Mən bu zamana sığmazam - Ələmdar Məmmədov yazır (ardı)

YAZARLAR 17:57 / 02.08.2025 Baxış sayı: 2446

İşdən  çıxma...

 

Çaldıran savaşında Şah İsmayıl od püskürən ən böyük topa yaxınlaşaraq qılıncla elə bir zərbə vurur ki, çuqun topun lüləsində dərin iz açılır. Döyüşdən bir neçə ay sonra Sultan Səlim məktub    ya­zıb qılıncı istəyir. Şah İsmayıl qılıncı göndərir. Sultan Səlimin ən tanınmış sərkərdələri qılıncla topun lüləsində yalnız cızıq aca bilirlər. Bunu görən Sultan məktub yazır ki, mən həmin qılıncı  is­tə­mişdim, Sən mənə başqa qılınc göndərmisən. Şah cavab verir ki, “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”.

1982-ci ilin noyabr ayında Heydər Əliyev Sov.İKP MKnın siyasi bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib, SSRİ rəhbərlərindən biri olduqdan sonra Respublikada rəhbər kürsüsündə oturan şəxslər - Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov təbii ki, Hedər Əliyev yolunu davam etdirə bilmədilər. Kürsü həmin kürsü olsa da, şəxslər həmin şəxs deyildi (“Qılınc həmin qılıncdır, qol həmin qol deyil”). İlk əvvəllər bu açıq hiss olunmasa da, sonradan, xüsusi ilə, Yenidənqurma şəraitində idarəçilikdə boşluq daha qabarıq şəkildə özünü göstərirdi.

Məsələ burasındadır ki, Yenidənqurmanın imkan verdiyi müəyyən azadlıqlardan Respublikanın siyasi rəhbərliyi düzgün istifadə etmək əvəzinə inzibati amirlik üsulundan və “böyük qardaşa” güvənmək xislətindən qurtula bilmədilər.

SSRİ adlı nəhəng imperiyada istehsal münasibətlərinin yeni formaları yaranırdı. “Fərdi əmək fəaliyyəti haqqında” 19 noyabr 1986-cı il tarixli, “Kooperasiya haqqında” 30 iyun 1987-ci il tarixli, “Müəssisələr haqqında” 26 may 1988-ci il tarixli qanunlar yeni münasibətlər yaradır, yeni yanaşma tərzi tələb edirdi. İnzibati amirlik metodundan əl çəkmək istəməyən respublikanın “beyni” hesab edilən Mərkəzi Komitə və “partaparat” sərbəst düşünmək qabiliyyətinə malik deyildi. Millətin, xalqın fəlakət qarşısında qaldığı bir vaxtda, ən cüzi məsələnin həlli üçün mütləq yuxarıların razılığı olmalı idi. Heç kim üzərinə məsuliyyət götürmək istəmirdi. Az qala oturuş-duruş qaydalarını tənzimləyən “partaparat” aciz görünürdü.

Kamran Bağırovdan sonra respublika rəhbərliyinə gətirilən, ana dilində düzgün və səlis danışa bilməyən Ə.Vəzirovun Dağlıq Qarabağda baş verənləri vilayətdəki sosial iqtisadi gərginliklə əlaqələndirməsi (həmin dövrdə DQMV-də yaşayış səviyyəsi ümum­azərbaycan göstəricisindən 1,4 dəfə çox idi), erməni sepa­ratizminə qarşı deyil, əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H.Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz formalaşdırdı.

Bir əldə iki qarpız tutmaq istəyən Ə.Vəzirov ermənilərlə barışığın mümkünlüyünə inanır, bəzi məsələrdə onlara güzəştə gedirdi.

Məlumdur ki, DQMV-də separatçıların qarşısında dayanan əsas güc  ağdamlılar və onların rəhbəri Sadıq Murtuzayev idi.

Sadıq Murtuzayev  “İnsan amili, həyat və zaman” adlı kitabında çoxdan tanıdığı Ə. Vəzirovla Respublika rəhbəri olandan sonrakı  görüşünü belə xatırlayır:

“Ə.Vəzirov rayonlara ilk səfərini Ağdamdan başlamışdı. Ertəsi gün Xankəndiyə gedəcəkdi. Bir neçə təsərrüfata baş çəkib qonaq evinə qayıtdıq. Səhər saat dördə kimi  səmimi söhbət etdik. Tez­dən onu xidməti maşınımla Xankəndiyə yola saldım. Axşam saat 17.00 radələrində qayıtdı. Maşından düşən kimi soruşdu:

- Neçə ildir rayonlardasan?

