Ağamir CAVAD : - KEÇİM

Ədəbiyyat 20:08 / 16.10.2024 Baxış sayı: 521

 

 

Məni bu payızın içindən keçirt.

                  M. Yaqub

İlahi, bir ömür fürsət ver mənə,

Bu qızıl payızın içindən keçim.

Qoşulum quşların ötən səfinə,

Durna qatarının köçündən keçim.

 

Sevgimə sığışmır dünyanın varı,

Eşqim sudan duru, aydan da arı.

Səpim ürəklərə yaxşılıqları,

Yerlərin, göylərin borcundan keçim.

 

Sığmıram dünyanın qeylü-qalına,

Çəkirəm zamanı haqqın yoluna.

Baxım taleyimin ulduz falına,

Göylərin məhəbbət bürcündən keçim.

 

Çəkim cilovunu ötən zamanın,

Qələmlə axıdım günlərin qanın.

Qisası bəd olur boş keçən anın,

Faydasız günlərin öcündən keçim,

 

Tale qismətidir mənim eşq payım,

Sevdalı qəlblərə nur, işıq yayım.

Ömrün payız fəsli yolu azmayım,

Bu ahıl sevgimin suçundan keçim.