Qaranquş yuvası - yazdı Təranə  Məmməd 

YAZARLAR 15:13 / 03.04.2025 Baxış sayı: 1241

 

                                                     Hekayə

-Baba, bura gəl! Burda qaranquş yuvası var!- deyə nəvə babasını səslədi.

- Dəymə oğlum, qaranquş yuvasını dağıtmaq günahdır deyirlər!- deyə Vahid müəllim nəvəsinə yaxınlaşdı

- Bilirəm, baba. Quşların yuvasını dağıtmaq olmaz.

- Bu adi quş deyil həm də. Qaranquşlar çox qeyri-adi quşlardır, - deyib nəvəsini yuvadan uzaqlaşdırdı.

Vahid müəllimin bağ evinin damında qurmuşdular yuvanı qaranquşlar.

Deyirlər , qaranquş xoşbəxtlik quşudur. Hətta belə də deyirlər ki, qaranquş yuva qurduğu yerdə həmişə xöşbəxt və firavan keçər günlər.Bunun nə dərəcədə düz olub-olmadığını demək çətindir, amma onu dəqiq demək olar ki,cəmi 4 -5 il ömrü olan bu kiçicik köcəri quş həmişə Vahid müəllimin diqqətini cəlb edirdi.

Hələ lap cavanlıqdan yazın gəlişini ən birinci qaranquşlar xəbər verirərdi ona. Gözləri həmişə bu kiçik, lakin çox dözümlü varlığı gəzərdi səmada hər il bahar qabağı.Vahidə elə gəlirdi ki, qaranquşlar səmada görünərsə, həyat yenidən başlar. Beləcə illər bir-birini əvəz edər, həyat öz axarıyla gedər, yaşının üstünə yaş gələrdi Vahidin...

“Nədən bu qədər bağlıyam mən bu kiçik incə qaranquşlara? Qəribədir.Heç özüm də bilmirəm səbəbini. Səmada gördüyüm qaranquş qatarına qoşulub uzaq ölkələrə getmək arzum da var idi bir zaman. Bəlkə bizim oxşarlığımız var? Mən də onun kimi uzun illər bir şəhərdən o birinə, bir məkandan digərinə köçməli olmuşam. Lap köçəri quşlar kimi...”- deyə düşündü Vahid qaranquş yuvasını gördükdə.

O başını qaldırıb mavi, üzərində süd kimi ağ buludlar üzən səmaya baxdı. Gözü yenə qaranquş qatarını axtardı. Bu bahar quşlar sanki bir başqa səs-küylə gəlmişdilər. Sanki öz aralarında “yolumuz azad Qarabağadır!” deyib bir- birini təbrik edirdilər....

Vahid isə olara həmişəki kimi içində gövr edən qibtə hissiylə baxırdı. Çünki o, həmişə azad və heç kimə, heç nəyə tabe olmadan yaşamaq istəyirdi. Lakin hec vaxt qaranquş qədər azad olmadı Vahid... Həmişə məsul vəzifələr, həmişə qanun çərçivələri, həmişə əxlaqi normalar- bütün bunlar sanki gözə görünməyən, ürəksıxıcı və təkcə özünün hiss etdiyi bir çərçivədə yaşadırdı onu.

Artıq bir neçə il idi ki, Vahid sakit ,təmkinli və bir qədər qapalı təqaüdçü həyatı yaşayırdı. Hətta telefon zənglərinə də cavab vermirdi bəzən. Budur, yenə telefonuna zəng gəldi. O, eynəyini gözünə taxıb nömrəyə baxdı. Nömrə ona tanış deyildi. Adəti üzrə telefonu söndürmək istəyərkən barmağı “cavab” düyməsinə toxundu.

- Bəli,- deyə cavab verdi

- Salam, Vahid müəllim!- deyə bir qadın incə və bir qədər titirək səslə salamlaşdı

- Salam,- deyə Vahid cavab verdi

- Sizi Qarabağda zəfərimiz münasibətilə təbrik etmək istədim.

- Sağ olun. Çox sağ olun. Bağışlayın, biz tanışıqmı?