- 30 ildən çoxdur, Əbdürrəhman Xəliloviç.

- Sənin mərkəzə gəlmək vaxtındır.

Bir neçə gündən sonra işləri yeni seçilmiş I katibə təhvil verib Bakıya getdim. Xeyli sonra məni Abşeron Rayon Partiya Ko­mi­tə­si­nin I katibi seçdilər.

Moskvada XIX partiya konfransında DQMV-nin I katibi Poqo­sovla rastlaşarkən etiraf etdi ki, iş yerimin dəyişdirilməsini Ə.Və­zir­ovdan o xahiş edib.

Həmin dövrdə hakimiyyət boşluğunun əyani sübutu kimi bir hadisəni də danışmaq istəyirəm:

1989-cu ilin noyabr ayının axırları idi. Birinci katib Ələsgər Qocamanov məni yanına çağırdı. Cəbhənin lideri Miralim və Cəlilabad rayonunun Novoqolovka kəndindən gələn 10-15 nəfər də katibin kabinetində idi. Kənd Qızılağac qoruğu ilə sərhəd olduğundan tez-tez vəhşi heyvanların hücumuna məruz qalırdı. Camaat da yığılan ov tüfənglərinin qaytarılmasını xahiş edirdi. Birinci katib dərhal daxili işlər nazirinə zəng etdi. Nazir dedi ki, Mərkəzi Ko­mi­tə­nin icazəsi olmasa milis tüfəngləri qaytara bilməz. Katib bizim yanımızda Azərbaycan KPMK-nin katibi Telman Orucova, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova zəng etdi. Hər ikisi  dedi ki, gərək Əbdürrəhman Vəzirovun razılığı olsun. Ələsgər müəllim öyrəndi ki, Vəzirov Moskvadadır. Çox əziyyətdən sonra onun Moskvadakı telefonunu tapıb Vəzirovla danışdı. Lakin, respublikanın birinci katibinin də bu problemi  həll  etməyə gücü çatmadı.

Hakimiyyət boşluğunu sadə insanlar da hiss edirdi. Gərginliyi ilə seçilən, insanların bir-birini ittiham etdiyi Ali Sovetin iclaslarının birində İlyas müəllim çıxış edərək təxminən aşağıdakıları dedi: - Hamımız bərəkətli torpaqlarımızdan, neftimizdən, pambığımızdan ağız dolusu danışırıq. Əsas məsələ insan amilidir. Gəlin belə ağır şəraitdə bir-birimizi ittiham etmək əvəzinə insanlarımızı, vətəndaşlarımızı qoruyaq, qüvvələrimizi birləşdirək, bir hədəf uğrunda mübarizə aparaq.

Aralarında xoş münasibət olmasına baxmayaraq, Ə.Vəzirovdan sonra Respublika rəhbəri olan A.Mütəllibov 1990-cı ilin Yanvar ayında Konstitusiya müddəti başa çatan İlyas müəllimin ikinci müddətə Respublika prokuroru təyinatı üçün təqdimat yazmadı. Yada salmaq yerinə düşərdi ki, əgər İlyas müəllim Moskvanın Azərbaycana girməsinin qarşısını almasaydı və bizdə də “Özbək işi” açılsaydı A.Mütəllibov və komandası məhbus həyatı yaşayardı.

Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra, arxasız və dayaqsız qalan Azərbaycanı bir çox bəlalardan xilas edən İlyas İsmayılova qarşı belə münasibətin səbəbi nə idi?

İlyas İsmayılovun ədalət çətirinin altında qorunanlar təhlü­kə sovuşan kimi nə üçün ona  qarşı çıxdılar?

