Ələsgər ƏLİOĞLU  NEYLƏSİN

Ədəbiyyat 10:09 / 15.03.2025 Baxış sayı: 562

 

Əgər bəxtin ensə üzü aşağı,

Arxasınca sən ha atıl, ha şığı...

Taleyinin haqdan sönsə işığı,

Buna şam neyləsin, çıraq neyləsin?

 

Acgöz olan varı, yoxu seçməsə,

Əməlini yüz yol ölçüb-biçməsə,

Boğazından halal tikə keçməsə,

Axı diş neyləsin. damaq neyləsin?

 

Eləsi var gəzər kişi sayağı,

Himcimlədi qaşı, gözü, qulağı...

Qeyrətsiz kəs yerə vursa papağı,

Papaqçı neyləsin, papaq neyləsin?

 

Qızıldan da qoysan əgər baş tacı,

Yaxşılıqdır yenə onun əlacı...

Gövdəsindən tutub kəssən ağacı,

Yarpaq hara qaçsın, budaq neyləsin?

 

Dünya çox qarışıb,sən ay ürək, döz,

Qurumuş bir ağac heç tutarmı göz...

İçindən gəlmirsə beşcə kəlmə söz,

Buna yazıq qələm, varaq neyləsin?

Əlioğlu,haqqı əl-əl axtarar,

Yollar yorar ,orman keçər, çay yarar...

Bir gün əcəl səni çəkib aparar,

Üstündə gəzdiyin ayaq neyləsin!?