Kiçik bir pauzadan sonra

- İlləri xəyalən geri qaytara bilsəniz bəlkə də...- dedi qadın.

- Ruhi?- deyə Vahid bayaqdan onu səsiylə ovsunlayan qadını tanıdı.

- Bəli

- Ruhi sənsən?

- Mənəm, Vahid.

Ruhi orta məktəbi Bakıda bitirmişdi. Ziyalı və adət ənənələrə sadiq olan bir ailədə böyüyüb başa çatmışdı. O,ilk baxışdan adi görünsə də incəliyi, zərifliyi və tərbiyəsilə çoxlarının diqqətini cəlb edirdi. Universitetdə onunla paralel qrupda oxuyan Azad adlı bir oğlan Ruhiyə dəlicəsinə vurulmuşdu. Ruhi o qədər sadəlöhv idi ki, Azadı həmişə tələbə yoldaşı kimi qəbul edir, onunla rahat danışır, söhbət edir, hətta hərdən yolları eyni olarsa onunla birgə yol gedirdi. Günlərin bir günü Azad Ruhiyə ürəyini açıb onunla evlənəcəyini dedikdə Ruihi bərk əsəbləşib ona yox cavabı verdi. Elə həmin gündən qızın həyatında baş verənlər onun gələcəyini tamamilə dəyişdi.

Ruhi universitetdə təsadüfən tanış olduğu Vahidə aşıq idi. Vahidin davranışı, ona münasibəti Ruhini valeh edirdi. Onlar tez- tez görüşməsələr də ürəyində xəyallar quran Ruhi, qəti əmin idi ki, məhz Vahidlə ailə qurub xoşbəxt olacaq. Vahid də belə düşünür, lakin hələ dəqiq bir təklif etməyə tələsmirdi.

O dün Ruhinin rəfiqəsi ona zəng edib bir yerdə gəzintiyə çıxmağı sonra da birlikdə kinoya getməyi təklif etdi.Ruhi valideynlərindən və özündən yaşça çox böyük qardaşından icazə alıb rəfiqəsinə müsbət cavab verdi. Ertəsi gün o geyinib kecinib rəfiqəsiylə görüşə getdi. Qızlar bir qədər şəhərdə qəzdikdən sonra kinoteatra tərəf addımladılar. Yerlərini təzəcə tapıb otumuşdular ki, Ruhinin yaninda Azad peda oldu. O, qızlara salam verib oturdu. Ruhi bu təsadüfə təəccüblənsə də rəfiqəsinin bu işdə əli olduğundan şübhələndi. O, ani durub zaldan çıxmaq istədi, lakin özünü ələ alıb oturdu. Bir qədər keçdikdən sonra Ruhi Azadın əlinin onun çiyninə toxunduğunu hiss edib diksindi və kənara çəkildi. Elə bu məqamda oğlan əliylə Ruhinin çiynini sıxb üzünü onun yanağına yaxınlaşdırdı. Ruhi qıvrılıb onun əlinin altından çıxmaq istədikdə oğlan dodaqlarını onun yanağına toxundurdu. Ruhinin icindən nifrət dolu intiqam hissi keçdi, lakin o qədər özünü itirdi ki, Azada heç nə deyə bilmədi. O rəfiqəsilə yerini dəyişib oturdu. Ruhini ürəyi elə bərk vururdu ki, qız çətinliklə nəfəs alırdı.Ona elə gəlirdi ki, ürəyi yerindən çıxacaq. Ruhi əlləriylə üzünü tutub ağladı...

O gündən sonra Ruhi çox dəyişmişdi. O az danışır, rəfiqələriylə görüşmür, vaxtını yalnız evdə və kitabxanada keçirirdi. Qızın gözlərinin dərinliyində gizli bir kədər sezilirdi. Dəfələrlə evdə, dərsdə “Sənə nə olub?” sualını eşitsə də heç kimə dərdini deyə bilmirdi.Ruhi özünü təhqir olunmuş kimi hiss edirdi. O, dəfələrlə olanları anasına, qardaşına hətta atasına danışmaq istəyir, lakin cürət etmirdi.