2-7 iyul 1953-cü ildə Sov.İ.K.P. MKnin rəyasət heyətinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini və Daxili İşlər Naziri 26 iyun 1953-cü ildə həbs olunmuş L.P.Beriyanın işi ilə əlaqədar keçirilən plenumun yekun qərarında partiya nomenklaturasının barəsində yuxarı partiya orqanının xüsusi icazəsi olmadan əməliyyat və istintaq tədbirləri həyata kecirilməsi qadağan edilmişdi. 30-cu illərdə olduğu kimi partiya xadimlərinin əsassız repressiyaya məruz qalmasının qarşısını almaq zərurətindən irəli gələn və ilk baxışda  humanist addım kimi görünən bu qərar zaman keçdikcə öz mahiyyətini itirərək, toxunulmazlıq statusunda olan toplum əmələ gətirmişdi. Qanun üstündə olan bu insanları ən ağır hadisə və cinayətlərdə, hətta, şahid kimi dindirmək üçün xüsusi icazə tələb olunurdu.

Ona görə də partiya tədbirlərinin birində İlyas müəllimin ilk çıxışı bomba təsiri bağışlamışdı.

Belə ki, əvvəlki prokurorların cinayətkarlığın vəziyyəti barədə statistik göstəriciləri dilə gətirib, çıxışlarını rəhbərliyə tərif yağdırmaqla  tamamlamasına alışmış - partiyaya sədaqət ruhunda tərbiyə olunan, partiya daxili qaydaları əlində qılınc, verilmiş imtiyazları qalxan edən partnomeklatura birdən-birə hamının partiya qarşısında məsuliyyət daşımalı olmasından deyil, qanun qarşısında bərabər olmasından, qanunun aliliyindən danışan ciddi görkəmli, ötkəm prokurorla rastlaşmışdı. Özlərinə təskinlik verən, səksəkəyə düşmüş nomenklatura İlyas müəllimin bu çıxışını onun cavanlığı və təcrübəsizliyi ilə əlaqələndirirdilər. Onlar başa düşmürdilər ki, bu prokuror həmişə verdiyi sözü tutan, qatı cinayəkarlar və mafioz elementlərə qarşı amansız olan, az əhəmiyyətli xətalar törətmiş sadə insanlara qarşı humanistlik nümunəsi  göstərən, ayrı-ayrı şəxslərə deyil, yalnız qanuna qulluq edən dönməz, sarsılmaz və qətiyyətli bir şəxsiyyət, yeni tipli rəhbərdir.

İlyas müəllimin partiya orqanlarını qane etməyən digər hərəkəti “təhkimçiliy” in aradan qaldırılması oldu. Prokuror kolxoz və yaxud sovxoza təhkim edilir, iclaslarda bəzən  təsərrüfat işlərinin gedişi barədə    sorğulanırdı. Məsələn: Ot yığımı mövsümü baş­layanda hamı kimi prokurorluq əməkdaşları da səhər saat 05-də RPK-nin qarşısına gəlir, sonra təhkim olunduğu kolxoz və sovxo­za gedir, formal olaraq yığımda iştirak edir və saat 09-da iş yer­in­də olurdu.

Pambıq, üzüm və tərəvəz yığımı zamanı şahid ifadələri iş ye­rin­də deyil, sahələrdə alınırdı ki, bu da istintaq sirrinin yayılma­sına, son nəticədə istintaqın effektivliyinin azalmasına səbəb olurdu. Bu hallar prokuror nüfuzuna büyük zərbə vururdu. Nüfuzu olmayan prokuror başqalarının hüquqlarını necə qoruya bilərdi? Ona görə də İlyas müəllim “təhkimçiliy” in ləğv olunması barədə Mərkəzi Komitə qarşısında məsələ qaldırdı və çətinliklərə baxmayaraq istəyinə nail oldu.

Haşiyə: 1997-ci ildə əvvəllər Goranboy  Rayon Partiya Komi­təsinin 1-ci katibi işləmiş Arif Cəfərov rayona gəlmişdi. RİH-in başçısı Ağa Əkbərovun yanında Arif müəllim mənim Cəlilabaddakı fəaliyyətimi tərifləyib, həmin dövrdə Qasım İsmayılov rayon prokurorunun zəif olmasını bildirəndə yarı zarafat, yarı ciddi dedim:

