MEHDİ CALAL  - Dünyanın qoynuna bir səda düşür,

Ədəbiyyat 20:49 / 07.03.2026 Baxış sayı: 297

      

***

 

Dünyanın qoynuna bir səda düşür,

Şəhərlər narahat, kəndlər narahat.

Sevincli üzlərdən təbəssüm düşür;

Dəyişir, günbəgün dəyişir həyat.

 

Təyyarə səsindən, raket səsindən

Analar alçaldır layla səsini,

Hələ nəm qalıbdı əsrin gözündə,

Bir kədər dolaşır Yer kürəsini.

 

Hay-haray başlanır duyan qəlblərdə,

Qaçır körpələrin şirin yuxusu.

Örtür yer üzünü bir qara pərdə,

Dolur ürəklərə nüvə qorxusu.

 

Həyat ölüm ilə üz-üzə  durub,

Bəşərin taleyi tükdən asılı,

Kimdir məzlum-məzlum boynunu burur?

Bilirmi varlığa quyu qazılır?!

 

O kimdir? - gecəsi-gündüzü ilə

Boğur həqiqəti, boğmur nəfsini.

O kimdir?- bağırır var gücü ilə,

Batırmaq istəyir haqqın səsini.

 

Atom canlıların zülmət dünyası,

Bu gün gör həyata zülmət nə yaxın;

İnsan məhv olmasın, torpaq yanmasın,

Bəşər övladları, ayağa qalxın!!!