Təranə Məmməd - Ögey ana

YAZARLAR 09:50 / 27.09.2026 Baxış sayı: 2164

 

Hekayə

 

Solmaz Əkrəmə ərə gedəndə Əkrəmin oğlu Adil cəmi üç aylıq idi. Arvadı kəndlərinə ermənilər növbəti dəfə hücum edəndə ölmüşdü. Ermənilərin kəndə yağdırdığı mərmilərdən biri məhz həmin gün dünyaya övlad gətirən qadının olduğu otağın şüşəbəndinə düşmüş, qəlpələr ətrafda hər şeyi darmadağın etmiş, zahı ananın köksünü parçalamışdı. O gün Əkrəm qəlpə dəyməyən, möcüzə nəticəsində xilas olan yenicə doğulmuş körpəylə evdə tək qalmışdı. Kənddə könüllü müdafiə batalyonundan başqa demək olar ki, heç kim yox idi.

Ermənilər hər gün kəndə hüçum edirdilər. Müqavimət göstərməyə silah-sürsat qalmamışdı. Vəziyyət çıxılmaz idi. Həyat yoldaşını dəfn edəndən sonra Əkrəm körpəsini kənddən çıxartmaq lazım olduğunu anladı və gecə kənddən çıxıb Bakıya getməyi qərara aldı.

O, yeni doğulmuş körpəni qoyub yenidən kəndə qayıtmaq məqsədilə Bakıda yaşayan bir uzaq qohumugilə gəldi,lakin qohum körpəni saxlamaqdan imtina etdi və Əkrəm Bakıda qalası oldu. O, bu böyük şəhərdə işsiz, pulsuz və mənəvi dayaqsız qalmışdı. Yaşamağa yeri də yox idi…

Vaxtı ilə orduda Əkrəmlə xidmət etmiş dostunun köməyi və dəstəyi olmasaydı vəziyyəti çox çətin ola bilərdi.

Bakının “Sovetski” adlanan kücəsində yaşayan dostu ona öz evinin yanında yaşamaq üçün kiçik bir sığınacaq verdi və ilk günlər Əkrəmə əməlli-başlı mənəvi və maddi dəstək oldu. Əkrəmin körpəsinə dostunun arvadı baxırdı. Tezliklə dostunun vasitəsiylə Əkrəm işə düzəldi, yeməyinə və uşağa lazım olanları almağa kifayət edən qədər maaş almağa başladı. Əkrəm anlayırdı ki, dostuna və onun ailəsinə narahatlıq törədir və hər an bu vəziyyətdən çıxış yolu axtarırdı.

Solmaz qonşuluqda yaşayırdı. Uşağı olmadığına görə əri onu atıb başqa qadınla evlənmişdi. Bir axşam körpə Adil çox ağlayırdı. Əkrəmin dostunun arvadı uşağı götürüb həyətə düşdü. Solmaz yaxınlaşıb uşağı qucağına aldı, dodaqlarını onun üzünə söykəyib bağrına basdı. Uşaq nəinki sakitləşdi, hətta yuxuya getdi.

Solmaz uşağı gətirib Əkrəmin evində yerinə qoyub getdi.

O gündən sonra Solmaz ara-sıra Adilə baxmaqda Əkrəmə kömək edirdi. Bir müddət sonra Solmaz yığışıb

Əkrəmin yanına gəldi və onlar çox götür-qoy etmədən bir yerdə yaşamağa başladılar. Öz otağını Solmaz tələbə qızlara kirayə verdi. Beləliklə o, balaca Adilin anası oldu.

Əkrəm çox diqqətli və ailəcanlı kişi, Solmaz da gözəl ev xanımı idi. Əkrəmin qazandığı pulla Solmazın kirayəçilərdən aldığı pulları bir yerə qoyub qənaətlə xərcləyirdilər.

Arada hələ Solmaz puldan bir az kənara da qoya bilirdi.

Adil sağlam və gümrah böyüyürdü. Solmaz onu canından çox sevirdi. O, Adilə oğlum deyir, Adil isə onu ana deyə çağırırdı. Əkrəmə də belə bir hədiyyə üçün ancaq Allaha təşəkkür etmək qalırdı.

Qonşular “Sovetski” küçəsindəki köhnə evlərin söküləcəyindən və yerində park salınacağından danışanda, Adilin artıq 5 yaşı vardı.

Bəziləri bu xəbərə sevinir, bəziləri qəbul etmir, bəziləri də səbrlə nə olacağını gözləyirdi.

Bir müddətdən sonra “Sovetski”dəki evləri sökdülər.

Əkrəmlə Solmaz Bakı kəndlərinin birində kiçik bir ev aldılar. Əgər köhnə həyətdə qonşular Solmazın Adilin ögey anası olduğunu bilirdilərsə, yeni yaşadığı yerdə bu barədə heç kim, heç nə bilmirdi.