Bir gün ev telefonlarına zəng gəldi. Dəstəyi Ruhinin qardaşı götürüdü

- Salam. Ruhini olar? – deyə oğlan soruşdu

- Siz kimsiniz?

- Mən Ruhinin tələbə yoldaşıyam

- Ruhi sizə evə zəng etməyə icazə verib?

- Bəli. Nömrəni də özü verib mənə.

- Yaxşı. Gözləyin.

Qardaşı telefon dəstəyini Ruhiyə uzadıb yanında dayandı

Ruhi dəstəyi götürüb

- Bəli, eşidirəm,- dedi

- Ruhi, mənə ərə getməsən səni bax belə hər yerdə həmişə biabır edəcəm. Ya mənim olacaqsan ya da heç kimin!- dedi xəttin o başındaki Azad.

Ruhi heç nə demədi. Onun əlləri əsirdi. Gözləri dolmuşdu. O,dəstəyi yerinə asıb acizanə qardaşına baxdı. Onun dodaqları ağappaq idi. Qardaşı qızı bu halda heç vaxt görməmişdi.O, bacısını qucaqlayıb bağrına basdı və:

- Gəl bura. Danış mənə hər şeyi. Qorxma, danış! Mən səni tanıyıram. Bilirəm ki, nəsə problem yaşayırsan. Kimdir o oğlan? Nə istəyir səndən? Sən niyə ona nömrəmizi vermisən əgər onu..

- Mən verməmişəm!- deyə Ruhi hönkürdü. O, artıq dəqiq bildi ki, rəfiqəsi Azadla əlbirdi. Çünki Ruhinin ev telefonunu rəfiqəsindən başqa heç kim bilmirdi.

Qardaşı onun saçlarını sığallayıb sakitcə

- Sən onu ... Xoşun gəlir ondan?- deyə soruşdu.

- Yox!- deyə Ruhi qardaşına baxdı sonra başına gələnləri olduğu kimi qardaşına danışdı. Danışdıqca qardaşının rənginin ağardığını görür və ona elə gəlirdi ki, bu dəqiqə o Azadı tapıb öldürəcək. Amma yəqin ki, böyük qardaş olmaq həm də məsuliyyətdir və bəzən təmkinli olub, ağıllı hərəkət etmək və düzgün qərar vermək ani sərt hərəkətdən yaxşıdır.

- Ruhi, sənin heç bir günahın yoxdur. Sən niyə özünə əzab verirsən? Bacım, sən o qədər təmiz, o qədər safsan ki, sənə o murdarın toxunuşu ağır gəlir. Mən sənə söz verirəm ki, onun cavabını verəcəm. Amma sən onu sadəcə sil həyatından . Hesab et ki, bu hadisə olmayıb. Unut getsin.

Ruhinin qardaşı həqiqətən Azadın cavabını vermişdi, lakin onun özünə yox atasına. Atası üzr istəyib demişdi ki, oğlu Ruhini o qədər sevir ki, ağlını itirib. Dəfələrlə Azad Ruhiyə elçi göndərmək istəsə də Ruhi bu haqda eşitmək belə istəmədiyini bildirmişdi.

Ruhi başına gələnləri danışdıqda özündən 15 yaş böyük qardaşından tamamilə başqa reaksiya gözləyirdi. Ona elə gəlirdi ki, evdəkilər o əhvalatı bilsələr ilk növbədə Ruhini günahlandırarlar. Amma belə olmadı. Qardaşı onu anladı. Ruhi sanki həyata yenidən qayıtdı. O gün Ruhi dərk etdi ki, həyatda baş verənlərə baxışlar müxtəlif ola bilər. Onun faciə hesab etdiyi bir hadisə heç də həyata son qoyacaq qədər əhəmiyyətli deyilmiş... Ruhi tədricən olanları unutmağa çalışdı.Ruhi ilk məhəbbətini ürəyində qoruyub saxlayır, Vahidin qarşısında günahkar olmadığını bilirdi. O, hər dəfə Vahidlə görüşü səbirsizliklə gözləyirdi. Ruhi Vahidi öz atasına, qardaşına bənzədirdi. Düçünürdü ki, Vahid də qardaşı, atası kimi onu bütün problemlərdən xilas edə bilər, ona arxa, dayaq ola bilər. Vahid yeganə insan idi ki, Ruhi əlini ona uzadıb onun əlindən ömürlük tuta bilərdi. Ruhi bilirdi ki, o Vahidlə ailə qursa çox xoşbəxt olardı. Çünki Ruhi Vahidi sevirdi... Vahid də Ruhini heç kimi sevmədiyi kimi sevirdi, lakin...

