Elnur Uğur Abdiyev - Hərdən olur...

Ədəbiyyat 08:30 / 10.09.2025 Baxış sayı: 2103

Hərdən olur,

Alışırsan təkliyinə.

Ürəyinin çəkdiyinə

Qol çəkməyir həyat özü.

Film kimi an içində,

Gün içində illər ötür.

Qocalmış xatirələrin,

Əllləri əsanı öpür.

Hərdən olur,

Uzanırsan öz kölgənə.

Çölündən yağır içinə

Tənhalığın yağışları.

Hərdən dən- dən baxışları

Səpirsən o xəyalında.

Ac anların çöl quşları

Dimdiyində dəni alır.

Hər o dəndə səni alır.

Təkliyindən çıxır adam

Yerində tənhalıq qalır.

Hərdən olur anlamayır

Səni heç kim.

Dərdə bax ki,

Burda heç kim olur hamı

Hərdən olur tanımırsan

İçindəki o adamı!