Sona Vəliyeva : - YARPAQ-YARPAQ
İçimdə göy üzü tutulub,
Boğuluram yarpaq-yarpaq.
Ağacam yerdən göyədək,
Doğuluram yarpaq-yarpaq.
Dərdim yurd yerinin dərdi,
Hansı günaha görədi,
Nə səpmişdim, nə göyərdi
Yığılıram yarpaq-yarpaq.
Bəxt yiyəsi, qəlb yiyəsi,
Bu eşq Tanrının töhfəsi,
İçimdə torpaq naləsi,
Sovruluram yarpaq-yarpaq.
Oba köçmüş, ocaq diri,
İçim xal-xal yanıq yeri,
Ölən Tanrı bəxtəvəri,
Doğranıram yarpaq-yarpaq.
Bu cənnət, bu da cəhənnəm,
O əzrayıl, bu da ki mən.
Qələmimnən, qələmiynən
Yazılıram yarpaq-yarpaq.
Yol hanı çıxıb getməyə?
Qaçıb ölümü ötməyə,
Külümdə od böyütməyə
Bağlanıram yarpaq-yarpaq.
Can dediyim qorxum imiş,
Uçub gedən ruhum imiş,
Ölüm solğun yuxum imiş,
Oyanıram yarpaq-yarpaq.