Dəyanət Osmanlı - 20 yanvar anısı

Ədəbiyyat 13:00 / 19.01.2026 Baxış sayı: 1670

 

Hər axşam

bu nimdaş küçədə

telefon köşkünün rəngi

20 yanvarın qara qanı tək

qırmızı günləri yada salır.

Bir gecənin içində

qəfil qara boyandı

sevindiyimiz bayramlar...

Kasıb bir rəssam

boyalı tablosunu satır

o qırmızı günlərin.

O qara-qırmızı günlər

yağışın zümzüməsi altında islanmış

bayrağın boynuna bağlanmış

qara zolaqlı məktəbli bantıdır.

O telefon köşkünə baxan evin

pəncərəsi də sınmış.

Gecələr məhəccərdə

ağır-ağır işıldayan lampa

tükənmiş ana umudunu

həzin-həzin yandırır...

(1990)