Ayaz Arabaçı - Oxunmur, oxunmur, oxunmur şeir.
Görən doğrudanmı oxunmur şeir..
Məmməd Araz..
Ay ustad,
Sözü hər ayağa çul eləyəndə,
Fəxri ad, ev, maşın, pul eləyəndə
Hansısa alçağa qul eləyəndə,
Oxunmur, oxunmur, oxunmur şeir.
Durna qataritək düzülməyəndə,
Xalqın ağrısına üzülməyəndə,
Qəlbinin odundan süzülməyəndə,
Oxunmur, oxunmur, oxunmur şeir.
Mənfəət güdürsə, xeyir pusursa,
Tərifə güc verib yalan qusursa,
Haqqa kor olursa, zülmə susursa,
Oxunmur, oxunmur, oxunmur şeir.
Kimə xoş gəlir ki, qarğanın səsi,
Çoxu tale sayır bu boş həvəsi,
İçində yoxdusa Tanrı nəfəsi,
Oxunmur, oxunmur, oxunmur şeir.
Dönmürsə ağzında alova-közə,
Özünü milçəktək soxursa gözə,
Üsyan eləmirsə kəbinli sözə,
Oxunmur, oxunmur, oxunmur şeir.
Əynini-başını şərdən geyirsə,
Minbərdən min türlü yalan deyirsə,
Şeytanla bir qabdan yemək yeyirsə,
Oxunmur, oxunmur, oxunmur şeir.
Tüpür, süjetinə, fabulasına,
Tüpür obrazına, ampluasına,
Sahibi dönürsə əl tulasına.
Oxunmur, oxunmur, oxunmur şeir.
Hökm deyildir ki, onda ah olsun,
Şərt odu, söz özü padişah olsun,
Qanında millətə sevgi yoxdusa,
İstəyir yazanı lap Allah olsun,
Oxunmur, oxunmur, oxunmur şeir.