Əlizadə Nuri - Özünü yüksəkdən atan qızcığaz

Ədəbiyyat 21:13 / 29.09.2026 Baxış sayı: 353

 

Tanrının tikdiyi köynəyi seçdin,

Nəyi seçməliydin, gör nəyi seçdin...

Seçdin, ölməyə də göyləri seçdin-

Özünü yüksəkdən atan qızcığaz.

 

Biz necə ovudaq bu boyda yası?

Su da soyutmazmış, ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz?

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi...

...Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

Həyat bir quyuymuş- çoxmuş qatları...

Bu ömür yolunda diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

Çapdı öz atını, şeytan düşmədi,

Sənə bu girdiyin meydan düşmədi.

Dünyada nə varsa, göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz

Duz yükü var imiş düz ilqarın da,

Rəngi qaralarmış yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda

Özünü yüksəkdən atan qızcığaz.

Sənə kim toxundu- niyə yıxıldın?

Çiçək üstündəki şehə yıxıldın...

Göydən yıxılmadın, göyə yıxıldın-

Özünü yüksəkdən atan qızcığaz...