Əbülfət Mədətoğlu : - Kitablaşan yuxularım...

Ədəbiyyat 08:03 / 25.02.2024 Baxış sayı: 2875

 

Sən yuxuma qor səpmisən qovrulur

Tüstüsü də üzərliyi andırır...

Bu yuxunun külü elə sovrulur -

Zərrəsi də ürəkləri yandırır...

 

Düşünməki nəm çəkəndi yastığım,

Mən üzümü şəkil üstə qoyuram...

Səhərəcən ürəyimə yazdığım -

Misraları yaddaşıma oyuram...

 

Gecələri mənimlədi səsin də

Hakimisən yaşadığım hər anın...

Mən ömrümü bir Məhəbbət dərsində -

İmtahandan keçirirəm inanın!..

 

...Min cilidlik bir kitabdı bəllkə də

Sənlə keçən məqamlarım yuxuda!

İnsafa gəl, çəkilib bir kölgədə -

O kitabın bir vərəqin oxu da!