İnsanın həyatında elə günlər olur ki, onlar heç vaxt unudulmur. Əzizlərimizi , ürəyimizə yaxın olan insanları itirdiyimiz günlər həmişəlk yaddaşımızda qalır. Rihi də Vahidi itirdiyi günü heç unutmadı.O gün Ruhinin yaşadığı sarsıntı həqiqətən faciə oldu...

Vahid Ruhiyə yaxınlaşıb

- Sən onula gəzmisən! Sən onunla öpüşmüsən! Sən məni aldatmısan! Bunun hamısını o özü mənə dedi!- deyib getdi...

Ruhi onu çağırıb nəsə izah etmək istədi. Qız bərkdən bağırıb bütün olanları canından artıq sevdiyi insana danışmaq istədi. O əmin idi ki, Vahid onu anlayacaq . Lakin... o, Vahidə heç nə demədi o gün. Nə o gün nə də sonra Ruhi Vahidə heç nə izah etmədi.

Bir-birini dəliçəsinə sevən iki insanı bir alçaq, bir nadan ayıra bildi...

İnciyib ayrıldığın insanın qəlbində nə baş verdiyini bilmədən qəbul edilən qərar səhv ola bilərdi, lakin Vahid artıq bu qərarı qəbul etmişdi...

Ruhinin gözlərində həyat söndü o gündən. O, ürəyni Vahiddən sonra heç kimə verə bilmədi. Sevgisini ürəyində gizlədib yaşadı. Onu tanıyanlar Ruhinin gözlərinin dərinliyində onu yandırıb yaxan kədər görürdülər. Bunun səbəbini isə ancaq Ruhi özü bilirdi...

Zaman çox şeyi dəyişir deyirlər. Zaman Ruhini də, onun həyatını da kökündən dəyişib ona yeni bir istiqamət verdi. Ruhi heç bir tədbir görmədən zamana və olanlara tabe oldu. O, tezliklə atasının təkidilə qonşu oğlana ərə getdi. Həyatında çox şeylər yaşandı, lakin həmişə həyat yoldaşına sadiq qadın oldu.Onu sevə bilməsə də heç vaxt ailədə problem yaratmadı. Əksinə, başqalarına örnək ola biləcək bir ailə yarada bildi. Bu ailənin yeganə evladı , Ruhinin oğlu onun yaşam səbəbi oldu. Bu uşaq Ruhini həyata bağalayan yeganə varlıq oldu.

İllər bəzən sürətlə, bəzən də çox asta-asta keçirdi. Yaşadığı illər ərzində Ruhi Vahidi bir gün belə unutmadı. Vahidin əldə etdiyi nailiyyətlərinə sevinir, onun xoşbəxt olduğunu gördükcə fərəhlənirdi. Qəribədr ki, o heç vaxt Vahidin ailəsinə qibtə etmədi. Əksinə, həmişə onların birliyinə sevinib dualar etdi. Bəlkə elə budur əsl sevgi?! Sevdiyi insanın xoşbəxtliyinə sevinən qadın göydən enən mələk kimidir. O ancaq xoş məramlı olur, səadət paylayıcısı olur. Amma çox təəssüf ki , özü əvəzində yeni sınaqlarla, yeni imtahanlarla rastlaşır.

Ruhi Vahidi xəyallarında yaşadırdı. Hərdən ona elə gəlirdi ki, indi qapı döyükləcək, Vahid gələcək və” Sənin günahın yoxdur,Ruhi, Sən xəyanət etməmişdin!”- deyib onun əllərindən tutub harasa çox uzaqlara aparacaq. O, dostdan, tanışdan həmişə Vahidi soruşur, həmişə onu axtarırdı. Bəzən ona çox yaxınlaşıb yenə geri dönürdü. Hərdən telefonu götürüb zəng etmək istəyiridi, amma Vahidin ailəsinə mane olmaq istəmirdi.

