Emin Piri : - " Hələ sülh olsun, sonra kim istəyər qərar verər, qardaşı kim olsun."
Əbədi düşmənçilik axmaqlıqdır. Bunu heç biz başlamamışıq da...
Dövlətlər, maraqlar, diplomatiya bunlar ayrı məsələ, amma vətəndaşın ( lap tutaq ki, sıravi, heç nəyə təsiri olmayan bu vətəndaşın sözlərini qulaqardına vurduq), hansısa kiçik məmurun barıtı çox etməsi diplomatiya deyil, heç naşılıq da deyil, uzaqbaşı dördgözlə gözlədiyi şəxsi an, fürsət ola bilər.
Erməni məsələsində Roma papasından daha çox katolik olanlarımız var-deməyəcəm. Elə içdən içə budular. Könüldən-könülə...
Adamın bir yaxını ehtiyatsızlıqdan avtomobil qəzasında həlak olanda həmin şəxslə düşmən olmasa belə ən azı küsülülük qalır. El-oba var deyə; daha qol-boyun rəqs etmirlər.
Yəni sülh, düşmən olmamaq qardaş, doğma deyib qucağa basmaq anlamına da gəlmir. Ən azından həmin nəsil üçün.
İndi qulaqdan eşitmə sözlərlə aha, biz sülhə gedirik tez burda da payımız olsun deyə ermənini bacılaşdırmağa, qardaşlaşdırmağa ehtiyac yoxdu.
Hələ sülh olsun, sonra kim istəyər qərar verər, qardaşı kim olsun.
Bəli, bunun da öz yolu var: incəsənət adamlarının, yaradıcı şəxslərin müəyyən dərəcədə fəaliyyəti, yaradıcılığı( bu bizdə nə qədər uğurlu alınacaq, üz-gözümüzə bulaşmayacaqmı, o da əlavə söhbətdi) və diplomatların işi. Yoxsa, hərənin öz əlinə bir çomodan alıb qonşulardan qız alıb-qız vermə xatirələrini efirlərə göz yaşlarıyla boşaltmağıyla deyil.
Hələ ortada sülh yoxdu, bəziləri barışmaqdan da irəli gedib, doğmalaşmaqdan danışır. Bir az da cürət tapsalar deyəcəklər ki, 5-6 başıpozuq müharibəyə gedib bizi erməni bacı-qardaşlarımızla düşmən etdilər. Səbrli olun, vallah, bunu da deyəcəklər. Sonra da mediadan qurumlara qədər başlayacaqlar öz "bacı-qardaşların"ın qisasını almağa. Mən şəxsən bu sözləri və fəaliyyəti bəzi şəxslərdən gözləyirəm. Çünki elə qarşımdadılar. Düz yanı başımızda...