tilsimləyən baxışın

Bircə anda lal elədi dilimi.

Dünya ilə kaş düz gəlsin naxışın -

Dua üçün mən açmışam əlimi!

 

Gözlərimdə gəzdirdiyim şəkilin -

Taleyimin sənə bəlli “sim-sim”i!

Allah özü olub sənin vəkilin -

Onun isə heç kim bilmir tilsimin!

 

Xoşbəxtəm ki, varlığına sevinib,

Bu dünyada görə bildim Cənnəti!

Yaradanım özü səni pir edib -

Buna şübhə etmirəm də mən qəti!

 

Layiq bilsən, sinəmdəki taxtını

Qollarımda yelləncəyin qurular...

Biz birlikdə bu sevginin baxtını -

Yaşadıqca, bulanlıqlar durular!

 

 

Dan üzünün pıçıltısı

 

Göy üzü gülümsəyir -

Üzümə gözlərintək...

Bu səhər sürmə deyil,

Göy üzün gözünə çək!

 

Qanadlanan ruhumun

İzi hopur səmaya...

Gözündən atəş damır -

Həm Günəşə, həm Aya!..

 

Bu cazibə dalğası

Buludları üşüdür...

Bunun var bir xatası -

Səsi ürək eşidir!

 

Baxışının sehrində

Bir sevgiyə gülürsən...

Bu ipucu mehrində -

Ölüm də var, bilirsən?!.

 

 

Yaşayıram...

 

Ümidlənib səslə, mehlə

Üz-gözümü yudum şehlə.

Bir az ahla, bir az "eh"lə -

Yaşayıram...

 

Dərd əbədi qarı düşmən,

Yarı dostdu, yarı düşmən!

Bilə həsrət - barı düşmən -

Yaşayıram...

 

Əridikcə ünüm ündə,

İtib-batır günüm gündə.

Bilən yoxdu hansı gündə -

Yaşayıram!

 

Boşdu ömür qalaçası -

Qalaların balacası.

Baxır gözün alacası -

Yaşayıram!..

 

Güc qalmayıb hay salmağa

Selbə atıb, pay salmağa...

Dəyərmi, belə qalmağa -

Yaşayıram?!

 

 

Ürəyim

 

Sıxıntısı hiss olunmur, duyulmur

Təkliyinə bükülübdü ürəyim...

Elə bilmə daşlaşıbdı, soyulmur,

Neçə yerdən sökülübdü ürəyim...

 

Heç adımı eşitmədim dilindən

De, nə çəkdin sən mən adlı dəlindən?

Ovcundaydı, elə sıxdın, əlindən -

Çiliklənib tökülübdü ürəyim!

 

Həmsöhbətəm sorağınla, sədanla

Buna görə nə inci sən, nə danla!..

Gecə-gündüz baxışınla, ədanla

Şumlanıbdı, əkilibdi ürəyim...

 

Kirpiyimi suya salır bu gilə

Varlığımı hisslərinə yurd elə!

Bu manqalın közü çoxdu, su çilə -

Artıq şişə çəkilibdi ürəyim!..

 

 

Dənizə yağan yağış

 

Dənizə yağan yağış,

Səni sular udacaq!

Şipşirin dadını da -

Bu dəniz unudacaq...

 

Bircə balıqlar səni -

Muncuq kimi sayacaq...

Sənin damlalarınla -

Üz-gözünü yuyacaq...

 

Qağayılar havada

Tutmağa cəhd edəcək...

Damlalar dimdiklərdən -

Yayınıb yan gedəcək...

 

... Sən suların yanağın

Həsrətli tək öpürsən...

Qovuşmaqçün sevginə -

Yağış, qurban gedirsən!..

 

 

Anlaşılmazlıq

 

Sabahın xeyir, şeir!

Sabahın xeyir, qələm!

Bu yağışlı gecədə

Olmuşam bələm-bələm -

Fikirlərə...

 

Ulduz kölgə salmayıb,

Ay xəyala dalmayıb...

Tay ümidim qalmayıb,

Bu yağışlı gecədə -

Zikirlərə...

 

Təklikdən sıxıldığım

Sirr deyil yıxıldığım...

Öpərək sığındığım

Bu yağışlı gecədə

Şəkillərə...

 

Axşamın xeyir, qələm!

Axşamın xeyir, şeir!

Bu açılan sabaha

Hər kəs istəyin deyir -

Bənd olma vəkillərə!

 

 

İçimdə oxunan şeir

 

("Bir Qadına" silsiləsindən )

 

Oxşayıb ləpələri

Pıçıldadım adını...

İstədim dəniz duysun -

Qız, adının dadını!

 

İçimdəki duyğunu

Hördüm saçın uyğunu...

Qarışdırma yuxunu,

Həyatımın qadını!

 

Sən möcüzə etmisən,

Muradına yetmisən!

Tilsimləyib getmisən -

Bir şair həyatını!

 

 

Mən

 

Çəkilib getdi hər kəs

Bir təklik qaldı, bir də mən...

İçimdə titrədi bir səs -

Hələ ki, təkəm yerdə mən!

 

Bu ömür küt getmiş fətir

Bir az da tər hopmuş ətir...

Misra-misra, sətir-sətir -

Bir az varam şeirdə mən...

 

Salıb həsrət məni atdan

İbarətəm quru addan...

Sim-simi çıxartdın yaddan -

Batıb qaldım o sirdə mən!

 

 

Cavabsız sual

 

Üstümə kölgə düşüb -

Kədərdi...

Kədər donun dəyişib -

Qədərdi...

 

Günün calağı yoxdu,

Yoxun balağı yoxdu.

Ayla talağı yoxdu -

Hədərdi...

 

Yola verib cüməni

Tikdim bu boş küməni...