Əkrəm kənddə kiçik dükan işlədirdi. Pis qazanmırdı, ailəsini dolandıra bilirdi. Axşamlar “Qarabağ şikəstəsi”nin həzin sədaları altında siqaret çəkir və doğma kəndini, el-obasını yada salırdı. Çox heyifsilənirdi ki, valideynlərinin, arvadının qəbirlərini ziyarət edə bilmir. O, Solmaza Qarabağdan, kəndlərinin ermənilər tərəfindən hücuma məruz qalmasından, könüllülərin rus və erməni birləşmələriylə vuruşduqlarından danışardı. Hər dəfə Əkrəm Qarabağdan danışanda Solmaz göz yaşlarını saxlaya bilmirdi.

– Solmaz, mən səni mütləq Qarabağa aparacam. Görəçəksən ki, ora necə gözəldir, insanları necə mehriban və qonaqpərvərdir. Mən inanıram ki, bir gün biz mütləq öz torpaqlarımızı azad edəcəyik! – deyirdi Əkrəm.

İllər ötürdü. Qarabağ yarası sağalmaq bilmirdi. Yüz minlərlə məcburi Qarabağ köçkünü vətən həsrətiylə

yaşamaqda davam edirdi. Hərdən adama elə gəlirdi ki, çarəsizlikdən torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalıyla barışmalı olacağıq.

Adil evə gəlib təntənəli surətdə Hərbi Akademiyaya daxil olduğunu deyəndə, Solmaz sevincindən ağladı.

Əkrəm isə hündür boylu, enli kürəkli oğluna baxıb dedi:

– Sən mənim qürurumsan! Ailəmizin qürurusan. İnanıram ki, sən vətənini layiqincə qoruyacaqsan, oğlum!

Onun gözləri yaşardı. Oğlunu qucaqladı və “Heyif ki, anan səni belə görmədi”, – deyə düşündü.

2020-ci ilin sentyabr ayı idi. Payız aylarında Solmaz adətən kədərli olurdu. Ona elə gəlirdi ki, payız onun

əlindən həmişə nəyisə alır. 15 yaşında olanda bir payız axşamı anasını itirmişdi. Başqa bir payızda atası ölmüşdü. Məhz payızda həkimlər ona heç vaxt ana ola bilməyəcəyi xəbərini vermişdilər. Bax beləcə, Solmaz həyatında bir neçə kədərli payız yaşamışdı.

Əkrəmə fəsillərin dəyişməsi o qədər də təsir etmirdi və Solmazın payız kədərini heç cür anlamırdı.

– Nədi? Yenə payız gəlib? – deyə işdən gəlib Solmazı keyfsiz görən Əkrəm soruşdu.

– Bilmirəm, ay Əkrəm. Nəsə halım özümdə deyil. Ürəyim narahatdır. Heç bilmirəm kiminçün belə narahatam, – deyə Solmaz əzgin halda cavab verdi.

– Bəsdir. Biz cavan deyilik artıq. Gözümüzün yaşı ovcumuzdadır, – Əkrəm dedi.

Naməlum səbəbdən Adil neçə gün idi ki, kazarmada gecələyirdi. Ona görə Solmazla Əkrəm şam yeməyinə onsuz oturdular.

Solmaz həmişə çox dadlı yeməklər bişirirdi. Bu axşam da yeməklər həmişəki kimi çox dadlı və ləzzətli idi.

Şam yeməyindən sonra Əkrəm həyətə düşdü. Solmaz da sakitcə masanın üstünü yığışdırıb qabları yudu.

Gecə yarısı Adil zəng edib xəbər verdi ki, o xüsusi tapşırıqla harasa gedir:

– Narahat olmayın, imkan olan kimi zəng edəcəyəm, – dedi Adil anasına.

Elə həmin gecə bütün Azərbaycana ermənilərin təxribatına cavab olaraq Vətən müharibəsinin başlanması elan edildi.

– Mən də cəbhəyə gedəcəyəm! – deyə o gecə Əkrəm qəti qərar verdi. – Mən də öz qisasımı almalıyam nəhayət! Nəhayət ki, mənim də belə bir fürsətim var! Şükür sənə, Allah! Mənə ömür verdin ki, bu günə kimi yaşadım! – deyə Əkrəm otaqda var-gəl edirdi.

– Sən nə danışırsan? Hara gedirsən? Oğlun hərbiçidir. Sən hara gedirsən? – deyə Solmaz qəzəbləndi.

– Mən? Hələ bir soruşursan da? Mən mütləq könüllü olaraq cəbhəyə gedəcəyəm! – deyə Əkrəm qətiyyətlə cavab verdi.

