Arzu Əsəd : - Diqqətli olun

YAZARLAR 11:50 / 17.10.2024 Baxış sayı: 470

"Mətn" sözünü nisbətən gənc ədəbiyyat biliciliyinə iddiaçılarımız özlərinəməxsus bir əda və biçimdə işlədirlər. Hansısa bir əsəri tənqid etdikdə "ortalıqa mətn yoxdur" kimi anlaşılmaz bir ifadə sərf edirlər. Rus, ingilis, alman dillərində "tekst" kimi tərcümə edilən bu söz latın dilindəki "hörmə", "hörülmə", "birləşdirmə" sözündən götürülərək sözlərin hörülərək cümlə, cümlələrin isə müəyyən nitq parçası yaratmasına deyilir. Daha bu əllaməçilik, əndrəbadilik nəyə lazımdır?

"Mətn" sözünə xüsusi mistika bəxş etməklə guya modern düşüncə sahibi olursunuz? Poststrukturalist-postmodernist fəlsəfi-ədəbi tənqiddə, məsələn, Derridanın, Fukonun, Kristevanın və başqalarının da əsərlərində "mətn" sözü elə bu anlamdadır. Derrida "dünya bir mətndir" dedikdə dünyanın sözlərdən, cümlələrdən hörülü vahid bir yazı nümunəsi olduğunu, Kristeva "mətnlərarası" terminini işlədəndə də ayrı-ayrı müxtəlif mətnlər arasındakı əlaqələri, təsirləri nəzərdə tutur.

Bu ədəbiyyat biliciliyinə iddialı "saqqallı uşaq"larımız bir çoxu müasir ədəbi-fəlsəfi əsərləri öz qaynaqlarından oxuyub dərk edə bilmədiklərinə görə bəzən adi terminləri xüsusi sirli-sehirli mənası olan sözlər kimi anlayırlar. Adi normal məntiq çərçivəsində nə yazılır yazılsın, ortalıqda həmişə hansısa bir mətn olur. O mətnin bir ədəbi məhsul olaraq artıq hansı keyfiyyət və məzmunda olmağı isə başqa məsələdir. Onu da konkret filoloji təhlillə insanlara çatırmaq lazımdır. Yoxsa belə bir yalançı dəb xarakterli "ortalıqda mətn yoxdur" ifadəsi ilə kəndirbazlıq etmək digər bilik sahiblərinin gözündə öz biliksizliyini nümayiş etdirmək deməkdir.

Diqqətli olun. Başqalarını qərəzli tənqid edəndə əslində özünüzü ifşa etmiş olursunuz.