Görməyibsə kim məni -

Nə dərdi!?.

 

Ömrün budağı əylib

Dilin dilçəyi yeylib...

Nə vardı hamsı deyilib -

Nətərdi?!

 

 

Ölüm

Dünən daha bir əzizimi, doğmamı yaşı 60-a çatmamış qəfil itirdim... Namərd ürək... Namərd ölüm!..

 

De, bəlkə küləksən anidən əsən,

Ya daşsan, sürüşüb qəfil yol kəsən?

Olanlara inanmaq olmur bəzən -

Ölüm?!.

 

Fərq qoymur kimdi, ya hansı təbəədi,

Dəyişmir heç vaxt ünvanı, məbədi.

Varsan bütün zamanlarda əbədi,

Ölüm!

 

Bütün göz yaşların, səsləri udur

Səbrini həmişə gizlində tutur...

Hər kəsə deyir ki, sakitcə otur! -

Ölüm...

 

Varlığı bəllidi, yerini bilən -

Yoxdur ki, hay salsın - ölümdü gələn!

Hamıya, mənə də sonuncu gülən -

Ölüm!

 

 

Dünənki gecənin şeiri

 

Qoymadım ki, yuxu sərsin üstünə

Kirpiyimdən yenə asdım gecəni...

Səhərəcən dayanaraq qəsdinə -

Çözdüm min yol mən, ağlımdan keçəni...

 

Ulduzların mindən ötən sayını -

Ay elə ki, bədirləndi - itirdim...

Düyün saldım fikirlərin yayını -

Bu gecəni "qaç-qov" ilə bitirdim.

 

Gizlədərək ürəyimin ağrısın

Gözlərimin kökünəcən sıxıldım...

Dözüm adlı Allahın son sarğısın -

Daşıyaraq, dizinəcən yıxıldım...

 

Bu gecənin arxasınca su atıb

Səhərində gün görməyi ummadım...

Yorulubdu, qolumda saat yatıb,

Bu gecə mən, heç gözümü yummadım...

 

 

Əbədi ayrılığın ağısı

 

Yorur məni fikir çəkmək, ah çəkmək

Heç bilmirəm necə çıxım quyudan...

Həsrət edib ürəyimi lap lək-lək

Tənhalıqdı əllərimi soyudan...

 

Düşündükcə dönməyəcək anları

Həyat düşür damcı kimi gözümdən...

Mən canımdan qopub gedən canları -

Qaytarmağa yol tapmıram özümdən...

 

Günahını da yumuram kiminsə

Qədərimin şələsidi çiynimdə...

Etiraf da eləmərəm, bilinsə -

Çəkdirdiyin yaraşıqdı əynimdə...

 

Əzablıdı dörd divarla danışmaq

Dilim bəzən heydən düşür, söz itir...

Qaçılmazdı axirətlə barışmaq -

Orda axı söz gücsüzdü... söz bitir!

 

 

Vaxtı...

 

Gecəm qara, gündüzüm də dumanlı

Ümidimin özü belə gumanlı...

Ətrafımda neçə cürə imanlı -

Öz-özümlə anlaşmadım heç vaxtı...

 

Sən xəyala çox da dalma, amandı

Ürək andır sızıldayan kamandı...

İndi elə bir qəribə zamandı -

Heç bilmirsən nə vaxt gəlir köç vaxtı...

 

Dağ dərəyə kölgə salmır - küsübdü

Dərə dağdan tay əlini üzübdü...

Qədər sənin son badəni süzübdü -

Ay Əbülfət, götür-qoy et, seç vaxtı...

 

 

Aşağı...

 

Gözümə yük olan yorğunluğumu

Çırpdım kirpiyimdən yaxam aşağı...

Səni göy üzündə axtardığımdan -

Çəkindim, nə vaxtsa baxam aşağı!..

 

Əyildi üstümə həm duman, həm çən

Çiləndi ömrümə nöqtə-nöqtə dən...

İstədim özümü uca nöqtədən -

Qaldırıb başıma, çaxam aşağı!

 

Çırpıntı içində yaralı Qutək...

Qalıb öz-özüylə Əbülfət - bu tək!

Bacara bilmədim, bir damcı sutək -

Sızıb qayalardan axam aşağı...

 

 

Heç nə...

 

Donub bütün istəklər,

Qalmayıb isti heç nə...

Altda hər şey maraqlı -

Tay onun üstü... heç nə!..

 

Adımı andırmadı,

Eşqə inandırmadı...

Od ki, əl yandırmadı -

Tay oldu tüstü... heç nə!..

 

Çox yüyürdük, çox qoşduq

Keçmədi xoşaxoşluq!

Ölümdən o yan boşluq...

Deməli qəsdi heç nə!

 

 

Titrəyən dodaqlar, gizlənən gözlər

 

Yuxumu didərgin, özümü dəli -

Edib mənim kimi dözümü dəli!

Deyəcəm hər yerdə sözümü dəli -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

 

Ahım ayaq altda, günüm ələkdə

Ruhum qundaq kimi donur bələkdə...

Heç nə hiss etdirmir susan mələk də -

Titrəyən dodaqlar, gizlənən gözlər...

 

Qəlbimi etsən də həsrətə daxma,

Dolan buludları üzünə taxma!..

Adımı söyləmə, şəklimə baxma -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

 

Yolum kəsişmədə, izim keçiddə

Ürək yorulubdu, ömür keçib də!

Məni ta görməzsən bizim keçiddə -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

 

 

Yaşadığım soyuqluq

 

Elə soyuq dindirdin,

Bu pıçıltı yad gəldi...

Dilinə nə həmin söz,

Nə də həmin ad gəldi...

 

Pıçıltın uzaq qütbün

Buz qatından sızırdı...