Solmaz bilirdi ki, Əkrəm həmişə kəndinin müdafiəsində iştirak edə bilmədiyinə görə əzab çəkirdi. Kəndin kişiləri el-oba uğrunda vuruşaraq şəhid olduğu zaman Əkrəm Bakıda üç aylıq körpəsinə həm ana, həm ata olub, onu yaşadırdı. Bütün bunları təfsilatıyla yalnız Solmaz bilir və Əkrəmi gözəl anlayırdı.

Müharibə günlərində cəbhədəki vəziyyətlə bütün ölkə maraqlanırdı. Ən çox da oğullarını müharibəyə yola salan analar. Onların nələr çəkdiyini bir özləri bilirdi, bir də Allah.

Adil xüsusi təyinatlı dəstədə vuruşurdu. Onun bədən quruluşu, sağlamlığı və Türkiyədə təlim keçməsi ona ordumuzun ən mühüm hərbi hissəsində vuruşmağa imkan verirdi.

Əkrəm oğluyla Füzuli rayonunun yaxınlığında görüşdü. Bu, atayla oğulun cəbhədə çox təsirli görüşü idi və o qədər qəribə bir hadisə idi ki, nə ata, nə də oğul bu görüşə inana bilirdi. Onlar qucaqlaşıb ağladılar.

– Oğlum, əziz balam! Gör necə böyümüsən! Bir zaman körpəykən didərgin düşdüyün torpağı indi özün

azad edirsən. Onda sən qundaqdaydın, oğlum! Gör indi nə boyda olmusan! – deyə Əkrəm oğlunun boynunu qucaqlayırdı. Ürəyində isə dua edərək “Ay Allah, oğluma tuşlanan gülləni mənə yönəlt! Mən ömrümü yaşayıb dövranımı sürmüşəm! Sən özün oğlumu qəfil güllədən qoru!”-deyirdi.

Solmaz evdə tək olduğundan çox vaxt özünə yemək də bişirmirdi. Dünyada ən çox qorxduğu tənhalıq onu çox üzürdü. “Allah yəqin mənə də tənhalığı rəva bilib. Gül kimi ərim, oğlum var idi. İndi nə oldu? İndi mən neyləyim? Nə bilim hardadılar onlar? Bu nə bəxtdir yazıb mənə Allah?” – deyə ürəyində düşünür, sonra da: “Keç günahımdan, Allahım! Qoy vuruşub qələbə qazansınlar. Mən gözləyərəm. Təki sağ-salamat zəfərlə qayıtsınlar!” – deyib Allaha yalvarırdı.

Döyüşlər ordumuzun üstünlüyü ilə davam edirdi. Hər gün cəbhədən qələbə xəbəri gəlirdi. Xalq səbirsizliklə Ali Baş Komandanın çıxışını gözləyirdi. O, demək olar ki, hər gün bu və ya digər mühüm strateji obyektin və yaşayış məntəqəsinin azad olunmasını xəbər verirdi.

Solmaz oğlundan səsli göndəriş alanda ordumuz Şuşa yaxınlığında döyüşlər aparırdı: “Ana! Mənim əziz anam! Biz atayla bir yerdə vuruşuruq. Narahat olma. Sağ-salamatıq. Qələbə bizimlədir!”

Rabitə kəsildiyindən Solmaz bu sözlərə cavab göndərə bilmədi. O, kresloya oturdu, əlləriylə üzünü tutub hönkürdü, sonra əllərini göyə qaldırıb:

– Ay Allah! Mənim balamın anasının ruhu rahat olsun! Qoy onun oğlu evə sağ-salamat qayıtsın! Yalvarıram sənə, o uşağı anasının ruhuna bağışla! – deyə yalvardı.

Müharibə cəmi 44 gün davam etdi. Bu 44 gündə Solmaz tez-tez yaşadığı kəndə şəhid gətirilməsinin şahidi olurdu. O, oğullarını ağlamadan son mənzilə yola salan anaları görüb heyrətə gəlirdi.

“Gör vətəni nə qədər sevəsən ki, düşünmədən övladını ona qurban verəsən!” – deyə heyrətlənən Solmaz hər dəfə Adilin anası haqda “yəqin o da belə edərdi” – deyə fikirləşirdi. Sonra dərhal bu fikirləri beynindən uzağlaşdırmağa çalışırdı. “Yox! Yox! Mənim oğluma heç nə olmayacaq! Əminəm!” – deyə düşünür, lakin ürəyinin dərinliyində hansısa bir hiss onu qorxudurdu. Şuşanın düşməndən geri alındığı gün hamının yadında zəfər günü kimi qaldı.

Solmaz da o günü xüsusi sevinclə yaşadı, çünki ona Əkrəm zəng edib, tezliklə zəfərlə qayıdaçaqlarını dedi.

Solmaz rəqs etmək, çalıb-oynamaq istəyirdi. Onun əri və oğlu tezliklə evə dönəcəkdilər. Bundan böyük xoşbəxtlik ola bilərmi?!

