Kəmalə Abiyeva - ELƏ SEVƏRSƏN Kİ
Elə sevirsən ki, elə sevirsən,
Sevgin sığmır nə sözə,
nə baxışa, nə gözə.
Sevgi var ki, onsuz yaşaya bilmirsən,
elə çox ki, daşıya bilmirsən.
Sığmır ruhuna, varlığına,
bu dünyanın darlığına.
Elə sevirsən.
Elə sevirsən ki, önündə çarəsizsən.
gözündən bir damla düşsə,
dənizlər gözündən düşər.
Bir damlada boğularsan.
Təbəssümündə yenidən doğularsan.
Elə sevirsən!
Elə sevirsən ki, bu sevgindən kövrəlirsən.
Kövrəlirsən gözəlliyindən,
əzizliyindən, təmizliyindən,
ağlamaq, hayqırmaq istəyirsən
xoşbəxtliyindən.
Elə sevirsən, mən səni sevdiyim kimi.
Bütün nifrətlərə nifrət kimi,
Bütün sevgilərə heyrət kimi.
Elə sevirəm səni.
Sən bütün xəyanətlərin gedişi,
bütün namərdlərdən qurtuluşum.
Sən həyata, mövcudluğa toxunuşum.
Gözəlim,
Səninlə doğuldu bu sevgim, İzelim.