Coşqun  Xəliloğlu -  Qəlblərdə yaşayır hər zaman Vaqif.

Ədəbiyyat 13:00 / 13.03.2026 Baxış sayı: 96

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan igidlərimizdən biri – əmim oğlu, İbrahimov Vaqif Əziz oğlu 05 may 1973-cü ildə Ucarın Bərgüşad kəndində anadan olmuşdur.

23 mart 1994-cü ildə hərbi xidmətə çağırılmış, 12 may 1994-cü il tarixində - xidmətinin 49-cu günü Tərtər rayonunun Seysulan kəndində şəhid olmuşdur. Nəşi götürülməmişdir. Vaqif subay idi.

 

Dünyaya nə olub, qaşını çatıb,

Hərəni o yana, bu yana atıb,

Əbədi cənnətdə uyuyub, yatlb,

Heç vaxt qocalmayan, cap-cavan Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Torpaq –namus üçün canından keçdi,

Mərdliyi özünə əqidə seçdi,

Yağını məhv etdi, düşməni biçdi,

Qorxmaz, cəsarətli bir oğlan Vaqif,

 

Qəlblərdə yaşayır hər zaman Vaqif.

Kənddə tanınırdı mərifətiylə,

Seçilib sevildi, ləyaqətiylə,

Orduda fərqləndi, şücaətiylə,

Dostları söylərdi, “Qəhrəman Vaqif”,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Yeddi uşaqdan o, beşinci idi,

Gözəl bir ailənin sevinci idi,

Ocağın istisi, həm gücü idi,

Çalışar, durmazdı, bircə an, Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Atası Əziz tək, halal yoldaydı,

Biz nə gözləyirdik, fələk nə saydı,

Şəhidlik tanrıdan qismətdi, paydı,

Sənə bəxş eylədi, Yaradan, Vaqif

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Torpaq ala bilməz şərəfsiz, qorxaq,

Şəhidin qanıyla qayıtdı torpaq,

Necə də doğrudur, biz, belə yazsaq,

“Vətənə bəxş etdi, şirin can, Vaqif”,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

İnsan müdrikləşir lap bircə anda,

Vuruşdu mərdliklə, o, Seysulanda,

İndi tanıyırlar onu, hər yanda,

Düşməni qorxudan, sarsıdan Vaqif,

 

Qəlblərdə yaşayır hər zaman Vaqif.

Şərəf kitabına yazdı adını,

Hünərlə ucaltdı, Bərgüşadını,

El də unutmayır öz övladını,

Xatırlanır, hər gün, anbaan, Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

O, haqq savaşında getdi cənnətə,

Nankor qonşuları gəlsin lənətə,

Onlar layiqdirlər, yalnız nifrətə.

Çox şükür, oldular lap talan, Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Gəlin, unutmayaq, biz şəhidləri.

Vətən oğlu olan mərd igidləri,

Bunu təsdiq etsin, haqq şahidləri,

Dağıldı yurdumdan çən-duman, Vaqif

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Vaqif, gec yazıram, məni bağışla,

Qəlbimdə yerin var, qızıl naxışla,

Oxucum, tanış ol, sən də alqışla,

Düşmənə vermədi, heç aman Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

10.03.2022.