Nüsrət Kəsəmənli- Mənsiz qalacaqdır bu dünya bir gün

Ədəbiyyat 20:00 / 29.09.2026 Baxış sayı: 340

 

Mənsiz qalacaqdır bu dünya bir gün,

Kiminsə gözünə yaş gələcdir.

Mənsiz qalacaqdır bu dünya bir gün,

Bir daş qəmli-qəmli dikələcəkdir.

Dodaqdan gülüştək silinər adım,

Ömür- sonu gələn keçilən yoldu,

Dünya gəlişimdən xəbər tutmadı,

Bəlkə gedişim də xəbərsiz oldu.

Köçüb gedəcəyəm günün birində,

Hicran göyərəcək yerimdə mənim.

Kimlərinsə gizli cib dəftərində

Öləcək telefon nömrəm də mənim.

Qara çərçivədən baxacaq şəklim,

Donuq gözlərimdə daldalanar qəm.

Sinəmdə duyğutək yatar əllərim,

Oyadıb son şeiri yaza bilmərəm.

Qara daş doğular,

soyuq, mən adda;

Bir qadın hıçqırıb saçını yolar.

Ayrılıb gedərəm,

tabutum altda

Dörd çiyin görüşər,

Dörd ürək vurar...

Mənim çarpayımda sükut uyuyar,

Artar bir sakini qəbristanın da.

Bir çiçək köksünü sinəmə qoyar,

Rəngi ləçəklərə keçər qanın da.

Gəlib bu çiçəyi dərənim olmaz,

Bahar göyərdəcək,

Qış solduracaq.

Kiçik bir təpədə çiçəklər hər yaz

Yorulmuş çiynimdə qəm qaldıracaq.

Köçüb gedəcəyəm dünyadan bir gün,

Bəlkə yüz il sonra,

bəlkə də sabah.

Bəlkə bir qu kimi

çırpınıb bu gün

Nəğmə oxuyuram ölümdən qabaq..