Bu sızıltı qəlbimi -

Neştər kimi cızırdı...

 

İçimdəki od-alov,

Buza, suya dönürdü...

Demək istədiklərim -

Dodağımda sönürdü...

 

Fəhm edə də bilmirdim

Günahını bu anın.

Donurdum soyuqluqdan -

Açıq-aşkar, inanın!

 

Hələ də yan baxıram -

Buza, soyuq suya da...

Qəlbim bükülü qalıb -

Buz adlı mumiyada!..

 

 

Niyyət

 

Niyət tutmuşam, gecəni

Yatmağa qoymayacam mən.

Sənin adına dualar -

Etməkdən doymayacam mən!

 

Demirəm ulduzlar qədər,

Bəlkə ondan bir az da çox!

Rəqəm söyləmirəm hədər -

Səni sevmişəm gözü tox!

 

Mənim niyyətim gecəni -

Səninçün oyaq tutmaqdı...

Bir də ki, olub-keçəni -

Bu həsrəti unutmaqdı!

 

 

Bir gilə ümid

 

Bax gör, yaraşırmı bu qəm -

Mübarək! - söylə, geyinim.

Bir az üşüyən kimiyəm -

Geyinsəm, isinər əynim.

 

Açarı pas tutmuş bəxtin

Görmədim heç bir xoş vaxtın.

Sən ay, sevilən xoşbəxtim -

Danışdır, açılsın eynim!

 

Qıymasan da sözə, dilə

Baxışınla ümid çilə!

Düşsün mənə bircə gilə -

Mən də susum, az deyinim!

 

 

Vaxtdı, ürəyim

 

Gecikdim qapıda qarşılamağa

O da ki, izinsiz keçdi içəri...

Gücüm də çatmadı qarşı çıxmağa -

Onu doğmasıtək seçdi, içəri!

 

Zərbələr aldıqca hiss elədim ki,

Gah sinəm göynəyir, gah da kürəyim...

Həsrətə bilmirəm mən neylədim ki,

Qaldı ortalıqda duyan ürəyim!..

 

Dözüm əridikcə təklik gücləndi

Ağrı da qol-qanad verdi kədərə...

Düz etdim, ya yanlış... amma əzəldən

Qapım açıq oldu hər vaxt qədərə...

 

Sorğusuz, sualsız gələn sevgiyə -

Ev-eşik, həm də ki, taxtdı ürəyim!

Ona əl açmadım mən ki, sev!- deyə

Bu sirri özün aç, vaxtdı, ürəyim!

 

 

Mən də qısqancam

 

Saçını küləklərə

Açıq-aşkar daradır...

İçimdə qısqanclığa -

Qəsdən səbəb yaradır...

 

O saçlara sığalı

Xəyal edən əlimin...

İndi necə gizlədim -

Yaşadığı zülümün?!.

 

Kaş külək şıltaqlığı

Qəfil qəlbimə dola!

O saçlarla öpüşən -

Əlim də xoşbəxt ola!

 

... Qısqanclığımı sənə

Bu şeirimlə bildirdim.

Bu yaşımda, səni də -

Mən özümə güldürdüm!

 

 

Hönkürtünün sədası

 

Elə hönkürür ki buludlar, sanki

Göy qopub düşəcək yerin üstünə...

Zənnimcə buludlar bu an inan ki,

Durublar göyün, həm yerin qəsdinə!

 

Şimşək işığında iri damlalar

Ələnir mirvari dənəsi kimi...

Aşkar diqqətimi çəkən buludlar -

Əsir göy üzünün çənəsi kimi!

 

Yaşanan məqamda təlaş, vahimə

Buludsa özünü sıxıb boşaltmır...

Anam nəvələrə təsəlli üçün -

Görürəm, əlini göyə boş açmır!

 

Bir dəli nərədi göy gurultusu

Özünü partlatmaq gerçəkliyidi...

Bir az da göylərin dərinliyindən -

Nə varsa onlardan yer çəkdiyidi!

 

 

Təzələnən xatirə

 

Bir çətirin altındaydıq ikimiz

İçimizdə damlaları sayırdıq...

Bir nöqtədə kəsişirdi fikrimiz -

Ruhumuzun hərarətin duyurduq...

 

Aradabir saçın dəyir üzümə

Büdrəyirəm… utancaq bir təbəssüm...

O saçları... deyinirəm özümə -

Öpmək üçün gecikdim, gah tələsdim...

 

Bəzən külək güc göstərir... həmin an

Az qalır ki, əldən alsın çətiri...

Təlaşıma həyan çıxır bu zaman -

Ümid verən baxışının ətiri!

 

Xatırəsi, o küləkli yağışın

Çoxdan aşıb bir çətirin sərhəddin...

Xatırladıb sevgimin bir naxışın -

Əbülfətin ürəyini tərpətdin...

 

 

Təbrik məktubu

 

40 yaşını ezamda olduğu azad Kəlbəcərdə qarşılayan dayağım, qürurum və davamçım olan oğlum Babəkə - Atillamın atasına

 

Gözümdə həm uşaq, həm də cavandı

Adıma, soyuma təkdi, davamdı!

Mənim nəfəsimdi, həm də havamdı -

Oğlum!

 

Odum, ocağımdı, hətta közümdü

Güvəncim, ümidim, həm də dözümdü.

Qələmim, dəftərim, bütöv sözümdü -

Oğlum!

 

Dünyamdı - sevincim, qəmim yerində

Artığım, əskiyim, kəmim yerində...

O mənəm, duracaq mənim yerimdə -

Oğlum!

 

Rəqəmlər həminki, ötənsə ahdı

Baxıb öyünməmək böyük günahdı!