Beləcə nə az, nə çox düz 40 il keçdi. Həm Ruhi həm də ondan 5 yaş böyük olan Vahid artıq yaşlı və həyatda, cəmiyyətdə müəyyən mövqe tutmuş insanlar idi...

O axşam Ruhi toydan qayıtmışdı. Yaşının çox olmasına baxmayaraq çox gözəl görünürdü. Ruhi pilləkənləri zorla qalxıb otağa girdi. Özünü bir təhər ələ alıb divanda oturdu. Başı bərk fırlanırdı. O,cəhd edib ayağa qalxmaq istədikdə gözləri qaraldı. Həyat yoldaşı Ruhinin rənginin dəyişdiyini görüb

- Sənə nə oldu,Ruhi?- deyə soruşdu.

Ruhi sakitcə su istədi. Yoldaşı ona su verib həkim çağırmaq istədi, lakin Ruhi razılaşmadı.

- İndi keçər, yəqin toyda çox yoruldum, ondandı,- deyib elə divandaca yuxuya getdi...

Ertəsi gün Ruhi özünü çox yaxçı hiss edirdi. Ona görə dünən halının dəyişməsini yorğunluq hesab etdilər evdə də. Bir neçə gün sonra həmin vəziyyət bir də təkrar olundu. Ruhi anlayırdı ki, zəifləyir və həkimə müraciət etdi. Əlindəki təhlillərin cavabını bir neçə ölkədə yenidən yoxlatdırdı.Hər dəfə yeni bir ümidlə. Çox istəyirdi kimsə desin ki, diaqnoz səhvdir,həkimlər səhv ediblər. Lakin nəticə hər yerdə eyni idi. Ruhi ciddi xəstə idi. Tezliklə xəstəxanaların birində edilən açıq ürək əməliyyatı həkimlərin dediyinə görə çox uğurlu keçdi.

Ruhi gözlərini açıb ətrafa baxdı.

İndi Ruhi həyata tamam başqa gözlə baxırdı. Hyatda baş verənlərin, yersiz incikliklərin nə qədər əhəmyyətsiz olduğunu dərk edirdi. Ruhi sanki indi anlayırdı ki, ömür çox qısadır və bir an icində qırıla bilər. O, insanın tale yazısı qarşısında nə qədər aciz olduğunu anladı. Ruhi xəyalında dəfələrlə öz həyatını yenidən gözdən keçirirdi. Keçmiş yada düşdükcə Vahid daha çox xatırlanırdı. Ruhi düşünürdü ki, Vahidlə olsaydı bütün bunlar onun başına gəlməzdi. “Mən mütləq Vahidi tapmalıyam. Ona günahkar olmadığımı deməliyəm. Ürəyimdə 40 ildən çox saxladığım və həmişə ona demək istədiyimi mütləq deməliyəm!- deyə düşünürdü Ruhi.

Tədricən xəstəlik geri çəkilməyə başlasa da,həkimlər qorxulu məqamların geridə qaldığını desələr də Rurini müayinələr, yeni təhlillər gözləyirdi. Hər dəfə dərman qutularını gördükdə qadının gözləri yaşarırdı. Amma artıq belə yaşamağa məhkum idi.

Ölkəmizdə Vətən müharibəsi bir neçə ay bundan əvvəl bitsə də hamı bir-birini hələ də zəfər münasibətilə təbrik edirdi. Son günlər fikirli olan Ruhini sanki kimsə məcbur edirdi ki, telefonu açıb əzbər bildiyi nömrəni yığsın. O, qərara gəlmişdi ki,Vahidə zəng edib onu qələbə münasibətilə təbrik etsin. Ondan sonra münasibətlərinin necə inkişaf edəcəyi isə heç kimə bəlli deyildi...

