Mən onu düz 30 il bundan öncə tanıdım - Əlövsət Allahverdiyev yazır

YAZARLAR 09:40 / 23.01.2025 Baxış sayı: 237

Çox zəhmli bir görkəmi var idi. İlyas İsmayılov adı və familiyası sanki onun həm də tərcümeyi-halı idi.  İlk dəfə idi ki, tələbə olaraq biz onu yaxından görürdük, mühazirələrini çox böyük heyranlıqla dinləyirdik. Qısa zamanda İlyas İsmayılovu vəzifə borcunu ləyaqətlə yerinə yetirən, möhkəm iradəyə malik olan bir hüquqşünas  kimi tanıdıq. Republika prokuroru, ədliyyə naziri olmuş belə bir mükəmməl və hərtərfli adamın mühazirəsini dinləmək bizə yuxu kimi gəlirdi. Məğrur duruşu ilə auditoriyaya daxil olanda hər kəs onun görkəminə, addımlarına maraqla baxırdı. O, bütün gözəl keyfiyyətləri ilə bizə şəxsi nümunə oldu. Səmimi deyirəm, bizim də belə bir müəllim olmaq istəyi keçirdi ürəyimizdən. Zamanla o istəyin uğrunda mübarizə apardıq və bir pedaqoq kimi müəllim adını bu gün də hər şeydən uca tutmağa çalışdıq.

İllər keçdi, doğma, əziz müəllimizi heç zaman unutmadıq. Zaman ayırıb görüşürdük, təcrübəsindən faydalanırdıq, maraqlı söhbətləri ilə bizi zənginləşdirirdi. Səməd Vurğundan, Hüseyn Caviddən maraqlı söhbətlər edir, onların şeirlərini təhlil edirdi. Zəng vurub halını soruşanda, deyirdi ki, yaxşıyam, qoca kişi necə olar deyib zarafatından da qalmırdı. Sözün əsl mənasında, müəllimiz dostumuza çevrilmişdi. İlyas müəllimin qayğıkeşliyi, təmənnasızlığı və insana diqqəti ayrı bir mövzudur. 

Heç unutmuram, qarlı-çovğunlu bir gündə dərsə gedirdim, metrodan çıxdım, səhərin sazağı adamı bıçaq kimi kəsirdi. Sürətlə universitetə doğru addımlayır, heç ətrafa belə baxa bilmirdim. Bu zaman yanımda bir maşın saxladı, arxa qapı açıldı, uca səslə İlyas müəllim  məni maşına dəvət etdi, mən nə qədər etiraz etdimsə, o təkidlə məni maşına əyləşdirdi, bərabər dərsə getdik. 

Əbəs yerə deyilməyib ki, qüdrətli şəxsiyyətlər həmişə xalqın yaddaşında qalır, həmin şəxsiyyətlərin sayəsində isə xalq tarixin yaddaşında qalır. Məhz İlyas İsmayılov belə şəxsiyyətlərdəndir.

Əziz İlyas müəllim, doğma insan, səhhətinizdə yaranan problemlərdən dolayı çox üzgünəm. İnanmaq istəyirəm ki, siz tezliklə sağlamlığınıza qovuşacaqsınız, möhkəm iradənizlə bu problemdən xilas olacaqsınız. Sonuncu dəfə sizə baş çəkəndə bizi üzmək istəmədiniz, maraqlı söhbətlərinizdən, zarafatınızdan da qalmadınız. Çox sevinmişdim ki, yaxşılaşırsınız. Yenə də yaxşılaşacağınıza böyük ümidim var. Allahdan sizə şəfa, sağlamlıq arzu edirəm.

Bizim üçün İlyas İsmayılov ədalət və ləyaqət simvoludur.