Ömrümə açıılan nurlu sabahdı -

Oğlum!

 

Allahın lütfüdü - Tanrı payıdı

Bir nəslin sevinci - hay-harayıdı...

Atadı, əmidi, hətta dayıdı -

Oğlum!!!

 

Gün sənin, söz mənim, sevinc hər kəsin

Tanrı nə verəcək, olsun o, bəsin!

Gəlsin yüksəklərdən qürurlu səsin -

Oğlum!

 

 

Bax orda...

 

Sözün gücü çatmır, gözlə deyəcəm

Alovla, atəşlə, közlə deyəcəm...

Nə qədər sağamsa, "Gözlə!" deyəcəm -

Başına dönəcəm elə, bax orda!

 

Sənə gətirəcəm canımda məni

Görmək istədiyin yanında, məni!

Duyğulu, ən kövrək anında məni -

Başına dolandır, belə, bax orda!

 

Gecə də, gündüz də zaman sualsız

Gəl deməyin etməz ki, məni halsız!

Yaşaya bilmirəm daha xəyalsız -

Mizrab da ta yatmır telə, bax orda!

 

 

Təbiət deyirsə...

 

Alışıb od saçır, alov püskürür

Günəş havalanıb, yandırır yeri.

Civə sütunları qaynayıb daşır -

Günəşsə bir addım çəkilmir geri!

 

Dodağı çatlayıb tumurcuqların,

Qovrulur, saralır güllər, çiçəklər...

Anlaya bilməyir öz günahların -

Səs-səsə veriblər quşlar, böcəklər...

 

Günəşdə partlayış, yerdə zəlzələ -

Sınaqmı, cəzamı bu qarşıdurma?!

Bəs nədən insanlar anlamır hələ -

Təbiət deyirsə, mənə əl vurma?!.

 

 

Üstündən

 

Çəkisi artıbdı kirpiklərimin

Çırpıb tökməliyəm nəmi üstündən...

Duasın edərək sevdiklərimin -

Silib, ötməliyəm qəmin üstündən!

 

Yolu doğramadan, kəsələmədən

Ayaq da qoymadan izin üstündən...

Ruhu oyatmadan, səs eləmədən -

Öpüb qaldıracam dizin üstündən!

 

Adı söyləmədən, pıçıldamadan

Gözlə götürəcəm sözün üstündən...

Həmişəyaşıltək puçurlamadan -

Kölgətək keçəcəm közün üstündən!

 

Görüş sevincinin iki damlasın

Dodaqla siləcəm üzün üstündən.

Süz, fikrin çəkdiyim qəmdə qalmasın -

Bundan şirin nə var, yüzün üstündən?!

 

 

Utanır

 

Cibimdə durumum üşüyür -

Utanır əlimdən...

Cismimdə qürurum üşüyür -

Utanır ölümdən!..

 

Üzümdə təbəssüm ərimir

Gözümdə kədərim kirimir...

Ümid də yanaşı yerimir -

Utanır gülümdən!

 

Səssizcə üyünür dözümüm,

Tapa da bilmirəm çözümün.

Tay duzu da qaçıb sözümün -

Utanır dilimdən...

 

 

Bir az da...

 

Ovutmağa çalışıram ruhumu

Bir az səslə, bir az sözlə, bir az da...

Çin etməyə çalışıram yuxumu -

Xəyalların köməyiylə bir az da!..

 

Küləklidi yaddaşımın otağı

Seyr elədim bu dərəni, o dağı!

Yarpaqları pıçıldaşan budağı -

Doğma gördüm mən özümə bir az da...

 

Xışmalayıb elə bil ki, əlim dən -

Sürüşərək duman çıxdı əlimdən!

Bir misra de, Əbülfəttək dəlindən -

Lap şirin gəl sən gözümə bir az da!

 

 

Akkord

 

Donub bir nöqtədə, itirib səmti,

Nə irəli gedir, nə də ki, geri.

Ay ürək, az sıxıl, azacıq tənti -

Allah görüş üçün yaradıb yeri.

 

Halın da qalmayıb zikir etməyə

Ağlının ucuna guman da gəlmir...

Tutub ətəyindən fikir etməyə -

Gözünün önünə duman da gəlmir...

 

Gör hansı gündəsən, hansı saatda

Budanmış, qurumuş ağac fonunda...

Yerin tapılmadı gerçək həyatda -

Qazancın boş ovuc - ömrün sonunda...

 

Donub bir nöqtədə büründüyüm ah,

Bir də xəşəm olub xışlanan ümid!

Özün yazdığına nöqtə qoy, Allah -

Verilsin arxivə sonuncu cilid!..

 

 

Mənim sevinc payım

 

Xəyallarım suya düşüb, nəm çəkir

Məni yerdən üzü göyə qəm çəkir...

Yaradanım niyə belə kəm çəkir -

Mənim sevinc payımı?

 

Gecə-gündüz yuxulu, ya mürgülü

Pir elədim öz sevgimə bir gülü!

Bəyənmədi bu dünyanın kür gülü -

Mənim sevinc payımı!

 

Hər bir kəsə sonda gülən tək Odu!

Haqq edilən nədi, bilən tək Odu!

Artığını pozub silən, tək Odu -

Mənim sevinc payımın!

 

 

Dağ yolundakı mənzərə

 

Ətəyini duman çəkib üstümə

Aradabir çiskinini ələyir...

Arxamca o, baxa-baxa şəst ilə -

Elə bil ki, xeyir-dua diləyir.

 

Dağ müdrik görkəminə dalıbdı,

Ərənlərtək boy-boyadı qayalar...

Çox şükür ki, pozulmadan qalıbdı -

Şəlalədə yenə həmin həya var!

