Səfiqə Şəfa - Sən gedəni bu bir ildə
Sən gedəni bu bir ildə
Neçə dəfə xəstələndim,
Neçə ağrının içində
Öldüm, yenə də dirildim,
Gecələri diri gözlü
nə asan açmaq olurmuş,
Danışmalı olan yerdə
içində qırıla-qırıla
necə də susmaq olurmuş
Onu da səndən öyrəndim...
Səni dinməzcə ağladım,
Dil də deyə bilmədim,
Bilsən necə dil-dil ötdü
içimdə gizlədiklərim..
Hər şeyi birtəhər unudub
Hamıyla barışmışdım axı !
O da sənə xatir... Sən gedəni
hamıyla küsmüşəm indi...
Qolu zorlu igidləri
Tək fəndlə yıxan pəhləvan!
Meydanın döşəyin oldu,
Bir sısqa həkimin
qolunu bura bilmədin,
Yenildin kor bıçağına.
Dinə bilmədim,
Heç dindirən də olmadı...
Məzarının başındayam,
Deyilməli sözlər varkən
Heç bilmirəm nə deyim...
Bağışla ay ata,
Yenə şikayətə gəldim...