Bəhmən Vətənoğlu - Yazığım gəlir

Ədəbiyyat 10:30 / 18.09.2025 Baxış sayı: 2355

 

Dünya kiminə kef, kiminə dəhşət,

Bunları qanana yazığım gəlir.

Duyub düşündükcə ömrün sonunu,

İnsanam, insana yazığım gəlir.

 

Dövran təzələdi yenə dərdimi,

Saz nədir bilməyən tərpədir simi,

Bir ağılsız naşı, qəvvaslar kimi

Düşəndə ümmana yazığım gəlir.

 

Ömür yollarında ağardı birçək,

Ay ellər, atalar alimdi gerçək:

Cüt olsa milçək də qalib gələcək,

Tək olan aslana yazığım gəlir.

 

Xilqətin sirrini duya bilmirəm,

Hər sözü aşikar deyə bilmirəm,

Niyə sızıldayır, niyə - bilmirəm,

Naləli kamana yazığım gəlir.

 

Gözümdən yaş axır üzümə dən-dən,

Aman, ay ayrılıq, olmayaydın sən.

Bir ölüm yaxşıdı sevilməməkdən,

Tale'siz cavana yazığım gəlir.

 

İgid ər adlanar qeyrət olanda,

Üzdə həya olar ismət olanda,

Dilbilməz nadana qismət olanda

Əhli-hal canana yazığım gəlir.

 

Bir an çatılmazmı qaşı ovçunun?

Axmazmı gözündən yaşı ovçunun?

Dəyəndə gülləsi naşı ovçunun

Yaralı ceyrana yazığım gəlir.

 

Dövrün gərdişinə uya bilməyib,

Qəlbindən qubarı yuya bilməyib,

Eşqini kimsəyə deyə bilməyib

Gizlincə yanana yazığım gəlir.

 

Zalım zaman kimi etdi bəxtiyar?

Ürəklərdə kədər, həsrət, intizar.

Aman, Allah, dağlar boyda dərdi var,

Bəhməntək ozana yazığım gəlir.