Əşrəf Veysəlli : - MƏNİM ÜRƏYİM

Ədəbiyyat 10:00 / 20.03.2025 Baxış sayı: 752

 

Hərdən səhra olan, hərdən bağ olan,

Bir dost kəlməsiylə dönüb dağ olan,

Qisməti həmiçə ağrımaq olan,

Dərmanı dağların səhər küləyi,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Dinsin məhəbbəti əziz tutanlar,

Özünü əbədi oda atanlar,

Desin sol döşünün üstə yatanlar-

Nədir bu dünyadan axı diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Bir zsman hamıya həyan sən oldun,

Hər sözə inanıb uyan sən oldun.

Məni quru yurdda qoyan sən oldun.

İndi bir köməyi kimdən diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Sinəmdə közü var ilk məhəbbətin.

Oldum dilənçisi bir xoş ülfətin.

Tək- tənha yaşamaq çətindir,çətin,

Yenə buza döndü çayım, xörəyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Bir məsum, küsəyən, körpə uşaqsan,

Eşitsən sinəmi dağlayacaqsan,

Bilsən hönkür- hönkür ağlayacaqsan-

Yar qənimim çıxıb, əğyar köməyim,

Ay mənim ürəyim, mənim ürəyim.