 

Min çalarda düzənliklər, yamaclar

Ruha hopur çiçəklərin ətiri...

Oxuduqca kəkliklər, həm turaclar

Xoşhal olur dinləyənin xətiri.

 

Vaxt borc alıb mən, ötən bu zamandan

Ürəyimə fürsət verdim, yaşasın...

Düşündüm ki, yapışdığım samandan -

Tutub o da ömrü başdan başlasın!

 

 

Qalsın

 

Getmə, dayan, geri bax,

Qoy ruhum diri qalsın!

Baxışın möhürlənsin -

Üzümdə yeri qalsın!

 

Dayan, keçim soluna

Nur çilənsin yoluna!

Sevinc girsin qoluna -

Kədərsə, geri qalsın!

 

Dayan, duy gülün səsin

Əbülfət gülümsəsin!

Məzarı bilinməsin -

Haditək, şeiri qalsın!

 

 

Gözlədim

 

Açılmadı bəxtin ümid çiçəyi

Neçə gündüz, neçə gecə gözlədim...

Ağardaraq bu yolda saç-birçəyi -

Qoşulmadan heç bir köçə, gözlədim...

 

Pərvanənin vüsal andı şamdadı,

O, həsrəti yanmaq ilə tamladı...

Güman özü zərrədi, ya damladı -

Onları da seçə-seçə gözlədim...

 

Zaman-zaman görüşmədən, görmədən

Baxışımla saçlarını hörmədən...

Hisslərimi qapatdığım türmədən -

Çıxarmadan, demədən heç, gözlədim!

 

Gözlərimə qan sızdırıb, qan, keçdin...

Ya bilmədin, ya da bilib yan keçdin!

Əbülfətdən işıqtək hər an keçdin -

Allah bildi, səni necə gözlədim...

 

 

Təkliyimlə söhbət

 

("Bir Qadına" silsiləsindən)

 

Sənin şəkillərin tutur dilimdən

Bütün suallarım cavabın alır...

Yapışıb, gəzdirir mənim əlimdən -

Anında ən böyük səvabın alır.

 

Görüşə çevrilib bütün şəkillər

Bütün söhbətlər də söz-söz yazılıb...

Məni imtahana səssiz çəkirlər -

Qarşımda "en" qədər sual asılıb!

 

Yaxamı heç nədən çəkmirəm kənar,

Bir də, ötən vaxtın acıdı mehi...

Ürəyim nazilib, o hər an sınar -

Qurumaq da bilmir gözümün şehi...

 

Sənin şəkillərin ömür ortağım

Qoymur yıxılmağa, qoymur çökməyə...

Şəkil işığını geyən otağım -

Alışıb, albomu açıb tökməyə...

 

 

Ən böyük günah

 

Mən heç bir zaman sevincin

Qapısın kəsib durmadım.

Sevincimi kül edənin -

Heç vaxt üzünə vurmadım!

 

Qismətim kədərdi dedim

Hər şeyə - Qədərdi! - dedim...

Haqq bura qədərdi, dedim,

Heç kimin qəlbin qırmadım...

 

Acını da səssiz yedim,

Söz-söhbətsiz, bəhssiz yedim...

Doğrudu, həvəssiz yedim

Başqa bir xəyal qurmadım!

 

Duam birdi - axşam, sabah

İçimdə sevgi və Allah...

Unutmaq ən böyük günah -

Bildim, bir daha sormadım!

 

 

Önümə

 

Qayadı, dağdan qopubdu

Yüyürüb çıxıb önümə...

Sanki gəzdiyin tapıbdı -

Özünü yıxıb önümə.

 

Dərdin də xanı, bəyi var

Nimdaşı, hətta "səy"i var.

Canında səssiz nəyi var -

Beş əllə sıxıb önümə...

 

Tay yoxdu küsməklə işim

Yolun gözləmirəm "şeşin"!

Çünki, dərd sıxaraq dişin -

Qoşunun yığıb önümə!

 

 

Danışır

 

Bu bir möcüzədi, ya da nağıldı

Gözümün içində gözün danışır...

Hər yandan gözümə gözün baxırdı -

Gözlərin gözümün sözün danışır!..

 

Əsən Xəzridimi, yoxsa gilavar,

Nə yaman olubdu gözün dilavar!?

Kirpiyin ucunda iki gilə var -

Onlar bir-birinə özün danışır...

 

Kükrəyir içimdə min illik həvəs,

Gözüm gözlərindən aldıqca nəfəs.

Əbülfət, özünü sən öymə əbəs -

Adından çınqın, gah közün danışır...

 

 

Kim desin...

 

İlahi, mən adlı bəndə

Sığışmır şəhərə, kəndə...

Hər şeyi görürsən sən də -

Sonuncu sözü kim desin?!.

 

Dağdan daşmı hellənəcək,

Gözdən yaşmı sellənəcək,

Kim sonacan yellənəcək,

“Bir az da döz"ü kim desin?!.

 

Sevdiyim Ruhun özüdü

Odu, ocağı, közüdü!

Bu ki, elə O, özüdü -

Tay başqa “özü” kim desin?!.

 

Nə qaldı məni öyməyə

Bir yol ver geri dönməyə!..

Canda həvəsi sönməyə -

Qoyma, bu közü kim desin?!.

 

Əbülfət Sənə səcdədə,

Bu ki, ən ali Həcc, dədə!

Getmirəm, qalmıram... nə də -

“İlişdim, çöz”ü kim desin?

 

 

Günümün şeiri

 

Yenə də için-için

ağrıyan ürəyimi...

Ümidini tək sənə -

bağlayan ürəyimi -

Həkimlər açıb-töküb...

Gör neçə ağ xalatlı

başına yığışıbdı...

Ürəyim bu tünlükdən

bir az da sıxışıbdı.

