İlgar Turkoglu :- Yalvarıb qalmışam çiçəyə-gülə,

Ədəbiyyat 22:04 / 21.08.2025 Baxış sayı: 2279

Yalvarıb qalmışam çiçəyə-gülə,

Burnumdan güllərin qoxusu qaçıb.

Gözləri yollarda qalıbdı hələ,

Məni sevən qızın yuxusu qaçıb.

 

Boğulan ümidi saman dalınca,

Tutduğu arzusu şaman dalınca,

Xəyalı min yerdə güman dalınca,

Hissinə inanmır, duyğusu qaçıb.

 

Almışdım ağlını, ağıl da verdim,

Dolanan saçlara sığal da verdim,

Bircə zümzüməyə “sağ ol” da verdim,

Indi danışmağı, ”oxusu” qaçıb.

 

Tutanda əlindən ovcunu istər,

Boynuma qoyduğu borcunu istər,

Eşqi-divanətək Məcnunu istər,

Dözməyib, nazının çoxusu qaçıb.

 

Bir eşq oda düşüb anda ölməsin,

Bir könül, bir istək canda ölməsin,

Güman yeri-ümid sonda ölməsin,

Daha ölümün də qorxusu qaçıb.