SEVGİ HƏYATIN ƏN BÖYÜK MÜƏLLİMİDİR

YAZARLAR 10:10 / 21.07.2026 Baxış sayı: 562

 

İnsan həyatı saysız-hesabsız duyğuların, düşüncələrin və hisslərin vəhdətindən ibarətdir. Bu duyğuların içərisində eləsi vardır ki, o, bütün mənəvi dəyərlərin başlanğıcı hesab olunur. Bu müqəddəs hiss sevgidir. Sevgi insanı yalnız xoşbəxt edən duyğu deyil, həm də onu tərbiyə edən, kamilləşdirən, mənən zənginləşdirən ən böyük həyat məktəbidir. İnsan ilk dəfə sevgini duyduğu gündən etibarən həyatın mənasını daha dərindən dərk etməyə başlayır. Məhz buna görə də sevgi həyatın ən böyük müəllimi adlanır. O, kitabdan öyrənilməyən həqiqətləri insanın qəlbinə yazır, zamanın öyrədə bilmədiyini bir baxışla öyrədir.

Sevgi insanın mənəvi kamilliyə aparan yolun başlanğıcıdır. Sevgi insanı dəyişdirən ən güclü mənəvi qüvvədir. Sevməyi bacaran insan kin saxlamaz, nifrət bəsləməz, başqasının uğuruna sevinər, dərdinə şərik olar. Sevgi insanın ürəyində mərhəmət, şəfqət, sədaqət, səbir və vicdan kimi ali hissləri oyadır. Bu xüsusiyyətlər isə insanı kamil şəxsiyyətə çevirən ən qiymətli dəyərlərdir. Həyatın ən böyük müəllimi olan sevgi insana yaxşı insan olmağı öyrədir.

Sevgi ailənin möhkəm təməlidir, bunu unutmayaq.

Dünyada ən müqəddəs sevgilərdən biri ailə sevgisidir. Ana sevgisi, ata qayğısı, övlad məhəbbəti ailənin əbədi dayaqlarıdır. Valideynlərin övladlarına göstərdiyi sevgi onların gələcək həyatına istiqamət verir. Uşaqlar ilk mərhəməti, ilk dürüstlüyü, ilk fədakarlığı ailədə öyrənirlər. Sevginin hökm sürdüyü ailədə hörmət, birlik və qarşılıqlı anlayış daim yaşayır. Belə ailələr sağlam cəmiyyətin formalaşmasının əsasını təşkil edir.

Vətən sevgisi insanın müqəddəs borcudur. Bu sevgi insanı mənəvi saflığı, vicdanı ilə üz-üzə qoyur.

Sevgi yalnız insanlar arasında deyil, insanla Vətən arasında da mövcuddur. Vətən sevgisi insanı fədakarlığa, qəhrəmanlığa və əbədiyaşarlığa aparan ən ali hissdir. Tarix boyu minlərlə igid Vətən sevgisi naminə canından keçmiş, torpağın müqəddəsliyini qanı ilə qorumuşdur. Bu sevgi heç vaxt zəifləmir. Əksinə, nəsildən-nəslə ötürülərək xalqın milli ruhunu yaşadır.

Təbiət sevgisi həyat sevgisinin ayrılmaz tərkib hissəsidir.

İnsan təbiəti sevdikcə onun gözəlliyini qorumağa çalışır. Ağacı qırmır, çiçəyi solmağa qoymur, çayı çirkləndirmir. Təbiətə sevgi insanın gələcəyə sevgisidir. Yaşıl meşələr, saf bulaqlar, uca dağlar və mavi göylər insan ruhunun sakitliyini təmin edir. Təbiəti sevən insan əslində öz həyatını sevir.

Sevgi insanı çətinliklər qarşısında gücləndirən ən böyük vasitədir.

Həyatda hər kəs çətinliklərlə üzləşir. Lakin ürəyində sevgi daşıyan insan heç vaxt ümidsiz olmur. Sevgi ona səbir verir, dözüm verir, mübarizə əzmi verir. İnsan sevdiyi insanlar, müqəddəs ideallar və gələcək arzuları naminə hər bir maneəni aşmağa çalışır. Deməli, sevgi yalnız hiss deyil, həm də insanın daxili güc mənbəyidir.

Ədəbiyyat və incəsənətdə sevginin bir qoludur.Dünya və Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərinin əsas mövzularından biri sevgidir. Şairlər və yazıçılar sevgini insan ruhunun əbədi işığı kimi tərənnüm etmişlər. Onların yaratdığı əsərlər göstərir ki, sevgi insanı gözəlləşdirən, onu xeyirxahlığa çağıran ilahi nemətdir. Ədəbiyyat sevginin dili, sevgi isə ədəbiyyatın ilham mənbəyidir.

Sevgi həyatın ən böyük müəllimidir, desək səhv etmiş olmarıq. Heç bir məktəb, heç bir kitab, heç bir müəllim insana sevginin öyrətdiklərini tam öyrədə bilməz. Sevgi insana bağışlamağı, paylaşmağı, sədaqətli olmağı, fədakar yaşamağı və insanlara hörmət etməyi öyrədir. O, səhvlərdən nəticə çıxarmağı, həyatın qədrini bilməyi və xoşbəxtliyi kiçik anlarda görməyi öyrədir. Bu baxımdan sevgi insan ömrünün ən böyük müəllimi hesab olunur.

Sevgi insan həyatının ən böyük sərvəti, ən müqəddəs duyğusu və ən qüdrətli müəllimidir. O, insanın qəlbini nurlandırır, düşüncəsini saflaşdırır, həyat yolunu işıqlandırır. Sevginin olduğu yerdə ümid, mərhəmət, dostluq, birlik və xoşbəxtlik vardır. İnsan sevgini yaşatdıqca özü də mənən ucalır, cəmiyyət də gözəlləşir. Buna görə də hər bir insan sevgini həyatının əsas prinsipi etməli, onu qorumalı və gələcək nəsillərə ən qiymətli mənəvi miras kimi ötürməlidir. Çünki sevgi həqiqətən də həyatın ən böyük müəllimidir.

✍ Sevil Azadqızı