Kim hara girir? - yazdı Firudin Ağazadə 

Ədəbiyyat 09:13 / 07.03.2026 Baxış sayı: 205

Tələbəlik illərində avtobusda cibimə girmişdilər, sözüm o namərdədir.

 

Sən cibə girirsən,

Məni kənd uşağı bilib girişirsən?!

Sən cibə girirsən,

Yaltaq qılığa girir,

Qola-qoltuğa girir,

Sonra qulluğa girir.

Sonra da qoz sındırır başımızda...

Sən cibə girirsən,

Ehtiyac səndən üzlü –

Səndən qabaq

Girib oturub cibimdə.

Sən cibə girirsən,

Kəmfürsət kədər

Ağrıyan diş olur – ağıza girir,

Artıq ət olur – boğaza girir...

Sən cibə girirsən,

Kimsə gözə girir,

Sonra g..ə girir,

Bir vəzifə məngirləyir,

Sonra məlum olur ki,

Türmə onu əcəl kimi girləyir.

Sən cibə girirsən,

Fuad Poladov

Möhtəşəm rollara girib

əsrləri baş-başa vururdu...

Ay dozanqurdu!

Sən cibə girirsən?

Harda, nə vaxt

Adam cildinə girmisən?

Titrəyən sifətində

Adamlıqdan bir iz yox.

Yoxsa Səhl Sumbatsan? –

Səndən xəbərimiz yox.

Sən cibə girirsən,

Adımdan fitnəkar məktublar yazan,

Əbləh törəməsi, kökümü qazan

Evimə girib çörəyimi yemişdi.

İmzama girib “donos” yazmışdı...

Sən cibə girirsən,

Torpağın altına girənləri görə-görə?

Gözünə girsin yaşayışın,

Yerə girəsən, yerə.

Yəqin elə sənsən cənnətdə soxulcan,

Qələbə yürüşlü xalqın içinə

Necə girmisən?

Haçan?

Sən cibə girirsən,

Bu adətinlə

Sən bizə dərdsən.

Ax, necə namərdsən, necə namərdsən?!