Emin Piri : - MƏMMƏD İSMAYILA

Ədəbiyyat 18:25 / 19.08.2025 Baxış sayı: 2266

 

Daha qapı döymür ağacdələnlər,

Yorulub dimdiyi, dişi bir ildir.

Ömrü cox çəkməz e… bu qandalın da,-

Çırpır Prometey daşı bir ildir.

 

Altda ilan yatan bu otu-layı

Qaldırdın,

üstünə yeridi ayı.

Adam öldürənə medal havayı,

Görüb dinməyənin işi bir ildir.

 

Haqq batır dünyanın nahaq üzündə,

Çör-çöplər gur çayın axar üzündə.

Bağlı qapıların arxa üzündə

Özün kefə tutub naşı bir ildir.

 

Bir şah fərman verir, biri qol çəkir

Qollu kağızların yükün el çəkir.

Varlının yayı da ildə il çəkir.

Lüt-üryan yetimin qışı bir ildir.

 

Savalanda yatan belin əydisə,

Baba Dərvişə də xəta dəydisə…

Qırx gün çəkməliydi bu hər nəydisə…

Qırxı çoxdan keçib yaşı bir ildir.