İlham İNAM : - AĞRILARINDA "DİNCƏLƏN" ŞAİR
Ayaz Arabaçının şeirləri haqqında düşüncələrim.
Düzünü desəm Ayaz Arabaçını şəxsən tanımasam da əslində onu sanki çoxdandan tanıyıram.Ona, bəlkə də,müasir dövrümüzün "Sabir"i desək yanılmarıq.Şairin şeirlərindəki satirik hədəflər hər bir oxucuya bəllidir.Eyni zamanda onun qələmə aldığl tutarlı misralar həm də biz oxucular üçün bir təsəllidir.
Cəmiyyətdə olan nöqsanlara,eybəcərliklərə öz yaradıcılığı ilə güzgü tutan A.Arabaçı insanları ayıq-sayıq olmağa, öz hüquqlarını bilməyə, milli-mənəvi dəyərləri uca tutmağa,vətənpərvər olmağa, xalqını,millətini sevməyə səsləyir.Onun şeirlərində harınlamış vəzifəpərəstlər, öz şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutanlar, rüşvətxorlar, savadsız "ziyalı"lar, xalqın zəli kimi qanını soran "zorən həkim"lər, vətən sevgisindən uzaq dırnaqarası "vətənsevər"lər kəskin tənqid hədəfidir.
Düşünürəm ki, birinci Sabirimiz XX əsrin əvvəllərində cəmiyyətin dərdini çəkməkdən qaraciyər xəstəliyinə tutulmuşdusa,ikinci "Sabir"imiz- A.Arabaçı XXI əsrin 3-cü onilliyində ürək xəstəliyinə tutularaq cərrahi əməliyyat olunub.
İnanıram ki, şairin Vətən,xalq eşqiylə döyünən ürəyi hər bir çətinliyə mətanətlə sinə gərərək sahibini ayaqda saxlayıb onun yazıb-yaratmasına təkan verəcək.
Gəlin şairin yaradıcılığına müraciət edək.
"Mən də elə sizdən biri"- deyən,A.Arabaçı özünü sadə xalqdan kənarda təsəvvür edə bilmir.Səhərə qədər yatağında xalqın taleyini düşünərək o üzünə,bu üzünə çevrilən şair əslində bütün dünyanın iştəklərindən halidir.Ulduzlarla dolu bir səltənətə çevrilən şair xəyalı ümidini açılan səhərə,doğulan günəşə bağlayır.O, göylərinə bulud gələn,ağrılarında dincələn adamdır.
Şair "Başladı" şeirində sanki öz poetik tərcümeyi- halını qələmə alıb.Bir gözəl,bir həzin ömür yaşayaraq sonsuz arzularla dolub daşdığını ifadə edən söz adamı bir etirafda da bulunur.Belə ki,həyat imtahanına azdan - çoxdan hazırlaşmadığının poetik peşmançılığını çəkir.
Gəldiyi yol qədimdən - qədim olsa da qeyrəti xədim,axta olanlar bu yolun müqəddəsliyini nə qanır.Bunların hamısını həyat eşqiylə döyünən ürəyinə dərd edən şair gənclik illərində ürəyini qoruya bilməməsinin acısını yaşayır.
Xalqın dərdini çəkə - çəkə şəkər, təzyiq kimi dərdlərini unutsa da dərdlər onu unutmur.Hər an məngənə kimi varlığını sıxaraq onun əsəblərini tarıma çəkir. Buna baxmayaraq söz ömrünün sağlamlığının qeydinə qalan şair sanki öz ömrünü bu yolda girov qoyubdur.
Tanrı heç kimi xəstə eləməsin.A.Arabaçının məsnəvi formasında qələmə aldığı növbəti şeirindəki hisslər bu halı yaşayanlar üçün "doğma dərd"dir.
Ağrılarında çırpınan söz adamı hesab edir ki, onunla bərabər ağaclar,evlər də çimir almayıb.
Küçə itlərinin,qatar fitlərinin yeknəsək səsinə qulaq asmaq məcburiyyətində qalan sənətkar sinəsində oyanan acı qəhər səbəbindən sanki onunla bütöv bir şəhərin də oyaq qaldığı qənaətindədir.
Sözlə ağrılarına laylay çalan şairin səhəri gecə saat üçdə "açılır". Əlləri üzündə qalan gecə bu gedişata mat-məətəl qalır.
Ağrılardan yorulub güllə kimi çölə çıxan qələm əhli yuxulu bir papirosa od vuraraq yenə də öz məğrurluğunu, nikbinliyini qoruyub saxlamağa çalışır. İsti, şirin bir nəfəsə qarışaraq içində ölməyən həvəsi oyadan şair, nəhayət, bu gecədən istədiyini alaraq sevinir.Sevinir ki, uzaq bir ulduzu tutaraq sonunda içindəki qorxunu yenməyi bacarır.
A.Arabaçı yaradıcılığında poetik priyomlar,idiomatik gedişlər sanki şahmat oyununu xatırladaraq oxucunu heyrətləndirir,mat edir.
Başının üstündən uçub gedən köçəri durnalara həsrətlə baxan söz adamı xəyalən o köçə qoşulur.Tozlu bir şineldən boylanan kədərin onu yağış kimi yuyub aparmasına təəssüflənən şair içində çırpınan yaralı ruhunu durna qatarına qoşulan yuxusuna əmanət edərək çox - çox uzaqlara göndərir.
Körpə bir buludun ağ sinəsinə çiçəklərin başını qoyub ağlaması şairə yeni bir dərd olur.
Daim narahatdır şair ürəyi.Hamının, hər şeyin dərdini çəkmək üçün sanki səfərbər olub.İçindəki sevgi mələyinin susması onun bir ovuc durna səsindən yıxılmasına gətirib çıxardır.Bilmədi səsi durnalara yetişdi,yetişmədi.O,astaca durnalara: məni də gözləyin, məni də aparın - deyir.Başqa ağrılarda "dincələn"şair tək bircə ağrıda - ürək ağrısında dinclik tapa bilmir.Bəlkə də, bu səbəbdən durnalara üz tutaraq onu ürək ağrılarından alıb aparmalarını xahiş edir.
A.Arabaçının "Yaşayırıq hələ ki..." şeiri də düşündürücü məqamları ilə diqqəti cəlb edir.
Keçib gedən ömrün qaçaqovda olduğunu, bir gün istidə yandığını, bir gün qarda-qırovda donduğunu, bir yerdə qərar tutmayan sevda yolçuluğunda həyatın davam etdiyini dilə gətirir.Kainatla,cahanla kəsilməyən savaşda ağır imtahan,çətin sınaq kimi sınansa da həyatın yenə də öz axarı ilə davam etməsi vurğulanır.İşıq sürəti ilə ötüb keçən yaşımıza,ömrümüzə acımayan həyat necə də qəddar və zalımdır.
Qələm adamının fikrincə, xoşumuza gəlsə də, gəlməsə də həyat öz yolu ilə davam etməkdədir.
Sonunda yazıb-yaratmaq eşqiylə çırpınan ürəyinə sağlıq arzuladığım dəyərli dostum Ayaz Arabaçıya yaradıcılıq uğurları diləyirəm.
07.12.2024