MEHDİ CALAL - ÖZÜMƏ

Ədəbiyyat 13:44 / 21.07.2026 Baxış sayı: 410

         

 

Daha bir kimsədən umub- küsməyim,

Daha bir kimsəyə söz deməyim yox.

Bir umid, bir işıq sehrinə düşüb,

Onu «candan artıq» istəməyim yox.

 

Gördüm vəfasını ulu dünyanın,

Ömür-gün deyilən ağrı-acıymış.

Bəxtimə yazılan günlərdə, demə

Dərd çəkən kimsənin ehtiyacıymış…

 

Hərdən inciyəndə, hərdən küsəndə,

Sirrimi bulağa, daşa demişəm.

Məni ürəyində öldürən kəsə,

“Ömürlük sinəmdə yaşa”,- demişəm.

 

Taledi, qurtarmaz bu təzadlardan,

Başa nə gəlirsə sevgidən gəlir.

Sevənlər sevilmir, sevilən sevmir,

Sevgi qəlbə ağrı, saça dən gəlir.

 

Hərdən üz-gözümdə görünən sevinc,

Yaxşı adamların nurundan düşüb.

Yorğun ürəyimin yorğun dərdləri

Görmüşəm, günbəgün tarımdan düşüb.

 

 

Ümidsiz yaşamaq ölümdən betər,

Qəmli gecələrin səhəri yoxdu.

Anam da dünyadan köçüb gedəndən

Elə bil, dünyanın məhvəri yoxdu.

 

Bir dolan bulud var bu göy üzündə,

Göz yaşı qan olan bulud, ay bulud!

Bir çiçək istəsən çölün düzündən,

Bir az dərdləri unut, ay bulud!

 

Uğursuz səfərdən könlün üzükdü,

Taleyin hardasa yubanıb-yatmış.

Əynini qalın gey, əynin nazikdi,

Bu axşam yelidi, ay başıbatmış!