Əşrəf Veysəllidən  İKİ  ŞEİR

Ədəbiyyat 15:15 / 07.03.2026 Baxış sayı: 207

 

SEVGİ ŞEİRLƏRİ YAZIRAM HƏLƏ

Bir cüt göz boylanar gözlər içindən,

Qırx ilin həsrəti sızlar içimdə.

Onun bənzərini qızlar içində

Görcək, ünvanımı azıram hələ,

Sevgi şeirləri yazıram hələ.

 

Gah havaya həsrət, gah suya həsrət

Neylərdim o zərif duyğuya həsrət?..

Qan sızan gözlərim yuxuya həsrət

Məni sevənlərə, mən sevənlərə

Sevgi şeirləri yazıram hələ.

 

Söz ki məhəbbətə, eşqə söykənər

Dönər ev tikənə, işıq çəkənə.

Sevgi tükənəndə ömür tükənər,

Odur ki, qəlbimlə verib əl-ələ,

Sevgi şeirləri yazıram hələ.

 

Neçə ölümlərdən keçdim, ölmədim,

Ölmədi dərdimdən heç kim, ölmədi.

Özüm öləndə də eşqim ölmədi,

Onun hər cövrünə hazıram hələ,

Sevgi şeirləri yazıram hələ.

 

Dalımca danışıb söyməsin heç kəs,

Düz olan işimi əyməsin heç kəs.

Bu yaşda xətrimə dəyməsin heç kəs,

Getsin öz işinin dalınca hərə,

Sevgi şeirləri yazıram hələ.

 

Eşqim düşürməsin atından məni,

Yansam, ayırmasın odundan məni.

Əzrail çıxartsın yadından məni,

Lap belə fələin özü də gələ

Sevgi şeirləri yazıram hələ

 

MƏN NİYƏ YAZIRAM BU YAZILARI

 

Əridə-əridə odlu qəlbimi,

Dünya öz işində qalacaqdısa,

Kainat milyon il əvvəlki kimi,

Köhnə havaları çalacaqdısa,

Mən niyə yazıram bu yazıları?

 

Tanrının yanında üzüm yoxdusa,

Dünyada heç nədə gözüm yoxdusa,

Haçandır dilimi bir söz göynədir,

Onu da deməyə lüzum yoxdursa,

Mən niyə yazıram bu yazıları?

 

Bir də görürsən ki, gün dağdan aşıb,

Dərdin əllərinə saçın dolaşıb..

Çoxu çıxarıbdır ürəyi yaddan,

Çoxunun çörəyə qarışıb başı,

Mən niyə yazıram bu yazıları?

 

Uzağı bir sözü yazanacandı,

Əl sözə isinib qızanacandı..

Çətini beşikdən məzaracandı,

Məzardan bu yana gəliş yoxdusa,

Məzardan o yana gediş yoxdusa,

Məzardan o yanda bir iş yoxdusa,

Mən niyə yazıram bu yazıları?

Mən kimə yazıram bu yazıları?