- Arif müəllim, siz hamınız bəli, baş üstə deyən prokurorlarla işləmək istəmisiniz. Nəticədə hüquq-mühafizə orqanları başıqapazlı olub. Mən Cəlilabadda təzə işə başlayanda 1-ci katib İ.Qurbanov sərbəstliyim və “özbaşınalığımla” razılaşmır və hər yerdə məni pisləyirdi. Lakin 1986-ci ilin iyul ayında ruslar rayona yoxlamağa gələndə əlimdəki faktlarla onların qarşısında dayandığımdan cinayət faktı tapa bilmədilər. Bu hadisədən sonra İ.Qurbanov, istəməsəm də, iclaslarda məni yanında oturdurdu və göstəriş vermişdi ki, rayona gələn bütün yoxlayıcılar  əvvəl prokurorun yanına aparılmalıdır. Hətta rayona göndərilən hakimliyə namizəd Nəsir Məmmədovu qəbul etməyərək əvvəl mənim yanıma göndərmiş və müsbət fikrimi bildirdikdən sonra qəbul etmişdi. Prokuror işini elə görməlıdir ki, ən ağır cinayətlərin də istintaqını yuxarı prokurorluq ona etibar etsin. Prokuror işlədiyi rayonun bütün ağrı-acısını çiynində daşımağı bacarmalıdır.

 

...Məişət Xidməti Nazirinin əmri ilə bir nəfər işdən  çıxarılır. Həmin şəxs Respublika Prokuroluğuna müraciət edir. Yoxlama zamanı şəxsin qanunsuz olaraq işdən çıxarılması müəyyən olu­nur və işə bərpa edilməsi barədə protest verilir. Lakin protestin baxılması gecikdirilir. Bir neçə gündən sonra MKnin 2-ci katibi Y.Konovalov İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə nazir B.Alekseyenkonu da orada görür. Y.Konovalov yarı zarafat, yarı ciddi deyir:

- İlyas Abasoviç, nazir Sizdən narazılıq edir.

İlyas müəllim sərt şəkildə cavab verir:                                                  

- Mən bu naziri qanunlara hörmət etməyə vadar edəcəyəm.

Y.Konovalov:

- Gedə bilərsiniz, İlyas Abasoviç,- deyə, onu yola salır.

Səhəri günü protest təmin edilir və həmin şəxs əvvəllki işinə bərpa olunur. Bakı şəhər prokuroru Əliş Əliyevin prokurorluq müddəti 1989-cu ilin may ayında tamam olurdu. Əliş müəllimin xahişinə əsasən İlyas müəllim onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına gəlmişdi.  MK-nin 1-ci katibi Ə.Vəzirov büro iclasında bu məsələyə sərt reaksiya verir. İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim ona kəskin cavab qaytararaq,  iclas za­lını tərk edir.

 

Qeyd: Təəssüf ki, 1990-cı ilin avqust ayında yeni Baş prokuror İsmət Qayıbovun təqdimatı ilə əlaqədar keçirilən kollegiya iclasında İlyas müəllimin ünvanına söz deyənlər sırasında Ə.Əli­yev də var idi...

1989-cu il, dekabrın 29-da Cəlilabadda qanlı qarşıdurma baş verdi. Raykomun və Milis şöbəsinin binası dağıdıldı. Münaqişədə 131 nəfər, o cümlədən, Rayon Partiya Komitəsinin I katibi Xeyrulla Əliyev xəsarət aldı. Onlardan biri iki gündən sonra dünyasını də­yiş­di. Bir milis əməkdaşı da bir neçə aydan sonra aldığı xə­sa­rət­lərdən xəstəxanada vəfat etdi. Həmin gün axşam Dövlət Təhlükəsizlik Komitəsinin Biləsuvar Rayon Şöbəsinin binasında müşavirə keçirildi. Müşavirədə Mərkəzi Komitənin katibi Telman Orucov, Daxili İşlər naziri Aydın Məmmədov, Respublika prokuroru İlyas İsmayılov, DTK sədri Vaqif Hüseynov iştirak edirdi. Mü­şa­vi­rədən sonra Telman Orucovdan məni ayrıca qəbul etməsini istədim. Xahişimi nəzərə alan MK katibi 15 dəqiqədən sonra məni qəbul etdi. Söhbətimiz çox gərgin keçdi.Onun amiranə danışıq tərzi kütləvi ixtişaşın şahidi və iştirakçısı olmuş insan kimi məni çılğınlıq etməyə vadar etdi. T.Orucov məni dinləmək istəməyib otaqdan çıxaranda İlyas İsmayılov ona sərt reaksiya verərək dedi:

- Telman Xəliloviç, bəsdirin, Sizin “bezdarnı” partiya işçi­lə­rinizin səhvi ucbatından rayon prokuroru dörd aydır səngərdədir. Siz isə onu dinləmək istəmirsiniz.

