Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:00 / 14.12.2025 Baxış sayı: 1185

 

Hicran gəlibdir ömrümə, sevdanı qoymayıb,

Zülmət çökübdü, görməyə dünyanı qoymayıb.

 

Qəflətdə olmuşam, yuxusuz keçməyib günüm,

Səbrim daşıbdı, qəlbimə rö'yanı qoymayıb.

 

Məcnun salıbdı meylini səhraya, gəlməyə,

Ancaq bu qumlu çöllərə Leylanı qoymayıb.

 

Könlüm dolub boşaldığı gün susdum, ağladım,

Qəlbim boğulmasın deyə dəryanı qoymayıb.

 

Heç kim çətin zamanda əlimdən yapışmayıb,

Ancaq Xuda saralmağa rə'nanı qoymayıb.

 

Tək Tanrım açdı yol mənə aləmdə hər zaman,

Öyrətdi gündə dərsimi, ə'lanı qoymayıb.

 

Lilpar, sənin qəzəllərinin çoxlu beyti var,

Bilməm nədən qələm sözə mə'nanı qoymayıb?