Elnur Uğur : -Bu dünyaya çox Fikrətlər gəlib gedib

Ədəbiyyat 21:17 / 26.08.2025 Baxış sayı: 1605

Bu dünyaya çox Fikrətlər gəlib gedib

Uca Fikrət,Qoca Fikrət.

Sadiq Fikrət,Sadıq Fikrət.

Hər Fikrətin

Bir fitrəti

Bir ibrəti

Bir vətəndi.

Sözlərinin hər hecası,

Hər bir hərfi

İlahiyə sevgidəndi.

İnsanlığın xilasına

Uçan sözlər

Dillərindən uçdu bir gün.

Onlar sevgi işığıtək

Doğulublar bəşər üçün.

Uca Fikrət,Qoca Fikrət.

Sadiq Fikrət,Sadıq Fikrət.

Hər iki Fikrət dühası

Sabaha sevgi dünyası.

Biri müdrik qaya kimi

Qoca uca.

Biri Gündən- Aya kimi

Sadiq getdi yol boyunca.

Şerimizdə qoşa qanad

Arzu ,Murad

Hər birisi

Bir istedad,

Hər birisi əsl ustad

Uca Fikrət- Qoca Fikrət.

Sadiq Fikrət- Sadıq Fikrət.

Allahım neyləyim ki

Bu qanmazlar qansın deyən

Pir oğlu pir.

Səbir

Səbir

Səbir!!!

Gör nə gözəl cavab verib

Sadiq Fikrət

Əslində,əslində əslində deyil

Əslində əsli bir mislində deyil

Bəli bir mislində deyil əslində

Bu iki Fikrətin hər sətrində

İnsan - insanlıq.

.

Birin üzdən görəmmədim,

Biriylə kəlmə kəsmişəm.

Birin yaxşı tanıyıram

Üzü qoca

Qəlbi uşaq məsumluğu.

Saçındakı dümağ rəngin

Dibindəydi həyat onda.

Ona elə öyrəşmişdim,

Mənim kimi uşaq idi,

Qəlbən o da.

O qəlbinin dərinliyin

Gözləriylə göstərirdi.

Hər kəlməsi, bir mətnlik,

Dərs verirdi.

Bu dünyaya çox Fikrətlər gəlib gedib,

Qoca kimi qoca gəlməz,

Sadıq kimi Sadiq gəlməz.