 Əlbəttə, İlyas müəllimin bu cəsarətli hərəkəti inzibati amirlik üsulu ilə işləməyə öyrənmiş partiya nomenklaturasını qıcıqlandırmaya bilməzdi. O, əslində məni deyil, ədaləti müdafiə edirdi.

Səhərisi gün Cəlilabadda görüşərkən,”Məni pis vəziyyətdə qoydun”, - deyə, yüngül iradını bildirdi.

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi ictimai hərəkat kimi o vaxtki Nazirlər Sovetində dövlət qeydiyyatına alınanda Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovla AXCnin sədri Əbülfəz Eçibəy arasında 8 bənddən ibarət bir saziş bağlanmışdı. Sonralar həm respublikanın siyasi rəhbərliyi, həm də Moskvadan gəlmiş İttifaq rəhbərləri Primakov və Girenko, habelə bunların təsiri ilə SSRİ Baş Prokurorunun Bakıya gəlmiş müavini Abramov  Respublika prokuroru İ.İsmayılovdan  tələb edirdilər ki, AXC qeydiyyat zamanı A.Mütəllibovla bağladığı sazişi pozduğuna görə onun dövlət qeydiyyatının ləğv olunmasına dair Nazirlər Sovetinə təqdimat göndərsin. İlyas müəllim həmin sazişin qanun və digər normativ akt statusunda olmadığına görə prokuror nəzatəti təsiri altına düşməməsi əsası ilə onların tələbini rədd etmişdi. İlyas müəllimdən narazı qalan Moskvadan gələn yüksək ranqlı məmurlar və Respublika rəhbərliyi SSRİ Baş prokuroru A.Suxarevə şikayət et­miş­dilər ki, İ.İsmayılov bizə kömək etmir, AXC-ni müdafiə edir.

...Mərkəzi Komitə katiblərindən biri bacısı oğlunun prokurorluqda işə qəbul edilməsi barədə xahiş etmişdi. İlyas müəllim nami­zə­di qəbul edir və sorğu-sualdan sonra deyir:

- Sən biliklərini artırmalısan. Bir il hazırlaş gələn il baxarıq.

Bir ildən sonra İlyas müəllim təkrar namizədi qəbul edir və hü­quq elmindən xəbəri olmadığının şahidi olub, həmin şəxsi pro­kurorluğa qəbul etmir. Müstəqillik dövründə də yüksək vəzifələr tutan “dayı” qohumunun işə qəbul edilməməmsini heç vaxt unutmadı!!

 Bu, o demək deyil ki, İlyas müəllim vəzifəli şəxslərin uşaq­la­rı­nın prokurorluğa götürülməsinin əleyhinə olmuşdur. İlyas müəllimin kadr seçimində kimin adamı olması deyil, kim olması əsas idi.

Rayon prokuroru vəzifəsinə bir qayda olaraq təyinat 1-ci katib­lərin razılığından sonra baş tuturdu. Odur ki, işçinin peşə keyfiy­yət­ləri ilə yanaşı, qanunda nəzərdə tutulmasa da,  “yola get­­mək”qabiliyyəti də nəzərə alınırdı.

Məsələn, Prokuror nəzarətinin bütün sahələri üzrə püxtələşmiş Lənkəran rayon prokurorunun böyük köməkçisi Paşa Tahir­za­dənin 1981-ci ildə rayon prokuroru vəzifəsinə irəli çəkilməsi an məsələsi olanda, istəməyən qüvvələr onun guya partiya sovet orqanları ilə dil tapa bilməməsi iddiasını irəli sürmüşdülər. Bu əsasla P.Tahirzadənin layiq olduğu rayon prokuroru vəzifəsinə təyinatı gerçəkləşmədi.