Həkimlər açıb... büküb...

Sinəm də ki, əzəldən

olmayıbdı fərari…

Baş həkim açıqlayır -

astaca son qərarı -

Bu ürək artıq çöküb!..

 

 

Demərəm ki...

 

Xəyal məni aparırdı… getdiyim

Diqqət çəkən küçə geniş... səki dar...

Mən özümə görüş yolu etdiyim -

Bu səkinin sonuna bir ümid var!

 

Nə ölçürəm, nə də sürət seçirəm

Gözübağlı adam kimi keçirəm...

Ruh kimiyəm, misqal-misqal köçürəm -

Elə bilmə vərdişkaram, vərdişkar!

 

Yarılıbdı dözümümün səngəri

Sözə baxmır günlərimin ləngəri!

Ürəyimi oyur həsrət çəngəli -

Sən bir ovçu, mən yaralı bir şikar...

 

Geniş küçə... paraleli dar səki

Təzaddımı, yoxsa bu da qədərdi?!.

Yerim olsun ürəyində yar, təki -

Demərəm ki, çəkdiklərim hədərdi…

 

 

Üstünə

 

Qoyma kökdən düşsün qəmi,

Bir az da duz bas üstünə!

Tərəddüdsüz ayağını -

Həvəslə, qız, bas üstünə!

 

Bəxt adımı qaralayıb

Sol yanımı yaralayıb...

Nə bilirsən sıralayıb -

Təki sən düz bas üstünə!

 

Görünür sonum, axırım

Mənlə gedəcək paxırım!

Gözləmə ki, mən çağırım -

Gəlib göz, üz bas üstünə!

 

Əbülfətin qalan adı

Olsun ömrün ağız dadı!

Nə qədər ki, yadındadı -

Arada iz bas üstünə!

 

 

Bir az küskün şeir

 

Əlim havadadı - tutacaq yer yox

Allah da ətəyin yığıb yuxarı...

Sonuncu ümidim olan bu varlıq -

Çıxıbdı, bir az da çıxıb yuxarı!

 

Hara getməyimin ta mənası yox,

Boşluqdu dünyada yolların sonu!

Kimə deyəcəm ki, getməyimdən qorx -

Onsuz da getməyim qorxutmur onu!..

 

Bütün gerçəkliklə sevgi yaşadım

Nə giley edənəm, nə də ki, küfür...

Bütün duaları sənlə başladım -

Tay məndən qurtuldun, sənə çox şükür!

 

 

Sevmək üçün doğuldum

 

Mən necə sevirəm bir Allah bildi,

Bir də ki, ahlarım hopan dörd divar...

Mən belə sevirəm gör neçə ildi -

Sevməsəm dörd divar özüldən qopar! -

 

Mən sevgi təşnəsi, ülfət acıyam

Doymuram pərvanə, həm şam olmaqdan...

Bir az bal kimiyəm, bir az acıyam -

Həm səhər, həm də ki, axşam olmaqdan!

 

Unutmaq hissimi silmişəm qəlbdən

Xatirə tonqalı sığındığım yer...

Əl uzat, çıxmayım heç vaxt bu təbdən -

İynə ucu boyda mənə ümid ver!..

 

Həyat, dalğalanan acımaz dəniz

Sahilə atılmış başqa ta kiməm?!

Allahı və səni sevən bəndəniz -

Sevgidən doğuldum, Sev!-ə təkiməm!!!

 

 

Külək

 

Giribdi qoluma köhnə ərk ilə

Telimlə oynaya-oynaya gedir...

Hətta aradabir alır tərkinə,

Cilovsuz kəhərtək tozanaq edir -

Külək...

 

Xəzər sahilində üfüq güləndə

Dənizdən boylanır ağ lələkləri...

Səslənir özünü xoşbəxt biləndə

Qağayı deyilən su mələkləri,

Külək!

 

Altında durduğum uca bayrağın

Meydanı genişdi, dalğası layla...

Onun əzəmətin, onun sorağın

Yayır dörd tərəfə harayla, hayla -

Külək!

 

Gördüyüm mənzərə qələm-dəftərsiz

Yaddaşa yazılır, gözlərə köçür.

Arada deyəsən qısqanclıq edir -

"Sarmaşıq" gənclərin üstündən keçir -

Külək!

 

 

Susdum

 

Sən məni dindirmədin,

Mən də susdum.

Nə isə bildirmədin

Mən də susdum...

Bir az su kimi axdın,

Bir az yandırıb-yaxdın...

Bir az yanakı baxdın

Mən də susdum...

Adını and etməyə,

Dilimə band etməyə...

Boş bir inad etməyə -

Mən də susdum...

Sənə və ONA inam -

Əbədi sona inam!

Qoymadı ki, mən sınam -

Dil də, susdum…

 

 

Sənin xəyalın da...

 

Gündoğandan günbatana sən məni

Gəzdir xəyalında, gəzdir ruhunda!

Adıma ümidin kəndirlərini -

Kəsdir xəyalında, kəsdir yuxunda!

 

Yarıb bu dünyanın dumanın, çənin

Tapdım həyatımın ortağın, tənin...

Sən elə bilmə ki, mənimçün sənin -

Səsdi xəyalın da, səsdi ruhun da!

 

Bir can gəzdirirəm mən öz canımda

Odur nəfəsim də, odur qanım da!

Tanrı qapısında, ən son anımda -

Bəsdi xəyalın da... bəsdi ruhun da...

 

İçimdə közərən sonuncu qordu

Məni tənhalığım çox erkən yordu!

İndi anladım ki, həsrətə tordu -

Qəsddi xəyalın da, qəsddi ruhun da!

 

 

Ağrının şeiri

 

Gecənin ağırlığı

Çiyinlərimdən basır...

