Könül Nuriyeva - Yola sadiq olmaq…
İxtisasından və yaşayış tərzindən asılı olaraq hər kəsin bu həyatda özünəməxsus fəlsəfi baxışları və sadiq olduğu mövzuları var. Biri daim kitabdan danışar, biri puldan, biri yeməkdən, biri geyimdən, digəri isə daxili kədərini gizlətmək üçün başını qatdığı məşğuliyyətlərdən.
Amma vurğulamaq istədiyim nəsnə hər kəsin öz mövzusuna sadiq qalmasıdır. Niyə daim yazmaq istəyəndə adamın yadına yol düşər? Niyə həyat yolu haqqında tez-tez düşünürəm? Niyə addımladığım yolun detallarına diqqət yetirirəm? Niyə yolum mənim üçün bu qədər əhəmiyyətlidir? Niyə yolumdan daima çiçəklərin və ağacların böyüməsinə mane olan alaq otlarını təmizləyirəm? Niyə hər gün yenidən başlamaq gücünü özümdə tapa bilirəm? Niyə həyatı müəyyən edən yol vacibdir, hətta elə həyatın özü qədər əhəmiyyətlidir?
Sualları artıra bilərəm və əminəm ki, dostların çoxu da bu və buna bənzər sualları özlərinə ünvanlayırlar.
Həmişə sadiq qalınan mövzular eyni yerdə, eyni biçimdə və eyni enerjidə qala bilməz. Çünki daim diqqət yetrilən, bəzənən, suyu vaxtında verilən, havası mütəmadi dəyişilən bir bitkinin eyni boyda qaldığını gördünüzmü? Təbii ki, yox. Bu baxımdan sadiq qaldığımız və inkişafına çalışdığımız mövzular yüksələcək, artacaq, eyni yerdə qalmayacaq, kamilləşməyə doğru üz tutacaq.
Nəticə olaraq qeyd etməliyəm ki, sadiq olmaq gözəldir, dürüst olmaq özünə hörmət etmək deməkdir, özünəxas fəlsəfi baxışlarının olması səni asılı etməyən səbəblərdən biridir.
Bu baxımdan gedəcəyimiz yol və hal-hazırda addlmladığımız yol gözlərimizdən oxunmursa, kəlmələrimizdən süzülmürsə, yerişimizdən və davranışlarımızdan bilinmirsə, onu yenidən başlamaq heç vaxt gec deyil. Ümumiyyətlə heç vaxt heç nə gec deyil. Bəzən bir insanın tövbəsi və hidayəti ölümündən bir gün əvvələ qismət olur.