Əkrəm 28 il bundan əvvəl əlində üç aylıq körpə ilə tərk etdiyi kənddə idi. Oğlu Adil də yanında… Əkrəm

kəndin küçələrində oyan-bu yana qaçır öz evini axtarırdı ki, oğluna onun doğulduğu yeri göstərsin. Adil Qarabağda döğulduğu haqda heç nə eşitməmişdi. Daha doğrudsu, Əkrəm həmişə onun anadan olmasından danışanda məharətlə mövzunu dəyişmişdi ki, Adil heç nə anlamasın, Solmazın onun ögey anası olduğunu bilməsin.

Onlar dağılmış məzarlara yaxınlaşdılar. Düşmən əlindən gələni etmişdi ki, qəbirləri yerlə-yeksan etsin. Yalnız öz yurdunu, obasını yaxşı tanıyan insan yaxınlarının qəbrini tapa bilərdi. Əkrəm anasının, atasının və bir neçə şəhidin məzarları qarşısında baş əyib tənha bir məzara yaxınlaşdi. Əyilib baş daşından öpdü. Məzarın üstündə heç bir yazı yox idi. O, hönkür-hönkür ağlamağa başladı.

Adil atasına yaxınlaşıb onu qucaqladı və:

– Bu kimdir? – deyə soruşdu.

Əkrəm özünü ələ alıb cavab vermədən məzardan uzaqlaşmaq istədi, lakin Adil onu saxlayıb bir də soruşdu:

– Ata, bu kimin məzarıdır?

Əkrəm bir neçə saniyə tərəddüd edəndən sonra əsgər paltarı geyinmiş boylu-buxunlu oğluna baxıb “O bunu bilməlidir, əvvəl-axır bilməlidir! Vaxtı çatıb!” – deyə düşündü və oğlunu qucaqlayıb:

– Bu, sənin ananın qəbridir, oğlum, – dedi.

– Nə? Nə dedin? – deyə Adil təəccüblə atasına baxdı.

– Hə, oğlum. Anan səni dünyaya gətirərkən dünyasıni dəyişib. Düşmənlərin atdığı mərmi evimizə düşmüşdü. Qəlpələr evimizi dağıtmış, ananın da köksünü parçalamışdı. Xoşbəxtlikdən sənə heç nə olmamışdı. Sən onda cəmi üç aylıq idin. Bil ki, sən bu gün həm də doğma ananın qisasını almısan, oğlum!

O vaxt sən çox zəif idin. Səni xilas etmək üçün mən kəndimiz uğrunda döyüşə bilmədim. Səni götürüb getdim buralardan.

Başqa əlacım yox idi. Ancaq gör nə boyda əsgər böyütmüşəm, maşallah.

– Ata, sən nə danışırsan? Bəs mənim anam…

– Solmaz sənə anadan da artıq olub, oğlum. O, səni sevdi, böyütdü, gecələr yatmadı. Sən xəstə olanda qulluğunda durdu. O, sənin anandır oğlum, lakin səni o doğmayıb.

Adil məzarın ətrafını təmizləyib bir qədər dayanıb durdu. Nə düşündüyünü, ürəyindən nələr keçdiyini heç kim bilə bilməzdi. Bunu ancaq özü bilirdi…

Onlar hərbi hissəyə gec qayıtdılar. Bir müddət susdular. Sonra Əkrəm sükutu pozaraq:

– Oğlum, bəlkə də sənə bunları deməməliydim. Ancaq mən istədim ki, ananın ruhu şad olsun. Anaların ruhu axı həmişə övladlarının başının üstündə olur. Bəlkə bütün bu müddət məhz onun ruhu səni qoruyurdu? Bəlkə ona görə sənə güllə dəymədi? Ancaq səndən bir xahişim var, oğlum. Bu söhbət bizim aramızda qalmalıdır. Qoy Solmaz bunu heç vaxt bilməsin, çünki o buna dözməz.

Axı onun bu yer üzündə səndən başqa heç kimi yoxdur.

Adil atasına diqqətlə baxıb heç nə demədi. O, həyətə çıxdı və telefonunu açıb Solmaza zəng etdi.

– Can! – deyə Solmaz cavab verdi.

– Ana, ana! Mən səni çox sevirəm! Sən ən gözəl anasan! Eşidirsən?

– Eşidirəm, oğlum! Anan sənə qurban! Necəsiniz? Atan necədi? Evə nə vaxt qayıdırsınız?

– Hər şey yaxşıdır, sağ-salamatıq. Sən onu bil ki, sənin oğlun səni çox sevir! – dedi və telefonu söndürüb yatmağa getdi…

Solmaz ömrünün sonuna qədər bilməyəcəkdi ki, Adil onun ögey ana olduğundan xəbərdardır...