Əyyub Türkay -"BELƏ SEVGİNİ"
Bu nə müsibətdir, yoxa çıxmısan,
Qara yer aparsın belə sevgini.
Qaranlıq dünyamın indidən belə,
Çətin ki, dəyişsin üzünün rəngi.
Çatıb qaşlarını sakit durmuşdun,
Üzü qara olsun bu mənzərənin.
Pəncərə açmışdıq öz dünyamıza,
Şüşəsi qırılsın bu pəncərənin...
Bu payız axşamı düşün sən məni,
Fərz elə qəlbində qonaq kimiyəm.
Belə məhəbbətin nəyini deyim,
Suya həsrət qalmış torpaq kimiyəm.
Sevgi böyüdükcə hicran çoxaldı,
Olduq sevdamızın əlində əsir.
Ayrılıq saatda neçə sürətdir?
Sonuma çıxmağa yaman tələsir.
Daşdan pul çıxarmaq olar bəlkə də,
Daş olmuş ürəkdən nə gözləyəsən?
Bizim eşqimizdən film çəkdilər,
Bərbad günündədir, nə izləyəsən?