Kəmalə Abiyeva : -BİR TƏNHA QADIN DARIXAR

Ədəbiyyat 21:19 / 16.10.2024 Baxış sayı: 639

 

Boylanıb illərin uzaqlığına

bir qadın özünə təsəlli arar.

Donar xatirələr soyuqluğunda

qar kimi üstünə yağar hər nə var .

 

Qar kimi üstünə yağar hər nə var,

hardasa bir tənha qadın darıxar .

Dərdli arzuların göz yaşlarında

ürəyi boğular, özü boğular.

 

Ürəyi boğular, özü boğular,

aldanar qapının tıqqıltısına.

Ümidi asılar yanaqlarından

qarışar yağışın pıçıltısına.

 

Qarışar yağışın pıçıltısına ,

bir qadın yağışla darayar saçın.

Dönər yalnızlığın hayqırtısına

hardasa , hardasa darıxan qadın.

 

Hardasa,hardasa darıxan qadın

kaşkilər əlində çarəsizləşər.

Darıxan qadının ümidi adam,

bir gediş, bir mesaj, bir zəng də yetər...