Bilal Alarlıdan Muğan folklorunun salnaməsinə daha bir sanballı töhfə

YAZARLAR 12:12 / 21.07.2026 Baxış sayı: 411

 

Azərbaycan elminin və folklorşünaslığının tanınmış nümayəndələrindən biri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Bilal Alarlı Hüseynovun növbəti elmi əsəri- "Muğan aşıqları" monoqrafiyasının I kitabı işıq üzü görüb. Bu nəşr müəllifin sayca 41-ci kitabıdır və onun uzun illər apardığı elmi araşdırmaların məntiqi davamı kimi xüsusi əhəmiyyət daşıyır.

"Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiyanın redaktoru və ön sözünün müəllifi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Kitabın ön sözündə də vurğulandığı kimi, Muğan aşıq mühitinin yaradıcılıq imkanları indiyədək bu miqyasda və sistemli şəkildə araşdırılmamışdı. Məhz bu baxımdan Bilal Alarlının yeni tədqiqatı Azərbaycan folklorşünaslığı üçün mühüm elmi hadisə hesab oluna bilər.

208 səhifədən ibarət olan monoqrafiyanın birinci kitabında Muğan aşıqlarının həyat və fəaliyyəti, yaradıcılıq nümunələri, qoşma və gəraylıları geniş şəkildə araşdırılır. Müəllif ilk dəfə olaraq Muğan aşıq mühitinin yaradıcı potensialını bütöv bir elmi sistem daxilində təqdim edir. Kitabda Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan, Neftçala və digər Muğan bölgələrinin aşıq mühiti, bu mühitin görkəmli nümayəndələri, onların ədəbi irsi və sənət ənənələri faktlar əsasında tədqiq olunur.

Bilal Alarlının yaradıcılığının əsas üstünlüklərindən biri onun kabinet alimi olmaqla kifayətlənməməsidir. O, illərdir kəndbəkənd, oba-oba dolaşaraq aşıqları, el şairlərini, yaşlı nəslin nümayəndələrini dinləyir, unudulmaqda olan rəvayətləri, dastanları, qoşmaları və tarixi məlumatları birbaşa mənbədən toplayır. Bəzən elə faktlara rast gəlir ki, həmin məlumatlar sənətkarların öz övladlarına belə məlum olmur. Bu zəngin materiallar sonradan elmi təhlildən keçirilərək kitab səhifələrində əbədiləşdirilir.

Əslində diqqət yetirsək,  Bilal Alarlı səmərəli fəaliyyətini  yalnız kitab yazmağa həsr etməyib. O, uzun illərdir Cənub bölgəsinin ədəbi mühitinin canlanmasına, gənc qələm sahiblərinin yetişməsinə, poeziyaya marağın artırılmasına yorulmadan xidmət göstərir. Gənclərin ilk qələm təcrübələrinə diqqətlə yanaşır, onları həvəsləndirir, istiqamətləndirir və zəngin ədəbiyyat xəzinəsinə aparan yolda dəstəyini əsirgəmir. Bu fədakarlıq bölgənin ədəbi həyatında xüsusi rəğbətlə qarşılanır.

"Muğan aşıqları" monoqrafiyası da  yalnız folklor nümunələrinin toplusu deyil. Bu əsər xalqın yaddaşına, milli-mənəvi irsinə, keçmişinə və mədəni köklərinə işıq salan sanballı elmi mənbədir. Kitab gələcək tədqiqatçılar, folklorşünaslar, müəllimlər, tələbələr və ümumilikdə milli irsimizə maraq göstərən hər bir oxucu üçün qiymətli vəsait olacaq.

Tarixini yaşadan xalqlar gələcəyini daha inamla qururlar. Bilal Alarlının qələmə aldığı bu əsər də Muğanın zəngin söz xəzinəsini, aşıq sənətini və xalq yaddaşını gələcək nəsillərə çatdıran etibarlı körpülərdən biridir. Sayca 41-ci kitabını oxuculara təqdim edən alimin  növbəti elmi fəaliyyət barı, həm də milli-mənəvi irsimizə göstərilən böyük vətəndaşlıq xidmətidir.

Sonda dəyərli alim, fədakar folklorşünas Bilal Alarlını "Muğan aşıqları" monoqrafiyasının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, bu sanballı elmi əsərin Azərbaycan folklorşünaslığına və milli-mənəvi irsimizin öyrənilməsinə mühüm töhfə verəcəyinə inanırıq. Bilal müəllimə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni elmi uğurlar və oxucularını sevindirəcək neçə-neçə dəyərli kitablar arzulayırıq. Qələmi iti, yolu daim açıq olsun!

 

 

Samir Qurbanov,

 “Region-Press” qəzetinin redaktoru, AJB-nin üzvü