Nüsrət Kəsəmənli : -  ETİRAF

Ədəbiyyat 08:10 / 18.09.2024 Baxış sayı: 495

Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kim

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən.

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan,
Acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan,
Bacım olmusan.
Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən..

Bir əlin mətbəxdə qabda-qaşıqda,

Bir gözün istidə, tüstüdə olub,
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub

Yollar çarpaz-çarpaz,
Yollar qarışıq...
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq -
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...