Vahid Ruhinin səsini dərhal tanımışdı, lakin inana bilmirdi ki, Ruhi ona zəng edə blər. O, özünü o qədər itirmişdi ki, nə deyəcəyini, nə soruşacağını bilmirdi. Vahid Ruhiyə onu sevdiyini, unutmadığını və hətta onu axtardığını demək istəsə də o gün heç nə demədi. Ruhi də heç nə demədi. O sadəcə Vahidi Qarabağda qələbə nümünasibətilə təbrik edib sağollaşdı...

Ruhi telefonu söndürüb dərindən ah çəkdi. Bir qədər sakit divanda oturduqdan sonra o, güzgüyə yaxınlaşıb diqqətlə özü öz gözlərinə baxdı. Bu bənzərsiz gözlərə diqqətlə baxan olsaydı bəlkə də Ruhinin illər boyu nələr yaşadığını oxuya bilərdi. Ruhinin dolğun baxışlı , bir qədər kədərli gözləri onun ürəyinin aynası idi. Ruhi əlləriylə yanaqlarına süzülən göz yaşlarını silib “Sən nə edirsən, Ruhi? Sən nə ixtiyarla xoşbəxt bir ailəyə müdaxilə edirsıən? Bəs öz ailən? – deyə düşünüdü. O, anlayırdı ki,illər sonra Vahidin yadına özünü salmaqla heç nə dəyişə bilməz və dəyişməyəcək, lakin qərarı qəti idi. Vahid o günlər baş verənləri gec də olsa anlamalı və onun bir zaman Vahidə xəyanət etmədiyini bilməli idi.

Ruhinin zəngindən sonra Vahid dərindən nəfəs alıb həyətdəki oturacağa oturdu. “ Ruhi? Niyə?Nədən illər sonra məni tapıb bu qadın? Məqsədi nədir? Bir zaman sevgimizə xəyanət edən qadını mən necə bağışlayıb onun təbrikini qəbul etdim?” – deyə düşünürdü Vahid. O, əlini atıb telefondan Ruhinin nömrəsini silib bu qadını bir daha həyatına buraxmamağı qərara aldı. Telefonu əlinə götürüb nömrəni silmək əvəzinə Ruhinin nömrəsini yığdı.

- Vahid!! – deyə Ruhi qışqırdı.

- Ruhi! – deyə Vahid özündən asılı olmayaraq illər öncə dəli kimi sevdiyi qadının adını çağırdı.

- Vahid, vaxtım çox azdır. Sənə deyiləcək sözlərim var. Xahiş edirəm, yalvarıram sənə, məni dinlə. Mən...

- Ruhi! Sən o adamla evlənib mənim sevgimi yerə vurdun. Sən məni aldatdın...

- Vahid! Mən nakişiyə ərə getməzdim. Dinlə məni.

- Ruhi! Sən ona ərə getməmisən? Sən onunla deyilsən?!

- Yox. Mən ona nifrət edirdim.

- O mənə tam əksini deyirdi həmişə. O dəfələrlə mənə deyirdi ki, sən onunlasan.

- Sən də inanırdın. Nədən ona inanıb məndən heç nə soruşmadın bəs?

- Ruhi!Sən yenə mənə yalan danışırsan. Axı mən bilirəm ki, o səninlə evlənib.

Ruhi heç nə deməyib susdu. Sonra bütün gücünü toplayıb

- Vahid!! – deyə çağırdı

- Can... Ruhi! Mən ... Ruhi, danış susma! Xahiş edirəm.

- Vahid! Ömrümdə səndən başqa heç kmi sevmədim. Ərə atamın təkidiylə getdim. Əgər sən o gün dönüb mənə heç olmasa bir kəlmə xoş söz desəydin...

- Ruhi! Haqlısan. Mən gərək o alçağın sözlərinə inanmayaydım.

- Yox. Yəqin ki, alın yazısı deyilən nəsə var və biz hərəmiz öz qismətimizi yaşadıq.

Bu söhbətdən sonra Vahidin daxili aləmidə nəsə dəyişdi sanki. Bəzən özünü çoxlarından ağıllı hesab edən, iri bir müəssisənin uzun müddət başçısı olan Vahid indi yaranmış vəziyyətdən çıxış yolu axtarırdı.

