Pərvanə Bayramqızı :-İnanmaq istəmədiyimiz GERÇƏKLİK

Mən danışdıqca deyin "hə".
Ya da oxuduqca təsəvvür edin.
Görürsünüz, tanışınız, qohumunuz, hər kimsə bir nəfər işləyib tər tökür, əmək haqqını alıb yola düşür. Siz də arxasınca gəlib onun qazancını əlindən alıb öz cibinizə qoyursunuz.
Yaxud: birinin evində süfrəsinin başında əyləşmisiniz. Əlini atıb süfrədəkiləri cibinizə, çantanıza doldurub durub gedirsiniz. Ev sahibi də utandığından görməzliyə vurur, dinmir, bilərəkdən sizə şərait yaradır. Əvəzində siz də xəcalət çəkməkdənsə qapıdan çıxanda car çəkirsiniz ki, ay camaat, filankəs mənim süfrəmdəki nemətləri oğurladı.
İnandırıcı görünmədi elə? "Başqasının qazancını niyə əlindən almalıyam?", "Qonaq olduğum süfrədən niyə oğurluq edim?", "Ev sahibi də dəlidir ee... nə üçün səsini çıxarmır?" kimi suallar ağlınıza gəldi?
Birinin fikirlərini, şeirlərini oğurlayıb öz adına çıxmaq başqasının süfrəsindən oğurlanan nemət kimidir. Sən qazanmamısan, onun üçün başqası tər töküb, ona niyə sahib çıxmağa çalışırsan? Ev sahibi də niyə öz zəhmətinin oğurlanmasına göz yumur?
Yaradıcılıq sənin yaratdığın — övladındır. Adam balasını düşməndən xilas etməzmi?
Nə qədər simasız, həyasız olasan, dost dediyin adamın adından istifadə edib tanınmağa çalışasan, üstəlik kitablarını qarşına qoyub şeirlərini cüzi dəyişikliklə təzədən yazıb altına imzanı qoyasan?