TƏBRİK MƏKTUBU

YAZARLAR 07:42 / 21.07.2026 Baxış sayı: 216

40 yaşını ezamda olduğu Azad Kəlbəcərdə qarşılayan Dayağım, Qürurum və Davamçım olan oğlum Babəkə - Atillamın atasına

TƏBRİK MƏKTUBU

Gözümdə həm uşaq, həm də cavandı

Adıma, soyuma Təkdi - DAVAMDI!

Mənim nəfəsimdi, həm də Havamdı -

OĞLUM!

Odum, ocağımdı, hətta közümdü

Güvəncim, ümidim, həm də dözümdü!..

Qələmim, dəftərim, bütöv sözümdü -

OĞLUM!

Dünyamdı - Sevincim, qəmim yerində

Artığım, əskiyim, kəmim yerində...

O mənəm, duracaq mənim yerimdə -

OĞLUM!

Rəqəmlər həminki, ötənsə ahdı

Baxıb öyünməmək - böyük günahdı!

Ömrümə açıılan nurlu sabahdı -

OĞLUM!

Allahın lütfüdü - Tanrı payıdı

Bir nəsil sevinci - hay - harayıdı...

Atadı, əmidi, hətta dayıdı -

OĞLUM!!!

Gün sənin, söz mənim, sevinc hər kəsin

Tanrı nə verəcək olsun o bəsin!

Gəlsin yüksəklərdən qürurlu səsin -

OĞLUM!

 

Əbülfət Mədətoğlu