Ay  Bəniz Əliyar - İnsan içindən əriyir,

Ədəbiyyat 14:31 / 29.09.2026 Baxış sayı: 457

İnsan içindən əriyir,

Necə içdən əriyir şam.

Mən də əriyib-əriyib,

Quş gözü boyda qalmışam.

 

Ömrün bir bəxt oyununda

Aynam çiliklənib yerə.

Əriyirəm, nə var bunda?

Yox olmuram birdən-birə!

 

Ömür elə dörd divardı,

İçdən içə yıxılmaq var.

Bəlkə də Yox olmaq vardı,

Bəlkə də yox olmaqdı Var.

 

Xəyallarım şam yuxusu,

Küləklər tozanağlayır.

Eh, bu boyda şəhər susub,

İçimdə bir qız ağlayır.