Tanınmış prokurorluq işçilərindən biri xatirələrində yazır: “Lənkəran ŞPK-nin 1-ci katibi İ.Məmmədov 15 namizədin arasından tanımaza, bilməzə məni seçmişdi”...

Rayonların birinə prokuror təyinatından sonra katib İlyas müəllimə zəng edir. Onların arasında belə dialoq baş verir.

Katib:

- Yoldaş İsmayılov, bizə prokuror göndərmisiniz, lakin biz onu tanımırıq. Belə adamla necə işləyəcəyik?

İ.İsmayılov:

- Yoldaş katib, mən Sizə kolxoz sədri və yaxud sovxoz direktoru deyil, qanunların icrasına nəzarət edən prokuror göndərmişəm. Siz partiya işçisi kimi bilməlisiniz ki, prokuror Mərkəzi Komitənin katibliyinin nomenklaturasıdır, raykomun yox. Mən Mərkəzi Ko­mi­tə ilə razılaşdırmışam.

İlyas müəllim burada da qanun və qaydalara əməl edilməsini ön plana çəkməklə, əvvəlki təsəvvürləri alt-üst etmişdi.

Və yaxud, cox yerlərdə partiya cəzası alıb işdən çıxarılan vəzi­fəli şəxslərin barəsində materiallar prokurorluğa göndərilir, prokurorlar da katiblə münasibəti korlamamaq üçün, ən cüzi xəta­ya görə cinayət işi başlayıb məhkəməyə göndərir və insanlar məhkum edilirdilər. Lakin İlyas müəllimin prokurorluğunun ilk aylarından az əhəmiyyətli xətalara görə insanların məhkum edilməsinin əleyhinə çıxdığına görə, yerlərdə də prokurorlar katib­lərin çaldığı ilə oynamır və təbii ki, belə hallar nomenklaturanı İlyas müəllimdən narazı salırdı.

İlyas müəllim mafioz qüvvələrə qarşı mübarizədə ağlasığmaz çətinlik və məhrumiyyətlərlə rastlaşmalı olurdu. Məsələn, Çox nüfuzlu mafioz bir şəxsin - ”X”, xüsusilə külli miqdarda dövlət əmlakını talaması ilə əlaqədar aparılmış istintaq nəticəsində onun təqsiri sübut olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdi. Respublikanın ən yüksək vəzifə sahibləri bu məsələdə İlyas müəllimə təsir etməyə başladılar. İlyas müəllimin geri çəkil­məməsini görən həmin qüvvələr “X”-i psixi xəstə çıxartdılar. Əlavə ekspertiza keçirildi və rəyin saxta olduğu müəyyən edildi. Saxta rəy vermiş məşhur professorun haqqında cinayət işi başlandı. Professorun müdafiəçiləri onun “repressiyaya məruz qalması” barədə ölkənin baş mətbuat orqanı olan “Pravda” qəzetində geniş yazı dərc etdirdilər. İlyas müəllim Moskvaya gedərək “Pravda” qəzetinin redaktoru olə görüşüb yazıdakı bütün müddəaları alt-üst etdi.

 1990-cı ilin fevral ayında Respublika prokurorluğunda keçirilən kollegiya iclasında MKnın inzibati orqanlarla iş şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olun­ması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən, o, özünəməxsus ötkəm formada dedi:

- Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Pro­ku­rorunun 1-ci müavini iştirak etdiyi üçün onlar rus dilində danışır­dılar).

Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik üçün İlyas müəllimin, necə deyərlər,  arzuolunmaz şəxs olmasının səbəblərini oxu­cuya izah edə bildim.

İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi tərəfindən haqsız təzyiqə məruz qalmasını görən Azərbaycan ziyalıları və hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni undulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən yazılmış bir teleqramı oxucuların nəzərinə çatdırıram:

                   

Azərbaycan KP MK-nin bürosuna

 

“Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı, ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları,  təəssüf ki, çox azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman  bizə bağışlamaz.