Hər bir çarəsizlikdən ən azı iki çıxıç yolu olduğunu Vahid bilirdi, lakin indi hiss edirdi ki, o yolların ikisi də üzünə bağlıdır.

Vahidin gözəl ailəsi, nəvələri, evladları, mehriban və qayğıkeş həyat yoldaşı var idi. Onlar uzun illər çox gözəl ailə həyatı yaşamışdılar. Vahid bilirdi ki, onun kiçik bir yalnış hərəkəti ailəsinə xərər gətirə bilər. O buna heç vaxt yol verə bilməzdi. Amma...

Vahid Ruhini sevirdi. O bir zaman bir nadanın sözüylə öz sevgisindən imtina etsə də indi anlayırdı ki, Ruhinin səsini eşitmək istəyir, onun haqqında hər şeyi bilmək istəyirdi. Vahid ayağa qalxıb evinə tərəf addımladı sonra pilləkənlərlə ikinci mərtəbəyə, ordan da dama çıxıb qaranquş yuvasına yaxınlaşdı.

“Deyirlər qaranquş yuva qurduğu evə xoşbəxtlik gətirir. Bəlkə elə budur xöşbəxtlik? Bəlkə Ruhnin yenidən mənimlə əlaqə yaratması elə bu qarabquşların yuva qurmasıyla əlaqədardır, İlahi! Görəsən mənim hansı günahım daha ağırdır? Bir zaman günahsız bir qızı atıb getməyim, yoxsa indi illərdir mənim qayğıma qalan, uşaqlarımın anasına xəyanət etməyim? Bu nə haldır, ya Rəbbim, sən özün mənə düzgün yol göstər, mənə yardım et!”- deyə ürəyində yalvarırdı Vahid.

O, sevdiyi qaranquşların yuvasına bir az da yaxınlaşıb “Nə olar, mənə də xoşbəxtlik gətirin gəlişinizlə!”- dedi.

Ruhinin səhhətində problemlər yaşansa da o,heç vaxt xəstəliyindən danışmır, hamıya bir cavab verirdi “Yaxşıyam. Hər şey yaxşıdı”.Həkimlər isə ona diqqətlə ynaşmağı, əsbləşdirməməyi tövsiyə edirdilər. Evdə əri, oğlu,gəlini və nəvələri Ruhiyə xüsusi diqqət yetirirdilər. Bununla belə Ruhi çox vaxt ünsiyyətdən çəkinir, fikirli olurdu. O hərdən gülür, hərdən də sakitcə pəncəyrəyə yaxınlaşıb xısın- xısın ağlayırdı. Bir tərəfdən xəstəliyi onu üzür,digər tərəfdən çox sevdiyi insanın zəngləri Ruhini yaşadırdı.

Vahid vaxt tapan kimi Ruhiyə zəng edirdi. Ruhi Vahidin səsini eşidəndə sanki 40 il cavanalşırdı. Elə Vahid də öz yaşını unudurdu bəzən. Onlar indi köhnə tanışlar kimi bir- biriylə əlaqə saxlayırdılar, lakin hər ikisinin daxilində güclü bir hiss yaşamaqda davam edirdi.

Bir gün Vahid Ruhiylə görüşmək istədiyini dedi. O da etiraz etmədi.

Ruhi həmişə zövqlə və səliqəylə geyinirdi. O geyiminə, saç düzümünə və üzünün dərisinə xüsusi diqqət yetirirdi həmişə. Bu gün də o çox gözəl görünürdü. Ruhi Vahidin görüşünə hazırlaşırdı.

Son vaxtlar Ruhi rəfiqələriylə tez-tez görüşürdü. Evdəkilər bu görüşlərə çox sevinirdilər. Çünki bu görüşlərdən sonra Ruhi heç olmasa bir qədər deyib gülürdü, sevinirdi. Çox vaxt oğlu onu maşınla aparırdı lazım olan yerə. Bu dəfə Ruhi taksi sufariş etməyi qərara aldı. O güzgüyə yaxınlaşıb üzündəki makiyajın son cizgilərini düzəltdi . Geriyə çəkilib özünə güzgüdə bir də baxıb gülümsədi.

