NİCAT HUNALP ,AYB-nin üzvü, gənc şair: - BİR ŞAİR ÖMRÜNÜN DUYĞU LEYSANI...

MƏDƏNİYYƏT 20:55 / 17.04.2025 Baxış sayı: 4174

(Şairə Minarə İsgəndərin oxucularla görüşündən qeydlər)

İllər öncəsi Yevlax rayonunun Ərəş kəndində dünyaya göz açan, ilk gənclik illərindən ulu Tanrının bəxş etdiyi şairlik istedadının “çəhlimiylə” arzuladığı ədəbi aləmin qapısını açıb içəri keçən Minarə İskəndər illər ötüb keçdikcə imzasını tanıtmaqla yanaşı, oxucuların sevgisini də qazanmağa nail olub. Ancaq bu məqama qədər sevib-seçdiyi musiqi müəllimi peşəsini də arzularında əkib göyərtdiyi “çörək ağacı” hesab edərək bağrına basıb. Elə bu peşəsiylə də Yevlaxın Xaldan qəsəbəsindəki uşaq musiqi məktəbində həssas qəlbli bir müəllim kimi tanınıb. Dövri mətbuatda və sosial şəbəkələrdə xeyli sayda şeirləri oxucular tərəfindən razılıq hissiylə qarşılanıb. Son iki il ərzində üç şeir kitabı nəşr olunub...

Mərz elə buna görə də xanım yazarın Mingəçevirdə oxucularla görüşmək arzusunu AYB-nin Mingəçevir bölməsində hamılıqla dəstəklədik. Heç demə xanım həmkarımızın qədəmləri də çox düşərli-sayalıymış. Bir neçə gündən bəri aramsız olaraq yağan selləmə yağış da səngimiş, buludların arxasından arabir fürsət tapıb boylanan günəş ilıq şüalarıyla tədbir öncəsi sanki xeyir-dualarını al şəfəqlərinin diliylə bizə söyləyirdi.

Bu gün (17.04.2025) saat on birə sayılı dəqiqələr qalmış, AYB Mingəçevir bölməsinin yerləşdiyi otaqda və onun qapısındakı uzun dəhlizdə qələbəlik hökm sürməkdə idi. Vaxt itirmədən bölməylə üzbəüz geniş otaqda hamı öz yerini tutdu və ilk olaraq AYB Mingəçevir bölməsini sədri,-tədbirin aparıcısı İsmayıl İmanzadə hamını təbəssümlə salamlayıb, şairə Minarə İsgəndərin özünəməxsus ömür yolunu və poeziyasını bir neçə abzaslıq cümləylə dəyərləndidi. Yeri gəlmişkən, əvvəldən axıra kimi könülləri oxşayan bu görüşə yerli yazar və oxucularla yanaşı Yevlaxdan gələn söz adamları, xanım şairənin övladları da qatılmışdılar. Minarə xanımın bu ilin əvvəllərində işıq üzü görən kitabının redaktoru Şəfa Vəlinin şairəyə və görüş iştirakçılarına ünvanlanmış təbrik məktubunun mətnini Elanə Nəcəfli oxuyandan sonra, AYB-nin üzvü, şair-hüquqşünas Bəhman Gülövşəli şairəyə yönəlik xeyir-dualarını açıqladı. Tanınmış şair Elşən Əzim səmimi kəlmələrlə görüşün “səbəkarına” uğurlar dilədi.

Şair Əhməd Əfsunun Minarə İskəndərin son şeirlər kitabı barədə dediklri və onun bir şeirini əzbərdən söyləməsi hamı tərəfindən razılıq hissiylə qarşılandı. Yazıçı-publisist, AYB-nin üzvü Zümrüd Rəhimova Minarə xanımla,-onun iç dünyasının saflığından soraq verən poetik duyğularıyla tanışlıqdan məmnun olduğunu söyləyib: “Bu gündən sonra bölmənin ayda iki dəfə keçirilən Yaradıcılıq Günlərinə də gəl və məni burada tək qoyma”-deyərək məclisin hərarətini bir azda artırdı...

Xaldan Uşaq Musiqi Məktəbinin direktoru Rəfail Məmmədov xanım şairənin həm ədəbi yaradıcılığından, həm də rəhbərlik etdiyi məktəbdəki təqdirəlayiq pedaqoji fəaliyyətindən qürur hissiylə söz açdı. Tanınmış tele-jurnalist İnqilab Şirinlinin ürəyinin ən dərin qatlarından süzülüb gələn ilıq kəlmələri məclisə unudulmaz anlar bəxş etdi.

Bir vaxtlar AYB Mingəçevir bölməsinin mənəvi dayaqlarından hesab olunan və paytaxta köçüb gedəndən sonra da yazar həmkarlarını unutmayan şair İldırım Əlişoğlunun çıxışı da təsirsiz ötüşmədi. Yevlaxda yaşayan şairlər,-Zirəddin Qulubəyli və Reyhan Rövşən çıxışları zamanı enişli-yoxuşlu poetik aləmin istedadlı yolçularından olan Minarə İskəndərin camaat arasında böyük nüfuz sahibi olduğunu vurğuladılar. Arada Mingəçevirdəki liseylərdən birində oxuyan yeniyetmə yazar Talıb Həsənlinin səmimi təbriki və qiraətində səslənən bir şeir şairəyə əsl söz hədiyyəsi oldu.

Tədbirdə yazarlar arasında satrik şair kimi dəyəq qazanmış Eldəniz Cəfəroğlu yazdığı bir şeirini oxumaqla, ədəbiyyat sevdalısı Rəşid Rəsulov və Qurban müəllimsə Mədinə xanıma,-bütövlükdə isə görüş iştirakçılarına ünvanlanmış xeyir-dualarıyla diqqət mərkəzinə düşdülər...

Gənc yazar, AYB-nin üzvü Elçin Məhərrəmin çıxışından sonra, Minarə İsgəndər çıxış edərək, AYB-nin Mingəçevir bölməsinin rəhbərliyinə, yazar həmkarlarına və tədbirə qatılanlara təşəkkürünü bildirib, bir neçə şeirini oxudu.

Sonda ayrı-ayrı məqamlarda söz məclisinə toplaşanlara nəcib hisslər aşılamağı da özünə borc bilən tədbirin aparıcısı,-şair İsmayıl İmanzadə Minarə İsgəndərə üzünü tutub: “Siz xoşbəxt qələm sahiblərindən birisiniz. Ona görə ki bu gün minlərlə oxucunuz, uğulu poetik addımlarınızla ilgili qürur hissi keçirən çoxsaylı dostlarınız var!”-dedi və sonda tədbir iştirakçılarını bölmədə çeşidli şiriniyyatla bəzədilmiş çay süfrəsi arxasında oturmağa dəvət etdi.