Lilpar Cəmşidqızı :- RÜBAİLƏR (Əxrəm şəcərəsi)

Ədəbiyyat 08:16 / 19.04.2025 Baxış sayı: 1074

Məf'Ulün məf'Ulü məfA'İlü fə'əl

+++

Dünya birlik olsa bu zülmət dağılar,

Əl çəkmir Yerdən niyə zalım yağılar?

Allahın tək qurduğu aləm kül olar,

Gülməz tozdan yer üzü, insan boğular.

+++

İnsanın dünyada bəsirət gözü var,

Sevmiş hər qəlbin odu, sönməz közü var.

Şair əzbərdən desə öz yazdığını,

Anlar şe'rindən onu hər kəs, sözü var.

+++

Allah hər bir bəndəyə ruh bəxş eləyir,

Hər dəm göydən cisminə xoş gün diləyir.

Can vermək, bitmiş bu həyatın sonudur,

İnsan ömründən günü bir- bir ələyir.

+++

Gəlmirsən, xanəmdədi həsrət yenidən,

Axtarmır neyçün məni qismət yenidən?

Bir gün sən gəlsən, dəyişər taleyimiz,

Göndər, YaRəbbim, bizə vüslət yenidən.

+++

Sevda köksümdən heç od almır, nə üçün?

Yarım qəlbindən közü salmır, nə üçün?

Ey dil, eşq aşiqləri xoşbəxt eləmir,

Sevgim mən yandıqca azalmır nə üçün?