Xalqımızın düçar olduğu bu bəlada hamımızın – həm bizim  hər birimizin və həm də böyük umur  sahiblərinin günahı vardır. Zaman hər kəsin payını verəcəkdir, buna şübhə olmamalıdır. İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir”

Hörmətlə:

Məmməd Xələfov - h.e.d professor

Murtuz Ələsgərov - h.e.d. professor

Məsumə Məlikova - h.e.d. professor

Qasım Manayev - h.e.d. professor

Əziz Əsədov - h.e.d. professor

Tofiq Qafarov - h.e.d. professor

Əyyub Əsgərov - h.e.d. professor

Cəfər Mövsümov - h.e.d. professor

Kəmalə Sarıcalinskaya - h.e.n. dosent

Məmmədxan Rəsulov - h.e.n. dosent

Yusif Mehdiyev - h.e.n. dosent

 

13 mart 1990-ci il

 

* * *

SSRİ Baş Prokurorluğu da müttəfiq respublika prokurorları arasında ən sanballı və savadlı hesab edilən İlyas İsmayılovun təkrar müddətə Respublika prokuroru vəzifəsində qalmasında maraqlı idi. Təsadüfi deyil ki, İlyas müəllimin 5 illik  Konstitusiya müddəti 1990-cı ilin Yanvar ayında tamam olduğu halda, əvəzçi kimi Onu avqust ayına kimi saxlamışdılar.

SSRİ Baş prokurorunun 1-ci müavini, prezident  A.Mütəllibovun qəbulunda olarkən o, İlyas müəlimdən şəxsi narazılığı olmadığını, Onun yüksək səviyyəli hüquqşünas olmasını deməklə bərabər bildirmişdi ki, mən İlyas İsmayılovun qaydaları ilə işləyə bilmərəm...

Nəhayət, İlyas İsmayılov 1990-cı ilin avqust ayında Konstitusiya müddətinin başa çatması ilə əlaqədar Azərbaycan SSR Respubli­ka prokuroru vəzifəsindən azad edilərək, SSRİ Baş Prokurorluğunun idarə hüquqlu şöbə rəisi vəzifəsinə təyin edildi.

1990-cı ildə xain qüvvələr İlyas müəllimin Nardaranda yerləşən bağ evini yandırdılar. İş dalınca şəhərə gələn altı nəfər fəhlə həya­tını itirdi. Cinayətkarlar güman etmişdilər ki, İlyas müəllimin böyük oğlu Etimad dostları ilə bağ evindədir.

Mən həmin günlərdə Moskvaya - İlyas İsmayılova zəng etdim. Məsləhət bildim ki, Bakıya gəlməsin. İlyas müəllim cavabında dedi:

- Mən fatalistəm. Ölümdən qorxmuram və iki gündən sonra Bakıya gəldi.

Bağ evinin kimlər tərəfindən yandırılması müəyyən edilmədiyiinə görə başlanmış cinayət işinin icraatı dayandırıldı. Lakin bəlanın hansı istiqamətdən gəldiyini təxmin eləmək çətin deyildi. Boynu qoltuq görməmiş, İlyas İsmayılov ədalətinin pəncəsindən qurtula bilməyən bir çox insan İlyas müəllimə düşmən kəsilmişdi.

Yaxın dostlar və ilyassevərlər baş verə biləcək bədbəxt hadisə­lərin ola biləcəyini əvvəlcədən sezib İlyas müəllimin ən şox hörməti keçmiş insanlara müəyyən siqnallar ötürmüşdülər. Lakin təəssüf ki, həmin şəxslər süstlük göstərdilər...

Qeyd edildiyi kimi, İlyas İsmayılov SSRİ Baş Prokurorluğunun Cəzaçəkmə Müəssisələrində Qanunların İcrasına Nəzarət Şö­bə­sinin rəisi təyin edildi. Bu vəzifədə də o, milli qeyrətini ortaya qoy­du. Belə ki, Azərbaycanda ağır cinayətlərə görə məhkum olmuş şəxsləri RSFSR-in müxtəlif bölgələrində ağır işlərə cəlb edirdilər. İlyas müəllim özünün təşəbbüsü ilə həmin məhbusların cəza­la­rının qalan hissəsinin Azərbaycanda çəkməsinə nail oldu. O, SSRİ Baş prokuroruna yazdığı xidməti məktubunda bunu belə əsas­landırmışdı ki, məhbus ailəsinə yaxın yerdə cəza çəkərkən daha tez islah olunur.

 

Müstəqillik illərində