“Bunu heç vaxt təsəvvür edə bilməzdim. Nə vaxtsa Vahidlə görüşə gedəcəyimi heç vaxt təsəvvür edə bilməzdim. Qəribədir bu həyat. Bəzən insan güman edə bilməyəcəyini də yaşaya bilərmiş”,- deyə düşünürdü Ruhi.

Vahid Ruhini restoranda gözləyirdi. O da qəribə hisslər keçirirdi. Ona elə gəlirdi ki, indi onun qarşısında 40 il əvvəl gördüyü incə, zərif gənc bir qız dayanacaq və onun nə deyəcəndən asılı olmayaraq qızın yanaqları allanacaq, başını aşağı salıb susacaq sonra Vahid cavanlıqda olduğu kimi bu qızın gözəlliyinə, daxili təmizliyinə heyranlıqla yalnız ona məxsus gülüşlə ucadan gülüb “Ruhi, bir söz de də mənə!”- deyəcək.

Vahid saata baxdı. Sözləşdikləri vaxtdan xeyli keçmişdi. O, bir qədər də gözləyib Ruhinin nömrəsini yığdı. Telefon susurdu. Sonra o bir də və bir də zəng etdi Ruhiyə, lakin cavab ala bilmədi...

“Yəqin ailəsində problrem yaşanıb. Bəlkə onu mənimlə görüşə həyat yoldaşı buraxmayıb? Bələkə nə zamansa onu sevdiyimi öyrənib hardansa? Bəlkələri beynində araşdıra-araşdıra Vahid evinə qayıtdı. O, Ruhiylə necə əlaqə yaradacağını bilmirdi. Vahid gecə yenə həmin nömrəyə zəng etdi. Telefon susurudu...

Vahid gecəni yatmadı. “O mütləq mənə bir kəlmə də olsa yazardı. Mütləq gəlməyəcəyini bildirərdi. Bu adi susmaq deyil”- deyə Vahid narahat olurdu.

Səhər tezdən Vahid Ruhinin yaşadığı ünvana getməyi qərara aldı. “Mən onu bir daha itirə bilmərəm! Onu mütləq tapacam!- deyə düşünürdü. O,Ruhinin ünvanını təxminən bilirdi.

Vahid maşını kənarda saxlayıb binaya yaxınlaşdı. Binanın qarşısında yığışan adamları görüb çox narahat oldu və iri addımlarla onlara yaxınlaşdı. Kənarda siqaret çəkən oğlanı Vahid dərhal tanıdı. Onun şəklini Ruhi telefonla göndərmişdi Vahidə. Bu Ruhinin oğlu idi. Vahid ona yaxınlaşıb

- Nə olub?- deyə sual verdi

- Anam..

- Nə?

- Dünən rəfiqəsiylə görüşə gedən zaman qəfil halı pisləşdi. Sonra..

- Sonra?- deyə Vahid oğlanın qolundan yapışdı.

- Həkimlər heç nə edə bilmədilər...

Vahid maşını bağ evinə necə sürdüyü yadında deyildi. O dama qalxıb qaranquş yuvasının qarşısında dayandı və hönkürdü:

-Bəs hanı xöşbəxtlik? Hanı səadət? Mən bu ağrıyla necə yaşayım indi?

Birdən Vahidin ürəyindən qaranquş yuvasını darmadağın etmək keçdi. O əlini yuvaya apardıqda Ruhinin səsi gəldi qulağına.

- Vahid!

Vahid geri dönüb ətrafa baxdı. Heç kim yox idi. O qaranquş yuvasına bir də diqqətlə baxıb geri çəkildi sonra başını yuxarı qaldırıb səmaya baxdı gözlərindən axan yaş onun üzünə tökülürdü. Vahid gözlərini bərk-bərk yumub əllərini kiməsə uzatdı və:

- Əllərin məndədir, Ruhi! Səninlə görüşənə qədər onları buraxmayacağıma sənə söz verirəm,- dedi.

Şəkilin açıqlaması yoxdur.