Firuz Mustafa - Ruhları incitməyin…
…Bir-iki saytdan zəng edib belə bir sualla müraciət etmişdilər: “Nəsiminin məzarının Azərbaycana gətirilməsini təklif edirlər, Siz bu məsələyə necə baxırsız?”
Bəribaşdan deyirəm: pis baxıram, çox pis.
Niyəsini deyim.
Onda belə çıxır ki, biz gərək Füzulinin məzarını İraqdan, Rəsulzadənin məzarını Türkiyədən, Topçubaşovun məzarını Fransadan, Nərimanovun məzarını Rusiyadan, Məhəmməd Əsəd bəyin məzarını İtaliyadan, Mehdi Hüseynzadənin məzarını Sloveniyadan… daşıyıb Azərbaycana gətirməliyik. Və ölkəni yad ölkələrdə ölən dogma adamların məzarlığına çevirməliyik. Çox gülünc təklifdir.
Adlarını çəkdiyim və çəkmədiyim insanlar dünyada bizim mənəvi xəritəmizin “konturlarıdır”. Onların öldüyü və dəfn olunduğu yerlər o insanların özü boyda bir Azərbaycandır.
Deyə bilərlər ki, axı Hüseyn Cavidin nəşi gətirilib dogma vətənində dəfn olundu. Bu, çox müdrik bir təklif və hərəkət idi. Çünki Cavidin məzarı it-bata düşmüşdü, konkret yeri məlum deyildi.
Eyni sözü böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin məzarı haqqında da demək olar. Bəli, onun məzarı da yad eldədir, su altda qalıb. (Bu barədə dəfələrlə yazmışam, ədibin məzarının yerini müəyyənləşdirmişəm, təkliflərimi vermişəm və indi o yazılardan birinin linkini rəy yerində yerləşdirəcəyəm. Bu gün Yusif Vəzirin doğulduğu Şuşa şəhəri işğaldan azad olunub. Yazıçı artıq öz Vətəninə “gələ” bilər).
Adlı-ünvanlı məzarlar niyə haradansa harayasa köşürülməlidir? Niyə?
Bir daha təkrar edirəm: yad topraqlardakı hər məzar bizim məmləkətimizin bir sərhər rəmzidir. Ruhları narahat etməyin.