Lilpar Cəmşidqızı    QƏZƏL  ( Axşam)

Ədəbiyyat 10:03 / 15.03.2025 Baxış sayı: 623

 

O "vəfalı" yar deyirdim, mənə baş çəkər bir axşam,

Ürəyim qəfəsdə quştək, darıxar, səkər bir axşam.

 

Üzü gündoğan tərəfdən, mən özüm minarə tikdim,

Yenə yardan ayrı düşsəm, bu qalam çökər bir axşam.

 

Yorulanda ayrılıqdan, cəm olar gözümdə həsrət,

Bozarar, dolar buludlar və yağış tökər bir axşam.

 

Geri dönmə, zülmət, artıq, mənim ömrüm əlvan olsun,

Kəfənim əlimdə qalsın, məni yar bükər bir axşam.

 

Neçə dar cığırda qaldım, neçə döngələr dolandım,

Bu "maşın"la can aparsam, dayanar təkər bir axşam.

 

Hələ qəlbimin dibindən boy atan diləklərim var,

Dağılarsa sevgi xanəm, yenə yar tikər bir axşam.

 

Bu zəhər həyata, Lilpar, yenə əlvida deyərsən,

Əlinin içində yarın, gətirər şəkər bir axşam.

 

 

2525