SÜLEYMAN   ABDULLADAN  İKİ  ŞEİR

Ədəbiyyat 14:00 / 21.07.2026 Baxış sayı: 377

BİR SABAHIN ŞEİRİ

 

Sübh cağıdır, səma aydın, meh sərin,

Bir çəhlimdə iz özünü unudub.

Allah kəssin ağrısını şəhərin,

Dağ yolunda diz özünü unudub.

 

Daş yoxuşda ayaq açır həvəsim,

Nədir axı lap zirvədə qaralan?!

Tərsə düşsəm qaralacaq nəfəsim,

Payız kimi gözlərimdir saralan.

 

Mən bəsləyən nə sevgidir, nə də kin,

Bəlkə axır haqq yoluna çatıram.

Bir vaxt mənə ürəksizsən demişdin,

İndi sənə könüllü can atıram.

 

Möcüzədir tanrıyacan ucalar,

Bir sabahdan bir dünənə yol gedər.

Bir üzü gül-çiçək, bir üzü xar qar,

Başa dönsə ömür sənə yol gedər.

 

KÖÇ

Burda yox yox, burda var yox,

Yox da, var da köçüb gedib.

Burdan təkcə adamlar yox,

Buludlar da köçüb gedib.

 

Gözdən iraqdır çal dağlar,

Arxasınca yer-yurd ağlar.

Yaz çiçəklər, payız bağlar,

Qışda qar da köçüb gedib.

 

Haqq da susur dili pəltək,

Əminsənsə, yola gəl tək.

Tökülür günlər xəzəltək,

Bəhər-bar da köçüb gedib.