Allah məni bu gecə

Ayaqlarımdan asır -

Buluddan...

 

Ulduz axır, gözümün

Pərdəsinə toxunur...

Pıçıltılarım zilin

Pərdəsində oxunur -

Umuddan!..

 

Açıq qalan əllərim

Gecəni səssiz didir...

Göyərən ümidlərim

Deyir, tay gecə bitir -

Umudlan!!!

 

 

İlğım təsəlli

 

İndi anlayıram, indi duyuram

Sən demə bəxtin də yazı, qışı var...

Özümə təsəlli üçün deyirəm -

Allahın əlində çoxlu işi var!

 

Daha çox gileydi, bir də küskünlük

Mənim öz bəxtimə aşkar iradım!

Həmişə arayıb, gəzdim düzgünlük -

Qoymadım büdrəsin bunda inadım.

 

Özümü nə qədər haqlı bilsəm də,

Duruxdum qarşıma qaya çıxanda...

İçim buz bağladı deyib-gülsəm də,

Hətta ərimədi yaya çıxanda.

 

Bilmədim heç kimin qapısın döyüm

Asi olmağım ta günahdan keçib...

Halıma acımır tay yerim, göyüm -

Ümid işıqlarım Allahdan keçib...

 

 

Tənhalıq cizgisi

 

Dörd divardı, göz yaşıdı, bir də mən -

Qınayaraq öz-özümü, yazıram...

Elə bil ki, oturmuşam Pirdə mən -

Yerə, göyə baş əyməyə hazıram!


Ah çəkmirəm, küfür keçmir ağlımdan

Düşündüyüm Haqq dərgahı, bir də sən!

Bilən bilir, mənim ömür nağlımdan -

Sən qəlbimə hakim olan sirdəsən!

 

Öz günümü öz gözümdə suvarıb

Quraqlığı gen tuturam qəmimdən...

Bildirçinlər sünbülünü aparıb -

Saman qalıb biçmədiyim zəmimdən...

 

Mən təkliyin hər anını yaşamaq -

Məhkumluğun hopdururam ruhuma...

Dörd divarla, göz yaşıyla barışmaq -

Gerçəkliyi yaxın gəlmir yuxuma!

 

 

Hər yer...

 

Yenə vərəqlənir, yenə yaddaşa -

Əlini uzadır durduğum hər yer...

Gəlir mənim ilə səssiz baş-başa

Özümü od-közə vurduğum hər yer...

 

Tanıya bilmirəm mən bu halımı -

Sual leysanında səbrim daralır...

Nə isə, kim isə sıxır canımı -

Dizlərim titrəyir, gözüm qaralır...

 

Quyu dibindəki kəndirsiz adam,

Ya da ki, üzülən sapdan tutanam.

Yerəmi, göyəmi bu qədər yadam -

Hansısa əmələ görə utanam?

 

Özümtək həm qaynar, həm də ki süstdü

Mənim dayandığım, durduğum hər yer...

Gah gülüb-danışdı, gah da ki, küsdü -

Dağıldı yuxuda qurduğum hər yer...

 

 

Əhvalımın şeiri

 

Gözlərimlə çiçəkləri dərmişəm

Gözümə bax, gözlərinə köçürüm!

Gözlərimi kirpiyinə bənd elə,

Gözümdəkin gözlərindən keçirim!

 

Dolaşıram yer üzünün səthini

Yol tapmaqdı dünyada ən çətini!

Bulaqların, çeşmələrin mətini -

Gözlərimdən gözlərinə içirim!

 

Hay-harayım bulud sıxıb - şeh səpir,

Bu tıncıxan ürəyimə meh təpir!

Gecə-gündüz deyə-deyə "Ya səbir!"-

Mən də sənin yar, boyuna biçilim!

 

Çətin deyil hal soruşub, hal tutmaq

Keçib getdi o köhnə dəb - şal tutmaq!

Qismət deyil Əbülfətə bal tutmaq -

Qoyma ki, ta barmaq-barmaq kiçilim!

 

 

Dağ boyda kişi

 

 Aydın, kübar, dəyanətli, təmənnasız, bəy oğlu bəy dostum, güvəncim Cingiz ƏLİOĞLUNUN ruhuna

 

Kədəri qapında gözlət deyirdin,

Qoyma hakim olsun içində sənə!

Gizlət göz yaşını, gizlət deyirdin -

İndi kim deyəcək bunları mənə?!.

 

Sən sözün bətnində, söz də canında

Kübarlıq üzürdü, vallah, qanında!

Kiçik görünürdü çoxu, yanında -

Hamının da əli çatırdı sənə!..

 

Yerişin, duruşun, hətta səsin də -

Yoxuydu dünyanın heç bir kəsində!

Allahın insanlıq mərtəbəsində -

Tək idin, yek idin, səndin bir dənə!

 

Saflığın, paklığın, həm də tamlığın

İşində, sözündə tam adamlığın!

Sən idin güvənib tamamlandığım -

Dostluq miras qoyub getdin sən mənə…

 

 

Saatda…

 

Yenə həmin yerdə, həmin keçiddə

Gəlib dayanmışam, gözüm saatda...

Vərəqlər çevrilir hər an içimdə -

Nələr axtarıram özüm saatda?!.

 

Gah asi oluram, gah biət edən

Vüsalı əbədi, son niyyət edən.

Tək mənəm kədərlə ünsiyyət edən -

Dəyişmir heç vaxtı sözüm saatda!..

 

Bulud göydən yerə damcı sallayıb

Gözlərim torlanıb, saçım çallayıb...

Qalmayıb, ilahi, vallah qalmayıb -

Nə məndə, nə də ki, dözüm, saatda!..

