Nazim Əhmədli - TANRLAR QAYIDIR YERƏ

Ədəbiyyat 08:17 / 07.09.2025 Baxış sayı: 2005

 

Əlimdə qələm ləliyir,

nə yazım, bu ağ varağa;

dünyanın payızı gəlir,

xal düşür, yaşıl yarpağa;

 

hər yerə bir dərd atılıb,

unudulub, yurd atılıb;

buludlara nə qatılıb,

zəqqutun yağır, torpağa;

 

nə göndərib, qəm göndərib,

ağlı-huşu kəm göndərib;

bu dünyanı kim döndərib,

piltəsi sönmüş çırağa;

 

dərd adama elçi düşür,

mənə də ən gici düşür;

nə tora bir qəci düşür,

nə balıq gəlir, qarmağa;

 

ömür gedir, can ütülür,

damarımda qan ütülür;

fələk də, yaman ütülür,

dərdi-səri sırımağa;

 

görən nə olub, bəşərə,

bir birini salıb şərə;

tanrılar qayıdır, yerə

mizan-tərəzi qurmağa.