Şahverən  Cavad -  Yolun boğazından keçmir addımım

Ədəbiyyat 18:31 / 15.10.2026 Baxış sayı: 332

 

Günlər qışa çəkir payız ömrümü,

Adəmdən yol gələn qədim adamam.

Yoxuşda qar basmış cığırlar kimi,

Yolun boğazından keçmir addımım.

Gündə neçə fəsil dəyişir ürək,

Leylək yuvasında- ömür ağacım.

Kölgəsi üşüyən ağacların da

Payızda düşürmüş o şahlıq tacı.

Qışın yaxasını açır küləklər,

Qoca zirvələrə ilkin qar yağar.

Qocalıq meyvəsiz ağac kimidir,

Qonmaz budağına ala qarğa da.

Sinəsi şumlanmış dəniz kimiyəm-

İlhamım könlümə şeirlər əkir.

Vaxtın əlifbası- qırışlar imiş-

Üzümdə hər ilin şəklini çəkir.

15 . 10 . 2026