İbrahim Yusifoğlu - ŞEİR OXUYURSAN TİTRƏK BİR SƏSLƏ
Yox...yox- bu titrəyiş meh ola bilməz,
Hələ, qəlb isidən gün gəlməyibdi.
Bəlkə də mələkdi... eh, ola bilməz,
Heç kim məni belə kövrəltməyibdi.
... Bu sənsən, önümdə necə həvəslə,
Şeir oxuyursan titrək bir səslə.
Qəlbimin səsidi oxuduqların,
Bəmi də, zili də mənə tanışdı.
Gözlərim önündə toxuduqların
Hər ilmə dərdini mənə danışdı.
Mənim hər sözümə, hər bir sətrimə
Talenin qisməti qəm ələnibdi.
Sən Allah, onları dilə gətirmə,
Göz yaşı gözündə gilələnibdi.
Nə olar, üzündə sən gülüş bəslə,
Şeir oxuyursan kövrək bir səslə.
Mənim bu dünyaya gəldiyim günü,
Kimsə qurban kəsib, bayram etmədi.
Atasız həyatın kədəri – qəmi
Məni sarsıtmağa gücü yetmədi.
Bir anam var idi, payi – piyada
Səhərdən axşama işə çapardı.
Bir əli ketmənli qalar tarlada,
Bir əli təndirdə çörək yapardı.
Bizləri böyütdü odlu nəfəslə,
Şeir oxuyursan o doğma səslə.
Boy atdım dərdimlə yeni biçimdə,
Gördüm, torpağıma bəla əkiblər.
Sərhəd dirəkləri köksüm içində,
Tikanlı məftili bütöv çəkiblər.
Sonra da xəyanət, sonra da hiylə
Yaralı sinəyə dağ çəkildi, dağ.
Elə qəsd edildi talesiz elə,
Hələ də yadlarda qalıb Qarabağ.
Həsrətlə o tayı az hayla, səslə,
Şeir oxuyursan qəmli bir səslə.
Tanrı tez göndərdi sevgi payımı,
Çıxartdı önümə dəniz gözlünü.
Dalğalar ram etdi bulaq, çayımı,
Axır ki, tanıdım dönük sözlünü.
... Düşür, şairlərin bəxtinə, düşür,
Düşür, bu dünyanın zalım qızları.
Şairlər taleyi, bəxtindən küsür,
Olurlar dünyanın tək, yalqızları.
Dünyaya məhəbbət, sevgi yayanlar,
Bu daş ürəklərə yol tapa bilmir.
Sözlə ürəkləri ovsunlayanlar
Sevdiyi gözəllə dil tapa bilmir.
Bunları sən mənə söylətmə vəslə -
Şeir oxuyursan sehrli səslə.
... Yox, yox... bu titrəyiş meh ola bilməz,
Qəlbimə hərarət dolmayacaqdı.
Kədəri qəlbimdən heç kimsə silməz
Sən deyən günümüz olmayacaqdı.
... Bu sənsən, önümdə necə həvəslə,
Şeir oxuyursan titrək bir səslə !