Meyxoş  Abdullah : - Yaşamaq əzabı ...

YAZARLAR 17:23 / 16.08.2025 Baxış sayı: 2360

 

(hekayə)

(Düşünmə ki, hər şeyin sonudur. Səbr et, bəlkə də, hər şeyin başlanğıcıdır...)

“...Mənim ölümümdə heç kəsi günahkar bilməyin... Yaşamağı bacarmadım... Məni bağışlayın!..”

Bir parça ağ vərəqə yazdığı bu sözləri sonuncu dəfə nəzərdən keçirtdi. Sonra kağızı evdəkilərin görə biləcəyi bir yerə, güzgünün qarşısındakı “kirpi darağın” dişləri arasına keçirtdi. Çiyinləri titrədi. İçindən, özünün də hiss edə bilməyəcəyi tərzdə bir sızıltı keçdi. Dodaqlarını dişləri arasına bərk-bərk sıxıb hıçqırdı. Balalarına, həyat yoldaşına yazığı gəldi. Onları başsız qoyub gedirdi. Bundan sonra uşaqlarının taleyi necə olacaqdı?

Əvvəllər də cavab tapma bilmədiyi bu qaranlıq sualların qarşısında bu dəfə də aciz qaldı. Əslində, elə bu sualların cavabını tapa bilmədiyi üçün intihar etmək fikrinə düşmüşdü...

Hər yerdən ümidi kəslimişdi. İş yox, dolanışıq yox, onlara əl tutası bir qohum-əqraba, dost-tanış yox. Allahın özü də, elə bil, bu bədbəxt bəndəsindən üz döndərmişdi. Ümidi hər yerdən üzülmüşdü.

Gündüzlər başını bir işlə qatmağa çalışsa da, gecələr ona cəhənnəm əzabı kimi çətin gəlirdi. Dünyanın bütün dərdlərini çəkən adamlar kimi iş-gücü, ancaq fikir etmək idi. Bunlar azmış kimi, bir yandan da oğlunda ağır və sağalmaz bir xəstəlik aşkar olunmuşdu, ürək qüsuru vardı. Oğlunun halını düşünəndə öz dərd-sərini də unudurdu. - Bu yazığın nə günahı var, ilahi, ona bu dərdləri çəkdirirsən? – deyə uşağın taleyinə acıyırdı.

Arvadı məktəbdə xadimə işləyirdi. Ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. İşləməkdən qollarının gömgöy damarları çıxmış, beli donqarlaşmışdı. Arvadının bu halı ona necə də əzab verirdi. Ayın axırında onun evə gətirdiyi cüzi əmək haqqı ərzaqdan çox, nisyə götürdükləri dava-dərmanın haqqını ödəməyə güclə çatırdı...

Hər dəfə canına qəsd etmək fikrinə düşəndə özünü qınayıb: - Bu axmaq fikirlər mənim başıma haradan gəlib girir, görəsən? – düşünürdü.

Günlər geçdikcə adiləşən bu əcaib fikirlər ona əzabdan çox rahatlıq gətirirdi. Özündə yəqinlik etmişdi ki, intihar edən şəxslər heç də acizlikdən belə etmirlər. Nə də, intihar edənlər dəli, axmaq adamlar deyillər. Əksinə, onlar təmiz və ağıllı adam olurlar. Ağılsız və axmaq adamlar isə həmişə çox yaşamaq istəyirlər. Ağıllı adamlar hər şeyin qədərini, ölçüsünü bildikləri üçün həyatdan qorxurlar, başqaları kimi yaşamaq istəmirlər. Onlar canlarını ağılın da gücü çatmadığı ümidsizliyin qurbanına çevirirlər. Bu cür fikirlər onun özünə qəsd etmək planını, artıq, qarşısı alınmaz etmiş və qəti qərara gəlmişdi ki, mütləq özünü öldürməlidir.

Qabaqcadan həyətdəki yarımtiklidə birpara hazırlıq işləri də görmüşdü. İp tapıb hazırlamışdı. Köhnə, sınıq-salxaq bir taxta çəllək də tapıb ora qoymuşdu. Fikri qəti idi, özünü asıb öldürəcəkdi. Canını birdəfəlik qurtaracaqdı bu əzabların əlindən.

... Fürsət idi. Həyat yoldaşı, beşinci sinifdə oxuyan qızıyla hələ məktəbdən qayıtmamışdı. O, evdə xəstə oğulu ilə qalmışdı. Oğlunun bu il iyun ayında on yaşı tamam olacaqdı. Zehinli-zəkalı uşaq idi, amma yazıq ağır xəstə olduğundan, canını dişinə tutub yaşayırdı.

Ata həyətə düşəndə oğlunun evin küncündə oturduğunu gördü. Oğlu gözlərini yaxınlıqdakı yarımtikliyə dikərək, baxışlarını oradan ayırmırdı. Elə bil, nəyinsə qarovulunu çəkirdi...

Atası şübhələndi. Çünki dünən günortaya yaxın oğlunun yarımtiklidən çıxdığını öz gözləriylə görmüşdü. Onun orada nə axtardığı ata üçün hələ də sirr olaraq qalırdı.

Elə bu vaxt uşağın baxışları atasının baxışlarıyla toqquşdu:

- Ata, hara gedirsən? – soruşdu.

Ata diksindi. Ona elə gəldi ki, oğlu onun nə edəcəyindən xəbərdardır. Odur ki, çaşqın halda:

- Bir az işlərim var, qayıdacağam.

- Tezmi qayıdacaqsan, ata?! – deyə, oğlu soruşdu.

- Hə... nə işdi ki?!..

