Əşrəf Veysəlli - NİYƏ AĞLAYIRSAN,AY QIZIM,NİYƏ
Göz aç, gördüyünü yaxından tanı,
“Yox”lara öyrəşib dili dünyanın.
Üzürsən tanrının verdiyi canı,
Niyə ağlayırsan,ay qızım,niyə?
Olum bir dərd bilən bəndə,ağlayım,
Büküb öz boynumu gendə, ağlayım,
Qoşulum qoy sənə mən də ağlayım,
Dünya vursun bizi görməməzliyə,
Niyə ağlayırsan,ay qızım,niyə?
Kərəmin dərd bilən Lələsi yoxsa,
Lələsiz dərdlərin çarəsi yoxsa,
Günahı düz çəkən tərəzi yoxsa,
Niyə ağlayırsan,ay qızım, niyə?
Əsrin hökmranı pul olub gedib,
İnsan öz nəfsinə qul olub gedib.
Bizim başımıza kül olub gedib,
Niyə ağlayırsan, ay qızım, niyə?
Ay anam,ay bacım, qarşında lalam,
Ərzin bu atgetməz işində lalam.
Qorxuram ağlamaq başında qala,
Dünya göz yaşıyla düzələr - deyə,
Niyə ağlayırsan, ay qızım,niyə?
Bulanan bu sular başdan bulanır,
Atılan çınqıldan, daşdan bulanır.
Qatılan bir damcı yaşdan bulanır,
Kimsə rəvac verir bu miskinliyə,
Niyə ağlayırsan, ay qızım, niyə?
Yaşamaq - yoxsula ağır şələdir,
Cığırlar cələdir, yollar tələdir.
Hələ ağlamaqlar bundan belədir,
Niyə ağlayırsan, ay qızım, niyə?