 

Həsrətdi ruhumu qovub tərlədən,

Fikirdi, ağrıdı məni çərlədən...

Sözü şişə çəkib nəfəs dərmədən -

Çatdırdım, sönmədən közü, saatda!..

 

 

Təbrik

 

Bu gün nəvəm Fatehin 3 yaşı tamam oldu. Allah onu sevənləri və sevdikləri üçün qorusun! Sayılıb-seçilən fatehlərdən biri olsun!

 

Gəlişinə sevindiyim bu günü

Yaddaşıma ürək deyib, yazmışam.

Sənin üçün qurulacaq düyünü -

Hamılıqla görək! - deyib, yazmışam.

 

Dünya geniş, bizə düşən bircə lək,

Sən Vətənin şərəfini önə çək!

Bərəkətin ən müqəddəs rəmzitək -

Halal olsun, çörək! - deyib yazmışam.

 

Dəyişsə də mən gördüyüm bu dövr,

Ümidlər də sənlə birgə boy verir...

Ad günündə dinlə, baban nə deyir: -

Yurda Fateh gərək! – deyib, yazmışam!

 

 

Boş mənzil

 

Yaddaşımda o baxışın ətiri,

Başım üstə tənhalığın çətiri,

Xoş olmadı bu sevgimin xətiri,

Niyə belə dil-dil ötür ürəyim?!

 

Mən tanıyan yer çat verən, göy daman

Yararsızdı lap əzəldən and-aman!

İçərsində əridiyim bu zaman -

Hiss etdimi ötür bəm, zil, ürəyim?!.

 

Sıralanır dodaq ütən ehlərim

Hər birini təsəlliyçün behlədim!

Vaxt olmadı kirpiyimdən şeh dərim -

Qəm ulayan, ay boş mənzil ürəyim!

 

 

Olun

 

Düyünü açılmır fikirlərimin

Hörümçək torutək çözülməz olub.

Sitəmi ağırdı çəkdiklərimin -

Sevməyən kəs üçün, dözülməz olub!..

 

Sarğısın dəyişib köhnə yaranın,

Hecasın sayıram ağın, qaranın...

Yolunda qaldığım dağın, aranın

Duracaq nöqtəsi görünməz olub...

 

Eninə-boyuna paylanan günlər,

İndi yalvarışla haylanan günlər...

Gedənin gedibdi, ay qalan günlər -

Barı siz ömrümdən silinməz olun!

 

 

Bir də mən...

 

Heç nə yoxdu göz oxşayan, qəlb açan

Bir sükutdu, bir kədərdi, bir də mən...

Güləcəkdir heç bilmirəm qəlb, haçan

Bir süqutdu, bir qədərdi... bir də mən...

 

Gah küçədi, gah cığırdı keçdiyim

Gah enirdi, gah çıxırdı seçdiyim!..

Həyat üçün ortadadı heçliyim -

Bir sübutdu, bir çəpərdi... bir də mən...

 

Tərgidibdi tay, dolmağı buludum

Ehtiyac yox, kirpiyimi qurudum!

Allah ilə aramda son umudum -

Bir sevgidi, bir nəfərdi, bir də mən.

 

 

Dünənlə söhbət

 

Qağayı səsidi, bir də ləpələr

Qoşulur arada bu həzinliyə...

Xəyalım sahildə girib qoluna -

Səninlə çıxıbdı bu gəzintiyə...

 

Çəkir diqqətimi uzaq bir nöqtə

Kim isə oturub daşın üstündə...

Onun kimliyini bilənə qədər -

Sol əlim qalacaq qaşın üstündə.

 

Çatacaq hayıma yaddaş Xızırtək -

Səni görəcəyəm həmin o yerdə...

Elə çırpınacaq sevincdən ürək -

Onu yazmaq olmur üç bənd şeirdə!

 

...Sahildə yaşanan xatirə həyat

Məni bu günümün əlindən alıb...

Əvvəl düşünürdüm bitib bu kitab,

Gördüm ki, çox mövzu yarımçıq qalıb…

 

 

Gəlmisən...

 

İndicə bir səs eşitdim

İnandım, vallah, gəlmisən!

Dünyadan gizli dünyanda -

Olmusan Allah, gəlmisən!..

 

Bəndənin bəndə haqqını

Ödəyib sən də haqqını...

Gəzəndə məndə haqqını -

Sınandım vallah, gəlmisən!

 

Çoxdan köçüb ahım yerdən

İnciyib günahım yerdən!

Var olduğun şahım, yerdən -

Din andım, vallah, gəlmisən!

 

Söz kimində, nəyindədi -

Əlin tay, bəy əlindədi!

Bir telin dəyərindədi -

Min andım, vallah, gəlmisən!

 

Dua çatıb, söz yetişib

Kül olacaq - köz yetişib!

Bir azca da döz, yetişib -

Vaxt,  de, bu sabah gəlmisən?.

 

 

Təklif

 

Çıx qarşıma, yenə məni ovsunla

Soz tapmayım, hətta dilim titrəsin!

Sənə tərəf addım atım – bir, iki…

Üçüncüdə sol ayağım büdrəsin.

 

Dodağından qaçıb keçsin təbəssüm

Hiss edəndə varlığının gücünü...

Demə ki ha, vurulmağa tələsdim -

Tanımadan sənin şıltaq bürcünü!

 

Mən susmaqla nəsə deyim, göstərim,

Sən baxmaqla ifadə et özünü!

Əsgər kimi sıra tutub hisslərim -

Dinləməyə hazırdılar sözünü!..

 

Bu halımı öz halınla yarı bil,

Ovsununun hikmətində durulum!

Ürəyini ürəyimin barı bil -

Dönə-dönə hər an sənə vurulum!