- Qayıdanda mənə rəsm dəftəri, bir də qara karandaş ala bilərsənmi?!

- Rəsm dəftəri?!.. Nəyinə lazımdır sənin rəsm dəftəri? – deyə ata soruşdu.

- Şəkil çəkəcəyəm...

Ata bir qədər duruxdu... Sonra maraqla:

- Nə şəkil?!..

- Bir uşaq şəkli çəkəcəyəm, elə mən boyda.

- Aha... – deyə ata maraqlandı.

- Həmin uşaq ipdən asılmış vəziyytdə olacaq! - deyə oğlu əlavə etdi.

Ata diksindi:

- Bu axmaq fikirlər sənin hardan ağlına gəldi?

- Televizorda görmüşəm.

- Televizorda nə görmüsən?!

- Özünü ipdən asan uşağı. Deyirdilər ki, neçə müddətdi xəstədir. Kömək eləyənləri yoxdur. Ona görə də, uşaq özünü asıb öldürüb. - Axı, mən də xəstəyəm? - Yaşaya bilmirəm, əzab çəkirəm! İstəyirəm, mən də bu əzablardan qurtulum, – deyə oğlu ağladı.

Ata bir qədər susdu. Sonra xırıltılı səslə:

- Çıxart başından bu axmaq fikirləri, oğul. Nə olsun ki, xəstəsən? Bütün xəstələr özlərini asıb, öldürsələr dünyada adam qalmaz ki. Bəs, görmürsən, atan da neçə müddətdi ki, işsizdir? Elə mən də xəstə kimi bir şeyəm də... Görmürsən halımı? Onda gərək mən də özümü asss...

Ata bu sözləri deyərkən bir qədər duruxdu. Oğurluq üstündə yaxalanan adamlar kimi rəngi avazıdı. Bir anlıq nə edəcəyini qərarlaşdıra bilmədi. Yaxın gəlib oğlunun qarşısında diz çökdü və gözlərini onun gözlərinin içinə dikərək pıçıltıyla:

- Orda nə görmüsən?!

- Harda?!- deyə oğlu soruşdu.

- Orada!.. - deyə ata başının işarəsiylə yaxınlıqdakı yarımtiklini göstərdi.

Oğlu susdu.

- Səninləyəm!.. De görüm, orada nə görmüsən? – ata təkid etdi.

- Dirəkdən asılmış ip gördüm, ata!..

Ata bir xeyli susdu. Sonra oğlunun çiyinlərindən yapışaraq özünə tərəf çəkdi və başını onun kiçik alnına dayayaraq titrək səslə:

- Məni çoxmu istəyirsən, oğul?!

- Hə, səni çox istəyirəm, atacan.

- Mən də səni çox istəyirəm, oğul, özü də lap çox... Səni də, ananı da, bacını da canımdan artıq istəyirəm, – deyə, ata kövrəldi.

- Bəs, onda özünü niyə asırsan, ata?! – deyə oğlu qollarını atasının boynuna doladı.

Atanın gözləri doldu. O, bir xeyli susdu.

Oğlu əlini atasının çiyninə qoyaraq yenidən soruşdu:

- Ata, səninləyəm, özünü niyə asmaq istəyirsən?

Oğlunun səsi atanın qulaqlarında cingildədi. O qamətini düzəldib:

- Ümidsizəm, oğul, çox ümidsizəm. Bəlkə də, ümidsizliyin nə olduğunu sənə başa sala bilməyəcəyəm. Amma başa düş ki, mən çox əzab çəkirəm. Elə sənə görə, sənin xəstəliyinə görə.

- Ata, mən sənə söz verirəm ki, böyüyəndə ürək həkimi olacağam. Öz ürəyimi sağaldacağam, sən buna əmin ol. Amma səndən xahiş edirəm, mən həkim olunca sən yaşa.

Atanın ürəyindən bir istilik keçdi. Bütün vücudu sızladı. Oğlunu bağrına basıb:

- Hə... Əlbəttə... Yaşamaq lazımdır, oğul... Nə olursa, olsun bütün çətinliklərə sinə gərmək lazımdır. Axı, mənim sənin kimi oğlum, anan, bacın kimi əzizlərim var. Mən onları ömürlük əzab çəkməyə vadar edəcəkdim. Sizlər ömrünüzün sonuna kimi mənim günahımın əzabını çəkəcəkdiniz. Elə deyilmi, oğul? – deyə ata kövrəldi.

- Hə, atacan, elədir. Mən hər gün sənin üçün ağlayacaqdım.

Ata oğlunu qucaqlayıb bağrına basdı və:

- Məni bağışla, oğlum. Mən nə qədər xoşbəxt olduğumu indi anlayıram. Mənim hər şeyim olduğu halda, elə bilirdim ki, heç nəyim yoxdur və düşünürdüm ki, dünyanın ən bədbəxt adamıyam. Sən demə, mənim hər şeyim varmış. Sən, bu kiçik və xəstə canınla mənə yaşamağı və sizinlə birgə olmağı öyrətdin. Sən mənim dahi həkim oğlumsan. Mən sənin həkimliyinə inanıram. İnanıram ki, sən gələcəkdə məşhur həkim olacaqsan. Çünki sən bu gün atanı ağır bir xəstəlikdən xilas etdin...

... Elə bu vaxt darvazanın qapısı açıldı. Atayla oğul hər ikisi dönüb geriyə, darvazaya tərəf baxdılar. Qapının ağzında anayla qızı dayanmışdı. Onlar, sanki bütün yolu qaça-qaça gəldiklərindən tövşüyürdülər...