Könül Nuriyeva  - Sizin üçün təklif olunanlar

YAZARLAR 08:40 / 07.03.2026 Baxış sayı: 184

 1. “Olmalıdır" kimi səslənən yarıəmr, yarıxahiş, yarıöhdəlik söz var dilimizdə. Qadının haqqında da deyirsiniz: qadın sakit olmalıdır, müdrik olmalıdır, ədəbli, əxlaqlı olmalıdır, sadə olsa nə gözəl, az danışsa necə möhtəşəm, istəklərini azaltsa necə fövqəladə)

Çoxunuz isə bu fikirləri söyləməyə ürək eləmirsiniz: qadın cazibədar olmalıdır, çəkiciliyi olmayan qadın ən gözəl geyimi də bərbad edir, qadın çılğın, enerjili, olmalıdır, intellektual olmalı, buna baxmayaraq özünü gözə soxmamalı və təsdiqə ehtiyac duymamalıdır, qadın ətrafdakılara özünü fiziki-cismani yox, düşüncə sahibi kimi təqdim etməlidir.

Və biz qadınlar söylədiklərimi etməliyik. Yoxsa, Şərqin adamı, Qafqazın kişisi bizi düşüncə sahibi kimi görməkdə çox çətinlik çəkir. Onlara kömək etməliyik: incə-incə, mehriban, sakit səs tonuyla, konkret nümunələrimizlə...

Hə, unutdum) Qadın danışmalıdır, uzun və detallarına qədər... Bir qadın sizinlə söhbət etmirsə, çoxdan mövcud deyildir nə sevgili kimi, nə arvad kimi, nə dost, nə iş yoldaşı kimi...

 

2. 2. Qadın...

Qadın sevincdir, xoşbəxtlikdir, buludlardır, aydın səmadır, sevgidir, gülüşdür, dəlilikdir, xaosdur, yüksələn və enən enerjidir, xoşbəxt olanda qalaktikadan böyük, bədbəxt olanda zərrədən kiçikdir.

Təkcə güc deyil, təkcə öz-özündən deyingən olmur, durduğu yerdə ifritə ola bilməz, kimsə səbəb olmasa yalan danışmaz... ona mənfi səbəblər verməyincə, sizinçün müsbət olmağa bir ömür davam edə bilər.

İstəyirsən adını çiçək qoy, isəyirsən qanqal adlandır. Dediyin ada, etdiyin davranışa uyğun olacaq.

Bir qadının gözlərində dərin kədər varsa, ona adi sevincləri bəxş edə bilməmisən. Bunu başa düşmək və ən çətini də etiraf etmək lazımdır.

Bir də ki, qınamırıq sizi. Xaosu hətta diktatorlar da idarə edə bilmir, siz də bacarmarsınız...

3. Yalnız bayram günlərində sizin tərəfinizdəyəm...))

Bayram ərəfəsində kişilərin gərginliyini anlamaq lazımdı. Axı bu ölkənin kişilərinin çoxu, xəyallarında demokratik dəyərlərlə yaşasalar da, biznesmen olsalar da, Nobel mükafatlı yazıçı olsalar da, özlərini imkanları çatan qədər qadınlara sübut etmək istəsələr də, demək olar ki, işsizdirlər, maddi durumları aşağıdır, əsəbidirlər, gərgindirlər, istəkləri ürəklərində qalıb.

Çox arzuları var, edə bilmirlər.

Tutaq ki, bizə xoş söz söyləyirlər, yenə ağzımız əyilir, "hədiyyə olmadı" deyirik. Hədiyyə alırlar, "gəzməyə aparmadı" deyirik. Xaotik qadın təbiəti məntiqli kişi zehnini əzdikcə, əzir, sıxdıqca sıxır, azadlığını boğduqca boğur.

Uşaqlıqdan zehnimizə bir fikir yeridilib: kişi güclüdür, kişiyə nə istəsən deyə bilərsən, ona təsir etməz, kişdən tələblər etməlisən, o da mütləq yerinə yetirməlidir. Mən özüm bu düşüncəni aşmaq üçün illərdi özümlə mübarizə aparıram.

Onlar körpə uşaqdan betərdilər, tez inciyirlər, bildirmirlər, oynamaq üçün yaranıblar, oynamağa imkan vermirik, qəlbləri bir sözlə qırılır, bildirmirlər, ağrı çəkirlər, üzə vurmurlar.

Biz isə onları danlayırıq, tələb edirik, mühakimə edirik. Bir dəfə də yazığımız gəlmir. Xüsusən bayram günlərində dörd gözlə əllərinə baxırıq.

Adamın yoxudu, adam "kasıb" ölkədə yaşayır, adamı sözünü deməyə qoymurlar, adam çörək pulunu hardan qazanmaq fikriylə gündə yüz kərə ölüb-dirilir. Azca anlayış gözəl olar, azca istəklərimizə "yox!" deməyimiz əla olar, azca onları anlamağımız bizim ucalığımıza, onların rahatlığına səbəb olar...